Məncə…, çünki… – Uşağın fikrini qurmaq bacarığı
Uşaq üçün təbii hal olan çünki ilə əsaslandırma bacarığını evdən məktəbə necə qazandırmaq olar?
Müəllimlik və analıq mənə uşaqların təlim və inkişaf prosesini iki fərqli baxış bucağından izləmək imkanı verir. Evdə müşahidə etdiyim gündəlik situasiyalar dərs planlarında nəzərdə tutulmayan, lakin pedaqoji baxımdan əhəmiyyətli nəticələr əldə etməyimə şərait yaradır. Mən həm müəlliməm, həm də anayam. Bu iki rol mənə uşaqların inkişafını həm evdə, həm də məktəbdə müşahidə etmək imkanı verir. Təcrübə göstərir ki, uşaqlarda düşünmə bacarığını inkişaf etdirmək üçün evdəki sadə situasiyalar da dərs prosesindən az əhəmiyyətli deyil. Məqalədə uşaqlarda səbəb–nəticə əlaqəsini formalaşdırmaq, fikirlərini əsaslandırmaq bacarığını inkişaf etdirmək üçün “Məncə…, çünki…” modelinin tətbiqi araşdırılır.
Bir gün dörd yaşlı oğlum mağazadan kiçik qırmızı oyuncaq maşın seçdi. Evdə artıq bir neçə qırmızı maşını olmasına baxmayaraq, məhz bunu istədi. Ondan soruşdum:
— Niyə məhz bunu seçdin? Cavabı məni heyrətləndirdi:
— Çünki bunun təkərində alov işarəsi var.
— Çünki qabağında göz-ağız şəkli var.
O, iki maşını müqayisə etdi, fərqləri seçdi və hər fikrini səbəblə izah etdi. Mən ikinci dəfə “niyə?” soruşmadım; o, seçimini artıq düşünərək və əsaslandıraraq açıqlamışdı.
Bu təcrübə məni dərindən düşündürdü ki, uşaq bu yaşda səbəb–nəticə əlaqəsini təbii şəkildə qurursa, böyüdükcə bu bacarıq niyə zəifləyir? Dərslərdə tez-tez belə situasiyalarla qarşılaşıram.Şagirdlərə mövzu ilə bağlı sual ünvanlayıram.
— Bu qəhrəmanı necə qiymətləndirirsən?
— Yaxşıdır.
— Niyə?
Sinif susur; fikir var, amma əsaslandırma yoxdur. Bu bacarıqsızlıq deyil; şagird yalnız cavab verməyə öyrəşib, səbəb söyləməyə yox.Necə olur ki, 4 yaşlı kiçik bir uşaq etdiyi hərəkətin ,seçimin səbəbini əsaslandıra bilir.Hətta ibtidai siniflərdə də bu müşahidə olunur.Lakin yuxarı siniflərə qalxdıqca vəziyyət dəyişir.Cavablar qısalır konkretləşir və əsaslandırma bacarığı zəifləyir. Buna səbəb nə ola bilərdi.Bu fikirlərlə mən müşahidə etməyə başladım.Səbəb gö önündə idi.Məktəbdə əksinə inkişaf etməli olan əsaslandırma bacarığı getdikcə zəifləyir.Çünki suallar qapalı idi və çox vaxt sadəcə yaddaşı işlədir:
— Kim idi?
— Harada oldu?
— Nə vaxt baş verdi?
Amma Bu tip suallar düşüncə yolunu açmır. Uşaq doğru cavabı tapır, lakin fikrini qurmağa ehtiyac hiss etmir. Bəs nə etmək olardı Sualın formasını dəyişmək onu danışmağa əsaslandırmağa fikir ifadə etməyə sövq etmək lazımdır.Sual forması dəyişəndə nəticə də dəyişir:
— Səncə o niyə belə etdi?
— Niyə bu qəhrəmanı yaxşı hesab edirsən?
— Mətndə bunu nə göstərir?
Məhz bu tip açıq və düşündürücü suallar ünvanlayanda şagird düşünməyə vadar olur və fikrini geniş təqdim etməyə ehtiyac duyur.
Bu bacarığı inkişaf etdirmək üçün dərsdə şagirdlərə sadə bir model təqdim etdim: “Məncə…, çünki…” Bu iki söz sinfin havasını dəyişdi. Əvvəllər sakit olan şagirdlər əl qaldırmağa başladı; artıq yalnız qısa cavab vermək üçün yox, fikirlərini əsaslandırmaq üçün danışırdılar. Bu bacarıq inkişaf etdikcə onların koridorda yoldaşları ilə də bu şəkildə danışdığının şahidi olmağa başladım. Digər fənn müəllimləri də şagirdlərin müzakirələrdə fəallaşdığını qeyd edirdi.Məncə ilə başlayan cümlələr çünki ilə davam edirdi.
Sinif qaydalarını da belə izah etdim. Əvvəllər deyirdim:
— Danışmaq olmaz.
— Qaçmaq olmaz.
Müşahidə etdim ki, qadağan etdiyim davranışlar yenə təkrarlanır.Səbəb bu idi ki,mən qadağanı demişdim lakin izahı verməmişdim.Şagird qadağanı eşidir lakin səbəbini anlamır o zaman o səbəbi anlamaq üçün qadağanı yenidən icra etməyə və səbəbi məhz özü tapmağa çalışır. Sonra isə izah etdim:
— Danışmırıq, çünki bir-birimizi dinləməliyik.
— Qaçmırıq, çünki kimsə yıxıla bilər.
Səbəb izah ediləndə davranış dəyişdi.Çünki artıq səbəb aydın şəkildə deyilmişdi,qadağanı təkrarlayaraq nəticə əldə etməyə ehtiyac qalmamışdı. Şagird qaydanı qorxudan yox, anlayışdan qəbul etdi. “Məncə” düşüncənin başlanğıcıdır, “çünki” isə onun dayağıdır.
Uşağın “çünki” ilə düşünmə bacarığını qoruyub inkişaf etdirmək həm evdə, həm də məktəbdə mümkündür. Əsas olan şagirdə sadəcə cavab deyil, səbəb tapmaq imkanı yaratmaqdır. Bu yanaşma dərs prosesini zənginləşdirir və düşüncə mədəniyyətini formalaşdırır.
Təcrübə göstərir ki, uşaqların düşüncəsini səbəb–nəticə əlaqəsi əsasında formalaşdırmaq həm evdə, həm də məktəbdə uğurlu pedaqoji nəticələr verir. Müəllim və ana kimi müşahidələrim göstərir ki, şagirdlərə yalnız doğru cavabı deyil, fikirlərini əsaslandırmaq bacarığını öyrətmək onların təfəkkürünü zənginləşdirir və uzunmüddətli inkişafına töhfə verir.
Vüsalə Sadizadə,
Bakı şəhəri 305 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi və Bakı şəhər 188 nömrəli tam orta məktəbdə məktəbdaxili metodist




