Məktəb əmlakının qorunmasına hər kəs məsuliyyətlə yanaşmalıdır - AGMA üzvü

15 Oktyabr, 2026 - 13:56
Məktəb əmlakının qorunmasına hər kəs məsuliyyətlə yanaşmalıdır

“Məktəbə ziyan vurmaq, əmlakını korlamaq, sinif otaqlarına, partalara və digər avadanlıqlara zərər yetirmək yolverilməzdir. Məktəb yalnız bilik aldığımız yer deyil, həm də şəxsiyyətimizin formalaşdığı, gələcəyimizin qurulduğu bir məkandır. Bu məkana hörmət etmək müəllimə, şagirdə, əməyə və gələcəyə hörmət etmək deməkdir. Hər kəs məktəb əmlakının qorunmasına məsuliyyətlə yanaşmalı, uşaqlara kiçik yaşlarından səliqə-sahman, qayğı və məsuliyyət hissi aşılanmalıdır”.

Bu fikirləri “Azərbaycan müəllimi”nə açıqlamasında Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) nəzdində fəaliyyət göstərən Gənc Tarix Müəllimləri Birliyinin sədri Əli Abdullayev bildirib.

Onun sözlərinə görə, məktəb əmlakının qorunmasına yalnız təhsil müəssisələrinin rəhbərliyi və müəllimlər deyil, hər kəs məsuliyyətlə yanaşmalıdır:

“Unutmayaq ki, məktəbi qorumaq təkcə rəhbərliyin və müəllimlərin deyil, hər birimizin borcudur. Məktəbimizi qoruyaq, ona ziyan vurulmasına laqeyd qalmayaq. Çünki məktəb bizim ümumi evimiz, gələcəyimizə açılan qapıdır”.

Ə.Abdullayev vahid məktəbli formasının tətbiqinə də münasibət bildirərək onun şagirdlərin sosial və psixoloji inkişafında mühüm rol oynadığını da qeyd edib:

“Vahid məktəbli formasını mən bir müəllim olaraq yalnız geyim məsələsi kimi deyil, təhsil mühitinin mühüm komponenti kimi qiymətləndirirəm. Pedaqoji baxımdan vahid məktəbli formasının bir neçə əsas təsiri var. İlk növbədə, sosial bərabərliyin təmin olunmasına kömək edir. Forma maddi vəziyyəti fərqli olan ailələrdən gələn uşaqlar arasında görünən fərqləri aradan qaldırır. Uşaq geyiminə görə deyil, biliyinə, davranışına və bacarığına görə qiymətləndirilməli olduğunu hiss edir. Bu, xüsusilə yeniyetməlik dövründə özünəinamın formalaşması baxımından çox vacibdir”.

Birlik sədrinin sözlərinə görə, vahid geyim qaydaları uşaqlarda məktəbə mənsubluq hissinin güclənməsinə, məsuliyyətli davranış vərdişlərinin formalaşmasına və təhsil mühitində təhlükəsizliyin qorunmasına da kömək edir:

“Digər tərəfdən, vahid forma şagirdlərdə məktəbə aidiyyət hissini və nizam-intizamı gücləndirir. Şagird özünü məktəb kollektivinin bir hissəsi kimi hiss edir. Səhər məktəbə hazırlaşmaq və müəyyən geyim qaydalarına əməl etmək uşaqlarda məsuliyyət və daxili intizamın formalaşmasına kömək edir. Vahid məktəbli formasının təhlükəsizlik və sağlam təhsil mühitinin yaradılmasında da əhəmiyyəti var. Forma məktəb mühitində kənar şəxslərin müəyyən edilməsini asanlaşdırır, diqqətin təhsil prosesinə yönəlməsinə kömək edir. Dəbdəbəli, rəqabət və nümayiş xarakteri daşıyan geyimlərin yaratdığı diqqətyayındırıcı amilləri azaldır”.

Ə.Abdullayev məktəbli forması və xarici görünüşlə bağlı müəyyən edilmiş tələblərə bütövlükdə yanaşılmasının vacibliyini də vurğulayıb:

“Əsas məqsəd hər hansı bir geyimi hədəfə almaq deyil, məktəbi bütün şagirdlər üçün təhlükəsiz, nizamlı və təhsilə yönəlmiş bir məkana çevirməkdir. Məktəbli formasına və xarici görünüşə dair tələblər də məhz bu məqsədə xidmət etməli, pedaqoji yanaşma, qarşılıqlı hörmət və ayrı-seçkiliyə yol verməmək prinsipləri əsasında tətbiq olunmalıdır”.