Süni intellekt dövründə ixtisas seçimi: Gələcəyin peşəsini necə seçməliyəm?

11 Avqust, 2026 - 11:06
Süni intellekt dövründə ixtisas seçimi: Gələcəyin peşəsini necə seçməliyəm?

Avqust ayı minlərlə abituriyent və onların ailələri üçün ilin ən məsuliyyətli dövrlərindən biridir. İmtahan nəticələri məlum olduqdan sonra əsas sual yalnız “hara qəbul ola bilərəm?” olmamalıdır. Daha vacib sual budur: “Mən hansı sahədə gələcəyimi qura bilərəm?”

İxtisas seçimi ilk baxışda texniki prosedur kimi görünür: nəticəyə baxılır, əvvəlki illərin keçid göstəriciləri nəzərdən keçirilir, uyğun ixtisaslar sıralanır. Əslində, burada söhbət sadəcə hansı universitetə və ya ixtisasa qəbul olmaqdan getmir. Gənc bu seçimlə gələcək peşə istiqamətini, daxil olacağı sosial və intellektual mühiti, özünü hansı sahədə inkişaf etdirəcəyini, hətta müəyyən mənada gələcək həyat tərzini formalaşdırır. Bu baxımdan ixtisas seçimi bir neçə illik təhsil qərarından daha çox, uzunmüddətli həyat trayektoriyasının başlanğıcıdır.

Bu səbəbdən yalnız bala əsaslanmaq kifayət etmir. Yüksək nəticə müəyyən ixtisasa qəbul imkanı yaradır, amma doğru seçim üçün maraqlar, qabiliyyətlər, düşünmə tərzi və gələcək gözləntiləri də nəzərə alınmalıdır.

Burada yeni bir reallıq da var: bugünkü abituriyent dörd-beş ildən sonra hər gün yenilənən və sürətlə dəyişən əmək bazarına daxil olacaq. Süni intellekt hüquqdan təbabətə, təhsildən maliyyəyə, jurnalistikadan mühəndisliyə qədər bir çox sahədə işin məzmununu dəyişir. Standart və təkrarlanan iş proseslərinin bir hissəsi avtomatlaşdırılır, eyni zamanda yeni peşə və ixtisaslaşma istiqamətləri meydana çıxır. Bu proses universitet seçiminə münasibəti də dəyişməlidir.

Artıq əsas məsələ məzun olduqdan sonra iş və karyera baxımından hansı peşənin daha etibarlı və təminatlı olduğunu seçməkdən çox, gəncin dəyişən əmək bazarına uyğunlaşmaq və özünü davamlı yeniləmək bacarığıdır. Buna görə seçim zamanı belə bir sual xüsusilə əhəmiyyətlidir: “Bu təhsil mənə gələcək dəyişikliklərə uyğunlaşmaq bacarığı verəcəkmi?”

Gələcəyin əmək bazarında peşə biliyi ilə yanaşı analitik və tənqidi düşüncə, rəqəmsal savadlılıq, süni intellekt alətlərindən düzgün istifadə, xarici dil, problem həll etmə, komanda işi və yeni bilikləri sürətlə mənimsəmə qabiliyyəti ön plana çıxacaq.

Süni intellekt başqa bir mühüm dəyişiklik də yaradır. İnformasiyaya çıxış asanlaşdıqca məlumatı sadəcə bilmək əvvəlki qədər üstünlük yaratmır. Məlumatın etibarlılığını qiymətləndirmək, onu müqayisə etmək, düzgün sual vermək və əsaslandırılmış nəticəyə gəlmək daha qiymətli bacarığa çevrilir.

Bu səbəbdən universitet seçərkən ixtisasın adı ilə yanaşı proqramın tələbəyə necə düşünməyi öyrətdiyinə də baxmaq lazımdır.
Tədris proqramı nə qədər müasirdir? Akademik heyətin elmi və peşəkar fəaliyyəti necədir? Tələbələr tədqiqat və real layihələrə cəlb olunurmu? Süni intellekt və rəqəmsal texnologiyalar tədris prosesinə hansı səviyyədə daxil edilib? Universitet əmək bazarındakı dəyişiklikləri nə dərəcədə izləyir?

Yaxşı universitet hazır məlumat ötürməklə kifayətlənməməli, tələbəyə müstəqil düşünməyi, məlumatı qiymətləndirməyi və yeni şəraitdə öz biliklərini yeniləməyi öyrətməlidir.

Əmək bazarı ilə əlaqə də mühüm göstəricidir. Universitet hansı müəssisələrlə əməkdaşlıq edir? Tələbələr harada təcrübə keçir? Məzunlar hansı istiqamətlərdə çalışırlar? Tələbə real layihələrdə iştirak edə bilirmi?

Abituriyentin özünə verəcəyi vacib suallardan biri budur: “Bu proqram mənə diplomla yanaşı hansı real bacarıqları qazandıracaq?”
Müasir əmək bazarında peşələr arasındakı sərhədlər getdikcə zəifləyir. Mühəndis sosial prosesləri anlamalı, sosioloq məlumat təhlilindən istifadə etməli, həkim rəqəmsal texnologiyaları bilməli, jurnalist süni intellekt alətləri ilə işləməklə yanaşı fakt yoxlama və informasiya etikası bacarığına sahib olmalıdır. Bu baxımdan ikinci ixtisaslaşma, əlavə sertifikat proqramları, xarici dil, beynəlxalq mübadilə və fərqli elm sahələrini birləşdirən kurslar da seçim zamanı nəzərə alınmalıdır.

Universitet seçimi eyni zamanda gündəlik həyatın seçimidir. Başqa şəhərdə təhsil alacaq gənclər yaşayış, yataqxana, kirayə, nəqliyyat və gündəlik xərcləri əvvəlcədən hesablamalıdırlar. Ödənişli təhsil seçilirsə, ailənin bütün təhsil müddətinin maliyyə yükünü realist qiymətləndirməsi vacibdir.

Ailələrin bu prosesdə rolu xüsusilə həssasdır. Azərbaycan cəmiyyətində ixtisas seçimi çox zaman ailənin ümumi qərarına çevrilir. Valideynlərin tövsiyəsi və təcrübəsi gənc üçün mühüm dayaq ola bilər. Bununla yanaşı, “bu qədər bal toplamısan, mütləq bu ixtisası seç”, “bizim ailədə hamı bu peşədədir” və ya başqaları ilə müqayisə kimi yanaşmalar gəncin maraq və qabiliyyətlərini kölgədə qoya bilər.

Ailənin əsas rolu gəncin məlumatlı, düşünülmüş və məsuliyyətli qərar verməsinə şərait yaratmaqdır. Son nəticədə həmin ixtisasda oxuyacaq, inkişaf edəcək və gələcək karyerasını quracaq şəxs gəncin özüdür.

Süni intellekt dövründə “prestijli peşə” anlayışına da daha ehtiyatla yanaşmaq lazımdır. Bu gün yüksək tələbat görən bir sahə bir neçə ildən sonra ciddi transformasiyaya uğraya bilər. Üstünlük dəyişikliklərə uyğunlaşan, öz sahəsini yeni texnologiyalarla birləşdirən, yaradıcılıq, empatiya, məsuliyyət və kompleks düşünmə kimi insani keyfiyyətlərini inkişaf etdirən mütəxəssislərdə olacaq.

Ona görə ixtisas siyahısı hazırlanarkən bir neçə sual xüsusilə vacibdir:

Mən hansı problemləri həll etməyə maraq göstərirəm?
Bu ixtisas mənə hansı bacarıqları qazandıracaq?
Beş il sonra bu sahə necə dəyişə bilər?
Seçdiyim universitet məni həmin dəyişikliklərə hazırlayırmı?
Süni intellekt mənim gələcək peşəmdə nəyi dəyişəcək və mən hansı xüsusiyyətlərimlə fərqlənəcəyəm?

Universitetə qəbul uzun bir yolun başlanğıcıdır. Bugünkü gəncin əsas vəzifəsi dəyişməyəcək bir peşə tapmaqdan çox, dəyişən dünyada özünü yeniləyə biləcəyi istiqamət seçməkdir.

Bu mənada ixtisas seçiminin ən vacib sualı belə səslənir:
“Dəyişən dünyada mən özümə necə bir gələcək qurmaq istəyirəm?”

Əbülfəz Süleymanlı
sosiologiya üzrə elmlər doktoru, Üsküdar Universitetinin Sosiologiya kafedrasının professoru