Məktəbin həyətində meyvə bağı salındı - Biləsuvar müəllimindən maraqlı təşəbbüs  

13 Noyabr, 2026 - 17:16
Məktəbin həyətində meyvə bağı salındı

Müasir təhsil yalnız şagirdlərə nəzəri biliklərin öyrədilməsi ilə məhdudlaşmır. Bu gün tədrisin əsas məqsədlərindən biri də uşaqlarda yaradıcı düşüncə formalaşdırmaq, onları araşdırmağa, yeni ideyalar irəli sürməyə və öyrəndiklərini praktikada tətbiq etməyə təşviq etməkdir. Bu baxımdan yenilikçi yanaşması və fərqli tədris metodları ilə seçilən müəllimlərin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.

Biləsuvar şəhər Texniki fənlər təmayüllü internat tipli məktəb-liseyin texnologiya müəllimi Məmmədtağı Kazımov da pedaqoji fəaliyyətində məhz bu prinsipləri rəhbər tutur. O, tədris prosesində nəzəri biliklərlə praktiki bacarıqların vəhdətinə xüsusi önəm verir, beynəlxalq təcrübənin imkanlarından yararlanaraq məktəbdə innovativ layihələrin həyata keçirilməsinə, şagirdlərin yaradıcı potensialının üzə çıxarılmasına və onların texniki-tətbiqi bacarıqlarının inkişafına töhfə verir.

"Azərbaycan müəllimi" Məmmədtağı Kazımovun innovativ tədris yanaşması, beynəlxalq təcrübəyə əsaslanaraq məktəbdə reallaşdırdığı layihələr, eləcə də şagirdlərin yaradıcılıq imkanlarının genişləndirilməsi və praktik bacarıqlarının inkişafı istiqamətində gördüyü işlərlə oxucuları tanış edir. 

İsraildə öyrəndiklərini Biləsuvarda tətbiq etdi

20 ildir pedaqoji fəaliyyətlə məşğul olan Məmmədtağı müəllim texnologiya dərslərini sinif otağının hüdudlarından kənara çıxararaq şagirdləri müxtəlif praktik layihələrə cəlb edir. Məktəbin həyətində yaratdığı meyvə bağı, şagirdlərlə hazırladığı texniki maketlər və digər yaradıcı işlər onun bu yanaşmasının nümunələridir.

Müəllimin innovativ tədris metodlarına marağının inkişafında dörd il əvvəl Təhsil İnstitutunun təşkilatçılığı ilə “İnnovativ Məktəb” layihəsi çərçivəsində İsrail səfərində əldə etdiyi təcrübə olub. O, cənub bölgəsində çalışan çoxsaylı texnologiya müəllimləri arasından seçilərək bu səfərə qatılıb. Və bu seçimi həm böyük qürur, həm də məsuliyyət kimi qiymətləndirir.

Səfər zamanı müəllimin diqqətini ən çox İsrail məktəblərində dərslərin praktiki əsaslarla qurulması və şagirdlərin sərbəst düşüncəsinə verilən önəm cəlb edib. Texnologiya dərslərində uşaqlar hazır bilikləri mənimsəməklə kifayətlənmir, real həyat problemlərini araşdırır, yaradıcı həll yolları axtarır və öz ideyalarını həyata keçirirdilər. Müəllim isə bu prosesdə onlara istiqamət verən bələdçi rolunu oynayırdı.

Məmmədtağı Kazımov həmin səfərdə öyrəndiklərini Azərbaycana qayıtdıqdan sonra çalışdığı məktəbdə tətbiq etməyə başlayıb. Onun əsas məqsədi texnologiya dərslərini nəzəri biliklərlə məhdudlaşdırmamaq, şagirdlərə öyrəndiklərini real həyatda sınamaq imkanı yaratmaq olub.

Bu yanaşmada şagirdlər qarşıya çıxan problemi araşdırır, iş planı hazırlayır, həll yolları müəyyənləşdirir və nəticəni öz əməkləri ilə əldə edirlər. Beləliklə, dərslər yalnız bilik qazanmaq deyil, həm də yaradıcılıq, müstəqil qərarvermə və komanda işi bacarıqlarını inkişaf etdirmək vasitəsinə çevrilir.

Məktəbin həyətində salınan bağ bəhrəsini verdi

İsraildə tanış olduğu müasir aqrotexnologiyalar və ekoloji layihələr Məmmədtağı müəllimdə məktəbin həyətində meyvə bağı salmaq ideyası formalaşdırıb. O, bu təşəbbüslə texnologiya dərslərini canlı laboratoriyaya çevirməyi və şagirdlərə müasir əkinçilik üsullarını praktik şəkildə öyrətməyi qarşıya məqsəd qoyub.

Bununla bağlı hazırladığı layihənin həyata keçirilməsi zamanı damcı suvarma sistemindən və müasir aqrotexniki üsullardan istifadə olunub. Torpağın əkinə hazırlanması, suvarma sisteminin qurulması və şitillərin yerli iqlimə uyğunlaşdırılması müəyyən çətinliklər yaratsa da, məktəb rəhbərliyinin dəstəyi və şagirdlərin fəal iştirakı ilə işlər uğurla davam etdirilib.

Dörd il əvvəl əsası qoyulan təşəbbüs artıq real nəticələrini göstərir. Məktəbin həyətində əkilən müxtəlif meyvə ağacları bu il bol məhsul verməyə başlayıb. Ağaclara vaxtında qulluq göstərilməsi, suvarma rejiminin düzgün tənzimlənməsi və təbii gübrələmə üsullarından istifadə məhsuldarlığa müsbət təsir edib.

Müəllim üçün bu nəticə yalnız meyvə əldə etmək deyil, həm də şagirdlərə zəhmətin bəhrəsini əyani şəkildə göstərmək deməkdir.

Şagirdlər layihənin əsas iştirakçılarıdır

Bağın salınmasında şagirdlər sadəcə müşahidəçi deyil, bütün prosesin fəal iştirakçılarıdır. Onlar torpağın hazırlanmasından ağacların əkilməsinə, suvarma sistemlərinin qurulmasından budama və məhsul yığımına qədər müxtəlif mərhələlərdə iştirak edirlər.

Bu fəaliyyət uşaqlara müasir əkinçilik üsullarını öyrətməklə yanaşı, onlarda zəhmətə hörmət, təbiətə qayğı və kollektivlə işləmək bacarıqları da formalaşdırır. Öz əlləri ilə əkdikləri ağacların böyüdüyünü və məhsul verdiyini görən şagirdlər öyrəndiklərinin real nəticəsini müşahidə edirlər.

Məmmədtağı Kazımov hesab edir ki, uşağa hər hansı fənni sevdirməyin ən yaxşı yolu onun həyatda nə üçün lazım olduğunu göstərməkdir. O, dərslərində şagirdlərin ideyaları və təkliflərinə hörmətlə yanaşır, onlara yaratmaq və öz əlləri ilə nəsə hazırlamaq imkanı verir. Müəllimin fikrincə, şagird səhv etməkdən qorxmamalı, yeni ideyaları sınaqdan keçirməli və öz əməyinin nəticəsini görməlidir.

Müəllimin gələcək planları da yeni təşəbbüslərlə bağlıdır. O, məktəbin həyətindəki bağı genişləndirməklə yanaşı, şagirdlərlə birlikdə “Məktəbli bostanı”, “Gənc sahibkarlıq”, “Qış öncəsi quşlara qulluq” və “Payızda isti yuvalar” layihələrini həyata keçirməyi planlaşdırır.

Məktəbin həyətində meyvə bağı salındı
Məktəbin həyətində meyvə bağı salındı
Məktəbin həyətində meyvə bağı salındı
Məktəbin həyətində meyvə bağı salındı
Məktəbin həyətində meyvə bağı salındı
Məktəbin həyətində meyvə bağı salındı