MDU ilə AYNA arasında əməkdaşlıq memorandumu imzalanıb
2026-cı ilin 28 sentyabr tarixində Mingəçevir Dövlət Universiteti ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi arasında strateji tərəfdaşlıq və birgə fəaliyyətin əsaslarını müəyyən edən Əməkdaşlıq Memorandumu imzalanıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, MDU-nun Rektoru Anar Eminov və AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev tərəfindən imzalanan sənəd ali təhsil müəssisəsi ilə aparıcı dövlət qurumu arasında təhsil, elmi-tədqiqat, rəqəmsallaşma və dayanıqlı inkişaf sahələrində inteqrasiyanı dərinləşdirmək məqsədi daşıyır.
Strateji tərəfdaşlıq MDU-nun ətraf mühitin mühafizəsi, “yaşıl kampus” və ekoloji cəhətdən dayanıqlı ekosistemin formalaşdırılması prioritetlərinə tam cavab verir. Tərəflər “Yaşıl nəqliyyat” konsepsiyası çərçivəsində birgə layihələrin icrasını, karbon emissiyalarının azaldılması istiqamətində mütəmadi monitorinqlərin aparılmasını və ekoloji səmərəliliyin artırılması üzrə elmi əsaslandırılmış təkliflərin hazırlanmasını hədəfləyirlər. Bu addımlar regional və qlobal səviyyədə iqlim dəyişikliyi ilə kütləvi mübarizəyə və ətraf mühitə mənfi təsirlərin minimuma endirilməsinə mühüm töhfə verəcəkdir.
Memorandum tələbələrin nəzəri biliklərinin müasir istehsalat və idarəetmə prosesləri ilə inteqrasiyasına, eləcə də onların əmək bazarının tələblərinə uyğun rəqabətqabiliyyətli kadr kimi yetişməsinə imkan yaradır. Tərəfdaşlıq çərçivəsində AYNA-nın aparıcı mütəxəssislərinin MDU-da qonaq mühazirələri, ixtisaslaşdırılmış seminarlar və praktiki təlimlər keçirməsi nəzərdə tutulur.
Eyni zamanda, avtomobil yolları, körpü və tunel tikintisi, yol-nəqliyyat infrastrukturu və müasir yol şəbəkələrinin layihələndirilməsi sahəsində ən son texnologiyaların öyrənilməsi, ictimai nəqliyyatın inteqrasiyası və marşrutların optimallaşdırılması üzrə birgə tədqiqatların aparılması nəzərdə tutulur. Bu istiqamətlər universitetdə təlim-tədrisin keyfiyyətini və məzunların məşğulluq göstəricilərini yüksəltməklə akademik nüfuzun daha da güclənməsinə xidmət edəcəkdir.
Universitet-sənaye işbirliyinin bariz nümunəsi olaraq, MDU tələbələri və gənc tədqiqatçıları AYNA-nın rəqəmsal layihələrinə və innovativ təşəbbüslərinə cəlb olunacaqlar. Tərəflər süni intellekt texnologiyaları və iri həcmli məlumatların (Big Data) təhlili vasitəsilə ictimai nəqliyyatda sərnişin axınının öncədən qiymətləndirilməsi və optimallaşdırılması üzrə birgə elmi-praktiki işlər həyata keçirəcəklər. İctimai nəqliyyatda təhlükəsizlik, xidmət keyfiyyətinin artırılması və sərnişin məmnuniyyətinin ölçülməsi istiqamətində sosial-sosioloji tədqiqatların aparılması da tərəfdaşlığın mühüm tərkib hissəsidir.
Qeyd edək ki, bu tərəfdaşlıq MDU-nun regional innovasiya mərkəzinə çevrilməsi, dayanıqlı inkişaf prinsiplərini təhsil və tədqiqat prosesinə dərindən inteqrasiya etməsi və beynəlxalq reytinq sistemlərində mövqeyini daha da möhkəmləndirməsi yolunda növbəti uğurlu addımdır.




