Məktəbli geyimini qəbul etməyənlərə tarixi cavab

13 Oktyabr, 2026 - 09:41
Məktəbli geyimini qəbul etməyənlərə tarixi cavab

Son günlər sosial şəbəkələrdə dini xarakterli geyim elementlərinin rəsmi qərarla qəbul edilmiş məktəbli formasına inteqrasiya edilməsi cəhdlərinə haqq qazandıran fikirlərə rast gəlinir. Bəzi müzakirələrdə isə bu yanaşmanı əsaslandırmaq üçün Hacı Zeynalabdin Tağıyevin 1901-ci ildə Bakıda açdığı qız məktəbinin tarixi fotolarına istinad olunur.

Lakin həmin fotoların çəkildiyi dövrün tarixi şəraiti və məktəbdə tətbiq edilən geyim qaydaları nəzərə alınmadan aparılan müqayisələr yanlışdır. Çünki Tağıyevin qız məktəbində şagirdlərin geyimi fərdi seçim əsasında deyil, məktəbin Hamilər Şurasının qəbul etdiyi qərarla müəyyənləşdirilmişdi.

Bəs 125 il əvvəl Tağıyevin qız məktəbində şagirdlər necə geyinirdilər? Onların geyimi hansı prinsiplər əsasında seçilmişdi və tarixi sənədlər bu barədə nə deyir?

Azərbaycan təhsil tarixində mühüm yer tutan Hacı Zeynalabdin Tağıyevin qız məktəbi 1901-ci ildə Bakıda fəaliyyətə başlayıb. İslam dininə sidq-ürəkdən bağlı bir şəxsiyyət olan Tağıyev qızların mədrəsə və mollaxanalarda təhsilə cəlb edilməsinə də tərəfdar ola bilərdi, lakin o, qızların məhz dünyəvi təhsil almalarının, cəhalət zəncirlərindən qurtulmalarının vacibliyini görürdü. 

Müsəlman qızların təhsilə cəlb edilməsi həm də məhz bu baxımdan dövrünün əlamətdar hadisələrindən biri olub.

Məktəbin arxiv fotolarında şagirdlər oxşar biçimli, baş örtüyü ilə tamamlanan ənənəvi geyimlərdə təsvir olunublar. Bu geyimlər təsadüfi seçilməmişdi. Onların forması və hazırlanması ilə bağlı xüsusi qərar mövcud idi.

Tarixi mənbələrə əsasən, 22 aprel 1901-ci ildə məktəbin Hamilər Şurasının iclasında şagirdlərin geyim forması ayrıca müzakirə edilib. Şura dövrün ictimai-mədəni xüsusiyyətlərini nəzərə alaraq Dağıstan qadınlarının ənənəvi geyimi əsasında hazırlanmış formanın tətbiqini məqsədəuyğun hesab edib.

Qərarda geyimin ümumi görünüşü ilə yanaşı, qış formasının qəhvəyi rəngdə olması, şagirdlər üçün nəzərdə tutulan geyimlərin sayı və hazırlanması kimi məsələlər də müəyyənləşdirilib.

Beləliklə, Tağıyevin qız məktəbində şagirdlərin geyimi fərdi zövqə və sərbəst seçimə buraxılmamış, məktəbin öz geyim standartı müəyyən edilmişdi.

Milli geyim ənənəsi məktəb formasına çevrilmişdi

Məktəbli formasının hazırlanmasında Qafqaz xalqlarının ənənəvi qadın geyimindən götürülən elementlər əsas rol oynamışdı. Bu seçim dövrün milli-mədəni xüsusiyyətlərini də əks etdirirdi.

Həmin dövrdə milli geyim ənənələri ilə dini adətlərin qarşılıqlı təsirini nəzərə almaq vacibdir. Bununla belə, tarixi fotolarda görünən baş örtülü geyimləri şagirdlərin fərdi qaydada seçdikləri dini geyim nümunəsi kimi təqdim etmək düzgün deyil. Çünki söhbət məktəbin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş vahid formadan gedirdi.

Geyim qaydaları məktəbin təşkilati sisteminin bir hissəsi idi

Tağıyevin qız məktəbinin yaradılmasında əsas məqsəd qızların təhsil imkanlarını genişləndirmək, onları savadlı və cəmiyyət həyatında fəal iştirak edə bilən şəxslər kimi yetişdirmək idi.

Bu məqsədlə məktəbin tədris proqramı, müəllim heyəti, şagirdlərin yaşayış və təhsil şəraiti əvvəlcədən planlaşdırılmışdı. Geyimlə təminat da məktəbin maddi və təşkilati fəaliyyətinin tərkib hissəsi idi.

125 illik fotoların xatırlatdığı tarixi fakt

Tağıyevin qız məktəbinin arxiv fotoları Azərbaycan təhsilinin, xüsusilə də qızların təhsil imkanlarının genişlənməsinin mühüm tarixi sübutudur. Bu fotoları tamamlayan sənədlər isə Azərbaycanda məktəbli geyiminin vahid qaydada müəyyənləşdirilməsi ənənəsinin qədim tarixə malik olduğunu göstərir.

Hələ 125 il əvvəl şagirdlərin geyiminin görünüşü, hazırlanması və təminatı məktəbin idarəetmə orqanı səviyyəsində tənzimlənirdi.

Bu tarixi nümunədən çıxan əsas nəticə odur ki, Tağıyevin qız məktəbində şagirdlər istədikləri geyimi deyil, onlar üçün əvvəlcədən müəyyənləşdirilmiş məktəbli formasını geyinirdilər. Ona görə də həmin fotoları dövrün geyim qaydalarını nəzərə almadan müasir məktəblərdə fərdi dini geyim seçiminin tarixi sübutu kimi təqdim etmək tamamilə əsassızdır.

Məktəbli geyimini qəbul etməyənlərə tarixi cavab