MDU-da narkomaniyaya qarşı maarifləndirici seminar keçirilib
Oktyabrın 16-da Mingəçevir Dövlət Universitetində (MDU) gənclər arasında narkomaniyanın qarşısının alınması, narkotik vasitələrin insan sağlamlığına və cəmiyyətə mənfi təsirləri barədə məlumatlılığın artırılması, eləcə də sağlam həyat tərzinin təşviqi məqsədilə maarifləndirici seminar keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, seminarın əsas məqsədi tələbələrin narkomaniyanın yaratdığı tibbi, hüquqi və sosial fəsadlar haqqında biliklərini genişləndirmək, onları zərərli vərdişlərdən uzaq durmağa təşviq etmək, sağlam düşüncə və məsuliyyətli davranış prinsiplərinin formalaşmasına dəstək olmaq, həmçinin gənclərin asudə vaxtlarının səmərəli təşkilinin əhəmiyyətini diqqətə çatdırmaq oldu.
Seminarda universitetin hüquqşünası Polad Atayev “Gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə” mövzusunda çıxış edərək narkotik vasitələrdən istifadəsinin doğurduğu hüquqi və sosial məsuliyyət, gənclərin zərərli təsirlərdən qorunmasında maarifləndirmənin rolu və profilaktik tədbirlərin əhəmiyyəti barədə məlumat verdi.
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşı Emin Şirəliyev “Narkotik vasitələrin cəmiyyətdə yaratdığı təhlükələr və qarşısının alınmasının profilaktik yolları” mövzusunda məruzəsində narkomaniyanın fərdlərə, ailələrə və bütövlükdə cəmiyyətə mənfi təsirlərindən bəhs etdi. O, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasında qabaqlayıcı tədbirlərin, hüquq-mühafizə orqanları ilə ictimaiyyət arasında əməkdaşlığın və gənclərin düzgün məlumatlandırılmasının vacibliyini vurğuladı.
MDU-nun müəllimi, hüquq üzrə fəlsəfə doktoru Hüseyn Əsgərov “Narkotik vasitələrin qanunsuz dövriyyəsinə, narkomaniyaya qarşı mübarizə aparan dövlət orqanları və onların fəaliyyət istiqamətləri” mövzusunda çıxış edərək bu sahədə dövlət siyasətinin əsas istiqamətləri, müvafiq qurumların səlahiyyətləri və narkotiklərlə mübarizənin hüquqi mexanizmləri haqqında iştirakçılara məlumat verdi. Məruzədə narkomaniyanın qarşısının alınmasında dövlət qurumlarının, təhsil müəssisələrinin və cəmiyyətin birgə fəaliyyətinin əhəmiyyəti ön plana çəkildi.
Universitetin müəllimi Gültəkin Knyazova isə “Sağlam həyat tərzinin təbliği, gənclərin təlim-tərbiyəsinə və məşğulluğuna, asudə vaxtlarının səmərəli təşkilinə şərait yaradılması” mövzusunda məruzə ilə çıxış etdi. O, gənclərin fiziki və psixoloji sağlamlığının qorunmasında idman, təhsil, yaradıcılıq və ictimai fəallığın rolundan danışdı, onların fərdi inkişafına və sosial mühitə fəal inteqrasiyasına dəstək verən təşəbbüslərin əhəmiyyətini diqqətə çatdırdı.
Seminar çərçivəsində keçirilən müzakirələrdə narkomaniyaya qarşı mübarizədə ailə, təhsil müəssisəsi və cəmiyyətin qarşılıqlı məsuliyyəti, erkən profilaktikanın əhəmiyyəti və gənclərin sağlam seçimlər etməsinə dəstək göstərilməsi məsələlərinə toxunuldu. İştirakçıları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparıldı.
Tədbirdə, həmçinin narkomaniyanın fəsadları və sağlam həyat tərzinin əhəmiyyətinə həsr olunmuş maarifləndirici videoçarx nümayiş etdirildi.
Tədbirin sonunda tələbələr arasında sağlam həyat tərzinin təşviqi və davranış risk amilləri barədə məlumatlılığın artırılması məqsədilə maarifləndirici materiallar və bukletlər paylanıldı. Materiallarda sağlam həyat tərzinin əhəmiyyəti, zərərli vərdişlərin qarşısının alınması və sağlamlığa mənfi təsir göstərən davranış riskləri ilə bağlı məlumatlar təqdim olunub. Bu təşəbbüs tələbələrin sağlamlıq məsələlərinə dair biliklərinin artırılmasına, profilaktik yanaşmanın təşviqinə və sağlam davranış vərdişlərinin formalaşdırılmasına yönəlib.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində bu istiqamətdə təşkil olunan maarifləndirici tədbirlər tələbələrin sağlamlığının və sosial rifahının qorunmasına, təhlükəsiz və inklüziv təhsil mühitinin gücləndirilməsinə, eləcə də gənclər arasında məsuliyyətli və sağlam həyat tərzinin təşviqinə xidmət edir. Universitet bu kimi təşəbbüslərlə sağlam, fəal və sosial məsuliyyətli gənc nəslin formalaşmasına, eyni zamanda cəmiyyətin dayanıqlı inkişafına töhfə verməyi hədəfləyir.




