"Mənə həmişə “Çirkin ördək balası” nağılı ilham verib" – Stanford Universitetinin təcrübəçisi

22 İyun, 2026 - 13:43
"Mənə həmişə “Çirkin ördək balası” nağılı ilham verib"

Son günlərdə Naxçıvan şəhər 705 nömrəli Qarnizon məktəbinin məzunu Sevinc Əliyevanın  beynəlxalq akademik uğuru diqqət çəkib. O, dünya miqyasında ən nüfuzlu ali təhsil ocaqlarından hesab olunan Harvard və Stanford universitetlərinin “Xaricdə təhsil liderliyi” proqramına qəbul olub. 

“Azərbaycan müəllimi” başqa uğurları ilə də seçilən gənclə həmsöhbət olub. 

- İlk olaraq sizi daha yaxından tanıyaq.

- Mən Naxçıvanda doğulub, böyümüşəm. 680 balla Dövlət İdarəçilik Akademiyasında bakalavr təhsilimi beynəlxalq münasibətlər üzrə almışam. Magistraturanı isə İstanbulda Boğaziçi Universitetində birinciliklə bitirmişəm. Hazırda təhsil siyasəti və beynəlxalq layihələr sahəsində çalışıram. Eyni zamanda “mindfulness” (fərqindəlik) və “compassion” (şəfqət) üzrə təlimçi və mentoram. Stanford Universitetinin CCT (Compassionate Cultivation Training) proqramının Azərbaycandakı ilk və yeganə təlimçisiyəm. Yeddi ilə yaxındır ki, bu sahədə fəaliyyət göstərirəm və insanlara öz daxili dünyaları ilə daha şəfqətli münasibət qurmağa kömək edirəm.

- Sizi bu uğur münasibətilə təbrik edirik. Maraqlıdır, Harvard və Stanford proqramına qəbul aldığınızı öyrənəndə ilk reaksiyanız necə oldu?

- Təşəkkür edirəm! Stanford universitetinə qəbul xəbərini öyrənəndə gecə saat 5 idi. Səhərə qədər cavabların açıqlanmasını gözləmişdim. O günü heç vaxt unutmayacağam, çünki həyatımın ən xoş anlarından biri idi. Harvard cavabları isə düz bir həftə sonra gəldi. Hər iki xəbər həm mənim, həm də ailəm üçün böyük sevinc oldu.

- Qəbul imtahanlarında yüksək nəticə göstərmək üçün necə hazırlaşırdınız?

- Hələ aşağı siniflərdən 700 bal yığmaq hədəfim var idi. Hər dərsə əvvəlcədən hazırlaşır, fərqli testlər işləyirdim. Çətin tapşırıqlar mənə xüsusi maraqlı gəlirdi; onları həll edə bilmək məni sözün əsl mənasında xoşbəxt edirdi. 

- Özünüz üçün hansı sistem qurmuşdunuz?

- Gündəlik dərs planımı yazılı tuturdum. Məktəbdən qayıdan kimi həmin plan üzrə dərslərimi oxuyurdum - sadə, amma davamlı bir rutinim var idi.

- “Beynəlxalq münasibətlər” ixtisasını seçməyinizin əsas səbəbi nə idi?

- Açığı, bakalavr ixtisasımı planlı şəkildə seçməmişdim. O vaxt Naxçıvanda ixtisas seçimi və karyera barədə resurslar demək olar ki, yox idi, bizdən sadəcə balımıza uyğun yer yazmağımız gözlənilirdi. Mən də gələcəkdə başqa sahələrə keçid imkanı verən, geniş dünyagörüşü qazandıracaq bir ixtisas seçdim.

- Boğaziçi Universitetində magistratura təhsili sizə hansı yeni baxışları qazandırdı?

- Magistratura üçün universiteti və ixtisası isə tam əksinə, düşünərək seçdim. Bunu həyatımın ən çox böyüdüyüm iki ili adlandıra bilərəm. Tək yaşamağı, özümə dayaq olmağı, özümü anlamağı İstanbulda kəşf etdim. Müəllimlərimin dəstəkləyici olması isə əsl şansım idi.

- Magistraturanı birinciliklə bitirmək üçün ən çox nəyə diqqət yetirirdiniz?

- Magistaturada birinci olmaq kimi bir hədəfim yox idi. Sadəcə, məktəbdəki kimi, hər dərsi həmin dərsdən əvvəl araşdırmağa çalışırdım, həmişə bir addım öndə olurdum. Müəllimlərim isə çox səmimi idilər. Bu iki faktor birinciliyimə təsir etmiş ola bilər. 

- Qayıdaq yenə  Harvard və Stanford proqramına. Bu proqrama müraciət prosesi necə keçdi? Ən çətin hissə nə oldu?

- Müraciət prosesi özü mənim üçün olduqca rahat keçdi. Əvvəlcə ingilis dili imtahanını verdim. Sonra bir dostum mənə Harvard məzunu Aysun Məmmədlinin paylaşımını göndərdi, bir neçə tələbəyə ödənişsiz mentorluq edəcəyi qeyd olunmuşdu. Müraciət etdim və ertəsi gün seçildiyimi öyrəndim. Hazırda Stanfordda təhsil alan Aytən xanım və Aysun xanımın özü mənə bu prosesdə mentorluq etdi. Onların dəstəyi ilə müraciət prosesi mənim üçün olduqca asanlaşdı. 

Akademik göstəricilərimin yüksək olması, müvafiq iş təcrübəm, eləcə də Stanfordun CCT proqramının Azərbaycandakı ilk təlimçisi olmağım çox kömək etdi. Sonradan proqram direktorumuzla söhbət edərkən CCT təlimçiliyimin onların diqqətini xüsusilə çəkdiyini öyrəndim.

- Bu proqramlarda sizi ən çox cəlb edən imkanlar hansılardır?

- Seçimimi Stanford Universitet üzrə etdim. Məni ən çox cəlb edən proqramın 150 saatlıq iş imkanıdır. Real bir məktəbdə və ya universitetdə çalışaraq təcrübə qazanmaq mənim üçün çox maraqlı fürsətdir. Bir də universitetdəki  imkanlar məni həqiqətən həyəcanlandırır.

- Hədəfi xaricdə təhsil almaq olan azərbaycanlı gənclər nədən başlamalıdırlar?

- Şablon səslənəcək, amma  bu yol özünü anlamaqdan və nə istədiyini sorğulamaqdan keçir.  Ətrafımda məqsədsiz şəkildə sadəcə "xaricə getmək" istəyən çox insan var. Bu baxımdan məqsədi olanlar artıq 1-0 öndədir. Bütün gənclərə tövsiyəm budur: özünüzü beynəlxalq əmək bazarına hazır olacaq şəkildə yetişdirin, gözünüz daim orada olsun. Planlı olmaq da çox vacibdir, nə istədiyinizi, ona çatmaq üçün nələrin lazım olduğunu bilin və addım-addım irəliləyin.

- Təhsil yolunuzda sizə ən böyük dəstəyi kim verib?

- Ailəm. Anam məktəb illərindən istədiyim bütün kitabları, dərs vəsaitlərini, xoşladığım dəftərləri alırdı; bir dəfə də olsun "yox" demədi. Atam bütün təhsilim boyu mənə güvəndi, bir çox ölkələrə təkbaşına səfər etdim. İngilis dilini isə o vaxtlar müəllim işləyən qardaşımdan öyrənmişəm. O, mənim ilham mənbəyim olub. Böyük qardaşımdan isə məntiqli düşünməyi və sürətli həllər tapmağı öyrənmişəm. Ailəmlə bağlı özümü çox şanslı hiss edirəm.

Stanford və Harvard universitetlərinə qəbulda isə həyat yoldaşımın dəstəyi əvəzsiz oldu. Açığı, o olmasa, bacara bilməzdim. Daim özümə inanmağımı, bacaracağımı təkrarlayırdı; hər addımda yanımda idi. Müraciət etdiyim gün də, cavabların açıqlandığı gün də yanımda o var idi. İnsanın dəstəkləyici həyat yoldaşının olması, doğrudan da, çox şey deməkdir.

- Uğursuzluq və ya çətinlik yaşadığınız anlarda motivasiyanızı necə qoruyurdunuz?

- Etiraf edim ki, uğursuzluq qarşısında tez məyus olan bir insanam. Amma burada əsas olan tez ayağa qalxıb davam etməkdir. Yaxın dostlarım deyir ki, sən öz nazınla çox oynayırsan, çox  haqlıdırlar. Bir üsulu sınayıram, alınmasa, başqasını. Bir az maraq, bir az yaradıcılıqla uğursuzluqların öhdəsindən gəlmək asanlaşır.

- Bəs gələcək planlarınız nələrdir? Təhsildən sonra hansı sahədə fəaliyyət göstərmək istəyirsiniz?

- 30 yaş dövründə gələcəklə bağlı qeyri-müəyyən olmaq sanki anormal görünür. 31 yaşındayam və qayıdandan sonra görmək istədiyim çox iş var, amma hələ ki çoxu qeyri-müəyyəndir. Təhsil aldığım müddətdə bu barədə düşünmək üçün kifayət qədər zamanım olacaq. 

- Naxçıvandakı məktəblilərə və universitet tələbələrinə hansı mesajı vermək istərdiniz?

- Özünüz kimi insanları tapmağa çalışın. İnsan oturub-durduğu insanlara çevrilir, ona görə də olmaq istədiyiniz insanlarla vaxt keçirin. Əgər ətrafınızda belə insanlar yoxdursa, internetin gücündən istifadə edin, müxtəlif icmalara qoşulun.

Mənə həmişə “Çirkin ördək balası” nağılı ilham verib.  Çirkin ördək balası yalnız qu quşlarını və suda öz əksini görəndən sonra əslində qu quşu olduğunu anlayır. Bəlkə sizin də sadəcə başqa qu quşlarını görməyə ehtiyacınız var.

- Təşəkkür edirəm, uğur olsun sizə!

- Mən təşəkkür edirəm, çox sağ olun!