Maliyyə-İqtisad Kollecinin məzunları 40 il sonra bir araya gəliblər
UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin 1986-cı il məzunları təhsil ocağında bir araya gələrək məzun olmaqlarının 40 illik yubileyini qeyd ediblər.
"Azərbaycan müəllimi" xəbər verir ki, Azərbaycan Maliyyə-İqtisad Kollecinin 1986-cı il məzunlarının iştirakı ilə keçirilən yubiley tədbiri uzun illər sonra keçmiş tələbə yoldaşlarını yenidən bir araya gətirib.
Görüş çərçivəsində kollecin keçdiyi inkişaf yolu, təhsil ənənələri, məzunların peşə fəaliyyətində qazandıqları uğurlar və gənc nəslin yetişdirilməsində təhsil müəssisəsinin rolu müzakirə olunub. Tədbir iştirakçıları tələbəlik illərinə dair xatirələrini bölüşərək kolleclə bağlı unudulmaz anları yenidən yad ediblər. Tədbirdə UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin direktoru, h.f.d.,dos. Davud Davudov çıxış edərək məzunları yubiley münasibətilə təbrik edib.
O, kollecin müxtəlif illərdə yetişdirdiyi məzunların ölkənin iqtisadi, maliyyə və dövlət idarəçiliyi sahələrində mühüm rol oynadığını vurğulayaraq təhsil müəssisəsinin məzunları ilə qürur duyduğunu bildirib. Tədbirdə həmçinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Elmi-analitik sektorunun müdiri, dövlət qulluğunun müşaviri, h.f.d., Mahir Məmmədov çıxış edib.
O, təhsil illərinin insan həyatında xüsusi əhəmiyyət daşıdığını qeyd edərək məzunlar arasında əlaqələrin qorunmasının və belə görüşlərin keçirilməsinin cəmiyyət üçün mühüm mənəvi dəyər olduğunu diqqətə çatdırıb. Çıxışlarda qeyd olunub ki, Azərbaycan Maliyyə-İqtisad Kolleci uzun illər ərzində ölkənin müxtəlif sahələri üçün peşəkar kadrların hazırlanmasına mühüm töhfələr verib.
Məzunlar isə kollecdə qazandıqları bilik və bacarıqların onların gələcək həyat və karyeralarında mühüm rol oynadığını vurğulayıblar. Tədbirin sonunda hər bir məzun Fəxri Fərmanla təltif olunub. Tədbir çərçivəsində xatirə şəkilləri çəkdirilib, tələbəlik illərinə aid xatirələr bölüşülüb və 40 illik yubiley münasibətilə məzunlara xoş arzular çatdırılıb. Görüş iştirakçıları bu cür tədbirlərin ənənəvi xarakter almasının vacibliyini qeyd edərək gələcəkdə də bir araya gəlmək istədiklərini bildiriblər.



