Məktəb çantalarında nə daşıyırıq?

22 İyul, 2026 - 11:32
 Məktəb çantalarında nə daşıyırıq?

Hər tədris ilinin əvvəlində eyni mövzu yenidən gündəmə gəlir, eyni giley-güzarlar eşidilir: "Məktəb çantaları çox ağırdır, uşaqların beli bükülür, dərsliklər skolioza səbəb olur...". Bir valideyn kimi bu narahatlığı anlamaq çətin deyil. Amma bir müəllim kimi hər gün qarşımda əyləşən, gözlərini gözümə dikən onlarla şagirdi müşahidə edəndə reallığın tam fərqli olduğunu görürəm. Mən özümü sadəcə bir övlad anası deyil, hər gün saatlarla qayğısına qaldığım o onlarla uşağın da valideyni hesab edirəm. Məhz bu geniş valideynlik prizmasından baxanda cəmiyyətimizə bir sual vermək keçir ürəyimdən: Görəsən, o çantaları həqiqətənmi dərsliklər ağır edir?

Dərsliklər yüngülləşir, bəs çantalar?

Gəlin real faktlara nəzər salaq. Müasir təhsil sistemində dərsliklərin çəkisi getdikcə optimallaşdırılır. Artıq kitablar ildə iki dəfə dəyişir – birinci və ikinci yarımillik üçün dərsliklər ayrı-ayrı hissələrə bölünüb. Yəni dərsliklərdə gözlə görünən bir nazilmə və yüngülləşmə var.

Bizim oxuduğumuz dövrləri xatırlayaq: 100 vərəqli qalın dəftərlər, imla dəftərləri, qeyd dəftərləri, məşğələ vəsaitləri... Hamısını eyni vaxtda çantamıza yığıb, kilometrlərlə yolu piyada qət edərdik. Nə bizi məktəbə aparan şəxsi sürücülərimiz vardı, nə də bu gün tez-tez eşitdiyimiz onurğa problemləri bu dərəcə kütləvi idi. Bu gün isə uşaqların böyük qismi məktəb qapısına qədər maşınla gətirilir, yəni o çantanı çiyinlərində daşıdıqları məsafə minimuma enib. Deməli, problem dərsliklərdə və ya məsafədə deyil. Problem çantanı dolduran digər "ağırlıqlardadır".

Şan-şöhrət vərdişləri və süni rəqabət

Açığı deməkdən çəkinməməliyik: bu gün çantaları ağır edən, uşaqların gələcəyini quran o dərsliklər deyil, çantaları ağır edən bəzi valideynlərin şan-şöhrət, göstəriş xatirinə aldıqları aksesuarlardır. Bunlar içi lazımsız alətlərlə dolu böyük, ağır metal qələm qabları, üstü bəzəkli, böyük ölçülü, özü-özlüyündə bir çəki olan termoslar və su qabları, çantaların ciblərindən sallanan, dəb xatirinə asılan ağır oyuncaqlar və bəzəklərdir.

Uşaqlar arasında yaranan "onda var, məndə də olmalıdır" rəqabəti valideynləri məcbur edir ki, övladı kimdənsə geri qalmasın. Amma unuduruq ki, keçmişdə bizim nə bu qədər bəh-bəhli su qablarına, nə də xüsusi yemək qutularına ehtiyacımız var idi. Eyni 45 dəqiqəlik dərslər,eyni məktəb mühiti idi. Bu süni ehtiyacları və vizual rəqabəti uşaqların həyatına biz daxil etmişik və təəssüf ki, bunun bədəlini onların sağlamlığı ödəyir.

Kiçik bir sözün böyük möcüzəsi: “Sağlamlıq”

Bir müəllim kimi dərslərimdə kiçik, lakin çox təsirli bir təcrübə tətbiq edirəm. Tədris prosesinə heç bir maneə yaratmadan, sadəcə bir kəlmə – "Sağlamlıq!" sözünü səsləndirirəm. Şagirdlərim artıq bu sözə elə vərdiş ediblər ki, onu eşidən kimi dərhal onurğalarını düzəldir, dik oturur və dərslərinə daha gümrah davam edirlər. Bu, cəmi bir neçə dəqiqə çəkən, amma uşaqda bədən duruşu vərdişini formalaşdıran bir addımdır. Lakin bu, tək bir müəllimin cəsarəti, sevgisi və qayğısı ilə tam həll olunacaq məsələ deyil. Məktəb və valideyn bu yolda çiyin-çiyinə verməlidir.

Gəlin bir təcrübə aparaq

Buradan bütün valideynlərə çağırış edirəm: Gəlin bir təcrübə aparaq!
Övladlarımıza göstərişli, ağır və böyük çantalar deyil, sadəcə məktəbin verdiyi bilikləri daşıya biləcək funksional və yüngül çantalar seçək. Onlara ağır, bəzəkli aksesuarlar əvəzinə, sadə qələm qabları alaq. Çantanın çəkisini vizual rəqabət alətinə çevirməyək.
Unutmayaq ki, dərslik heç vaxt yük ola bilməz. Kitab insanı ağırlaşdırmır, əksinə, gələcəyə doğru qanadlandırır. Gəlin uşaqlarımızın çiyinlərindəki süni yükləri ataq ki, onlar gələcəyə daha dik, daha sağlam və daha inamlı addımlarla gedə bilsinlər!

Nurlana Əsgərova,
Sabirabad şəhəri Mikayıl Müşfiq adına 4 nömrəli tam orta ümumtəhsil məktəbin müəllimi