Məktəb direktorları ilə görüş olub
Dağlıq Şirvan Regional Təhsil İdarəsində Şamaxı rayonu üzrə ümumtəhsil müəssisələrinin direktorlarının iştirakı ilə 2026–2027-ci tədris ili üzrə Keyfiyyət Fəaliyyət Planının icrasına həsr olunmuş görüş keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, görüşdə hədəf siniflər və hədəf fənlər üzrə monitorinq və buraxılış imtahanı nəticələrinin təhlili, risk qruplarının müəyyənləşdirilməsi, Məktəb İnkişaf Planının hazırlanması, müəllimlərə metodiki dəstək, zəif nəticəli şagirdlər üçün əlavə akademik dəstəyin təşkili, şagird davamiyyətinə nəzarət, valideynlərlə əməkdaşlıq və fəaliyyətlərin icrası üzrə hesabatlılıq məsələləri müzakirə edilib.
Görüşdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir müavini Rahim Novruzov, Tədrisin keyfiyyəti sektorunun müdiri Cəmil Muradov, Şamaxı Rayon Təhsil Sektorunun müdiri Məsud Babayev və sektorun aparıcı məsləhətçisi Babalar Ağayev çıxış ediblər.
Çıxışlarda fəaliyyət planının əsas istiqamətləri, məktəb rəhbərliklərinin vəzifələri, icra mexanizmləri və hesabatlılıq tələbləri diqqətə çatdırılıb. Xüsusilə zəif nəticə göstərən şagirdlərin müəyyənləşdirilməsi, onlar üçün əlavə məşğələlərin təşkili, fərdi dəstək tədbirləri və nəticələrin davamlı izlənilməsi vurğulanıb.Çıxışlar zamanı həmçinin diaqnostik qiymətləndirmə və monitorinq nəticələrinin təhlili, dərsdinləmələr, müəllimlərə metodiki dəstək, davamiyyətə nəzarət və valideynlərlə əməkdaşlıq məsələlərinə də toxunulub. Görülən işlərin sənədləşdirilməsi, aylıq təhlillərin aparılması və tədbirlərin şagird nailiyyətlərinə real təsirinin qiymətləndirilməsi ilə bağlı tövsiyələr verilib. Görüşün əsas hədəfinin hər bir şagirdin təlim nəticələrinin yaxşılaşdırılması və məktəblərdə davamlı keyfiyyət inkişafının təmin edilməsi olduğu bildirilib.




