Maraqlı dərs, davamlı öyrənmə – Müəllimin pedaqoji gündəliyindən
Tədris proqramının modernləşdirilməsi yalnız məzmunun yenilənməsi ilə məhdudlaşmamalıdır. O, şagirdlərin dərs prosesində fəal iştirakını təmin edən, gələcəkdə uğur qazanmaq üçün zəruri bacarıqları, özünəinamı və yaradıcılığı inkişaf etdirən yanaşmaları da əhatə etməlidir.
Rəqəmsal tədris proqramına keçidlə birlikdə bu mövzu ölkəmiz üçün də aktuallaşıb. Uşaqların dərsə marağını artırmaq və öyrənmələrini asanlaşdırmaq üçün müxtəlif həll yolları mövcuddur. Bu həllərdən biri də oyunəsaslı öyrənmədir. Bu yanaşma rəqəmsal tədris proqramının üstünlüklərindən səmərəli istifadə etmək üçün xüsusilə əlverişlidir.
Oyunəsaslı öyrənmənin əsas konsepsiyası təkrarlama, uğursuzluq təcrübəsi və hədəfə çatmaq yolu ilə öyrənməyə əsaslanır. Video oyunlar da məhz bu prinsip üzərində qurulur. Oyunçu ən sadə səviyyədən başlayır və daha çətin mərhələlərdə uğur qazanana qədər eyni prosesi təkrar edir. Bu proses zamanı əvvəlcə bacarıq formalaşır, sonradan isə həmin bacarıq vərdişə çevrilir. Yaxşı planlaşdırılmış və düzgün dizayn edilmiş oyunlar kifayət qədər çətin olsa da, oyunçunun uğur qazanmasına kömək edəcək ipucları ilə zəngin olur.
Oyunəsaslı öyrənmə də eyni prinsip əsasında tədrisdə tətbiq edilir. Şagirdlər müəyyən məqsədə doğru irəliləyir, müxtəlif qərarlar qəbul edir və bu qərarların nəticələrini yaşayırlar. Onlar düzgün həll yolunu passiv şəkildə dinləməklə deyil, fəal şəkildə araşdıraraq öyrənir və tətbiq edirlər. Beləliklə, passiv öyrənmə aktiv öyrənmə ilə əvəz olunur.
Uçuş simulyatorları oyunəsaslı təlimin effektivliyini göstərən ən yaxşı nümunələrdən biridir. Pilotlar hazırlıq prosesində uçuş simulyatorlarından istifadə edir, qarşılarına qoyulan konkret hədəflərə nail olana qədər məşq edirlər. Bu yanaşma yalnız mühazirələr və nəzəri biliklərlə kifayətlənməkdən daha səmərəli nəticə verir.
Şagirdlər oyunəsaslı öyrənmə zamanı çox vaxt sadəcə oyun oynadıqlarını düşünürlər. Halbuki, oyunun öyrənmə vasitəsinə çevrilməsi ciddi planlaşdırma tələb edir. Bu proses tədris proqramı və təlim standartlarının müəyyənləşdirilməsi ilə başlayır. Oyunun hazırlanmasına başlamazdan əvvəl onun tədris məqsədlərinə və sinifdəki şagirdlərin xüsusiyyətlərinə uyğunluğu qiymətləndirilməlidir.
Oyunəsaslı öyrənmə şagirdlərin öyrənməyə yanaşmasını dəyişdirməklə yanaşı, öyrənmə prosesinin özünü də fərqli şəkildə təşkil edir. Əsas məqsəd şagirdlərin öyrənmə prosesindən zövq almalarını təmin etməkdir.
Şagird oyunəsaslı öyrənmə yolu ilə öyrəndikcə materialı daha yaxşı mənimsəyir və bu, əldə olunan biliklərin uzunmüddətli yadda saxlanılmasına kömək edir. Fərqli öyrənmə üslublarına malik şagirdlər üçün də bu yanaşma maraqlı və cəlbedici olur. Oyunlar müxtəlif fənlərin məzmununu vahid fəaliyyət daxilində birləşdirərək çoxşaxəli öyrənmə mühiti yarada bilir.
Bundan əlavə, oyunlar şagirdlərə yeni üsulları sınamaq imkanı verir. Onlar oyun mühitində uğursuz olduqda, yenidən cəhd edə, səhvlərindən nəticə çıxara və öz bacarıqlarını inkişaf etdirə bilirlər. Əzbərləməyə əsaslanan ənənəvi təhsil yanaşmasından fərqli olaraq, oyunəsaslı öyrənmə şagirdlərə təcrübə, sınaq və səhv yolu ilə daha səmərəli öyrənmək imkanı yaradır.

Gülər Bayramova,
Cəlilabad şəhər Z.Əliyeva adına 7 nömrəli tam orta ümumtəhsil məktəbin ibtidai sinif müəllimi
Bu yazı “Azərbaycan müəllimi” qəzeti və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının həyata keçirdiyi “Müəllimin pedaqoji gündəliyi” layihəsi çərçivəsində dərc olunur.




