Lənkəran-Astara məktəbliləri SAF 2025-də uğurla iştirak ediblər
Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalında (SAF 2025) Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə 14 komanda iştirak edib.
"Azərbaycan müəllimi"nə LARTİ-dən verilən məlumata görə, Lənkəran rayonu Boladi kənd Nahir Axundov adına 1 nömrəli tam orta məktəbin “Boladi 1” adlı komandası bürünc medal alaraq lll yerə layiqli görülüb.
Lənkəran rayonunun Xanbulan kənd tam orta məktəbinin Supernova komandası isə "Gələcəyin mühəndisləri" kateqoriyası üzrə "Ən yaxşı dizayn" nominasiyasının qalibi olub.
Lənkəran şəhər T.Bayraməlibəyov adına 2 nömrəli tam orta məktəbin “No Name” komandası "RoboSoccer" kateqoriyası üzrə 2-ci yerin, Lənkəran şəhər Azər Məhərrəmov adına 7 nömrəli tam orta məktəbin “Goaltron” komandası isə eyni kateqoriya üzrə "Participant" nominasiyasının sahibi olub.
Astara rayonu Deqadi kənd tam orta ümumtəhsil məktəbinin informatika və STEAM müəllimi Nemət Tarverdiyevin rəhbərlik etdiyi 2 komanda da festivalda uğurla təmsil olunub. “EcoTear” komandası "VidX: AI Motion Challenge" kateqoriyası üzrə, “Bolt” komandası "Fast and Furious" kateqoriyası üzrə bürünc medal qazanaraq 3-cü yeri qazanıb.
Astara rayonu Qapıçıməhəllə kənd ümumi orta məktəbinin coğrafiya və STEAM müəllimi Vüsalə Rüstəmovanın rəhbərlik etdiyi 2 komanda da festivalda uğur qazanıb. "Rolling Minds" kateqoriyası üzrə “Brain Sparks” komandası (Z.Ə.Əhmədzadə adına Pensər kənd 2 saylı tam orta məktəb-lisey) bürünc medal qazanaraq 3-cü yerə layiq görülüblər.
Bu komanda həmçinin 32 komanda arasında “Friendly Team” nominasiyasının da qalibi olub.
"CubeSat" kateqoriyası üzrə Cky Coders komandası (Ə.Əliyev adına Qapıçıməhəllə kənd ümumi orta məktəbi) "STEAM" nominasiyasına layiq görülüb.
Qeyd edək ki, 17-19 noyabr tarixində Bakı Ekspo Mərkəzində SAF 2025 Beynəlxalq STEAM Azərbaycan Festivalı keçirilib.
Festivalda 18 kateqoriya üzrə ümumilikdə 25 xarici ölkə, 3000 komanda,15000 iştirakçı iştirak edib.



