“Məni bir qüvvə bu məktəbə bağlayıb” – Dərs demək üçün hər gün 60 km yol gedib-gəlir

23 Fevral, 2026 - 13:09
“Məni bir qüvvə bu məktəbə bağlayıb”

“Əvvəl bu məktəbə gəlməyə tərüddüd edirdim, düşünürdüm ki, mən haralara gəlirəm, nə qədər məsafə qət edirəm?! Sonra dedim ki, şagirdlərim məni gözləyir, onlara yaxşı bir təhsil vermək üçün mən bu yolu qət etməliyəm”. 

Yollar bizi bəzən uzaqlara, bəzən sevdiklərimizə, bəzən isə reallaşan arzularımıza aparır. Onun bütün yolları isə müəllimliyə gedir. Düz 7 ildir ki, bu yollarla doğmalaşdığı şagirdlərinin yanına tələsir. Nə qar, nə buz, nə duman, nə də qızmar günəş... - heç nə onun müəllimlik peşəsinə olan vurğunluğuna mane deyil. Bu, Babək rayonunun Hacıvar kəndindən Culfanın ucqar dağ kəndi - Ərəfsəyə dərs deməyə gedən Gülşən müəlimin hekayəsidir. 

Məktəbə çatır, maşından düşür, müəllimlər otağına gedir, jurnalı götürür və sinif otağına daxil olur, salamlaşır, uşaqlar da onu salamlayırlar. 

Gülşən Bayramova Elm və Təhsil Nazirliyinin təşkil etdiyi MİQ imtahanında iştirak edərək 2019-cu il yanvar ayında Ərəfsə kənd tam orta məktəbinə biologiya müəllimi kimi təyin olunub. Deyir ki, imtahan nəticəsini biləndən sonra məsafənin uzaq olduğunu fikirləşərək buraya gəlməyə tərəddüd edib: “Sonra buradakı şagirdlərin də yaxşı təhsilə, yaxşı müəllimə ehtiyacı olduğu üçün bu fikirdə tərəddüd etmədim. Bu müəllimlik peşəsini sevdim, seçdim. Yəni müəllimlik peşəsini daha çox sevdiyim üçün sırf bu ixtisası seçmişəm. Yolların qarlı-buzlu olmasına, dumanlı-çənli olmasına baxmayaraq, yay-qış saat 7 radələrindən yollardayam. Çətinlik çəksəm də, gələcəyə yaxşı vətəndaş yetişdirmək üçün uzaq məsafəni qət edirəm, peşəmi sevirəm. Uşaqların yaxşı nəticələr əldə etməsi üçün daha da çox çalışıram. Daim uşaqlarla təmasdayam, mütəmmədi olaraq bilmədiklərini öyrədirəm”. 

Məktəbin 11-ci sinif şagirdi Zülfiyyə Hacıyeva müəllimini çox sevdiyini deyir: “Biologiya fənnini çox sevirəm. Bütün müəllimlərimi, əsas da biologiya müəllimim Gülşən müəllimi çox sevirəm, uzaqdan gəlir, biologiya fənnini bizə qəşəng öyrədir”. 
Müəllim burada dərs demək üçün səhər saat 7-nin yarısında oyanır, 8-ə 15-20 dəqiqə işləmiş yola çıxır, marşrut gözləyir və uzun bir məsafə qət edir: “Birinci saata çatmaq üçün, əziyyətli bir proses keçərək məktəbə yaxınlaşıram. Oradakı şagirdlərin mehribanlığını, savadını, yaxşı ünsiyyətini görəndən sonra o yorğunluq, o səhərin stresi üzərimdən qalxır”. 

Həmkarı Mətanət Cəfərova onun haqqında fərəhlə danışır. Deyir ki, Gülşən müəllimlə 2019-cu ildə Ərəfsə kənd tam orta məktəbində tanış olub: “Çox səmimidir. İlk öncə onun müəllimliyə olan həvəsi, sevigisi məni ona bağladı. “Bir peşə aşiqidir”, - demək olar, uşaqları hələ körpə ikən soyuq, qar, qış, demədən bu çətin yollarla bizim məktəbə gəlib-gedirdi. Elə zamanlar olur ki, onun evinə getməyə marşrut olmur, bizə gedirik. 

“Uşaqlarla o qədər səmimi bir bağ qurmuşuq ki! Uşaqlar özümü sevdikləri üçün fənnimi həvəslə oxuyurlar”, – deyir Gülşən Bayramova. Əlavə edir ki, biologiyanı sevən yaxşı şagirdləri var: “Biz də istəyirik ki, Ərəfsə kənd tam orta məktəbindən gələcəyin yaxşı bir həkimini yetişdirək. Dördüncü qrupa hazırlaşan şagirdlərimiz var. İnşallah yaxşı nəticələr, yaxşı uğurlar əldə edəcəklər”.

Məktəbin 11-ci sinif şagirdi Nanə Hacızadə müəllimin arzusunu yerinə yetirəcək: “Ən böyük hədəflərimdən biri gələcəyin istedadlı, savadlı, insanların daim yanında olan, onların köməyi üçün əlindən gələni edən bir həkim olmaqdır. 
Bu ixtisas qrupunu seçməkdə əsas rol oynayanlardan biri Gülşən müəllimdir. Ona nə qədər təşəkkür etsəm, azdır. Hər hansı bir mövzuda çətinliyim olsa, mənə izah edir. Qoymaz ki, hər hansı mövzu mənə qaranlıq qalsın”. 

Gülşən Bayramova deyir: “Uşaqlarla ekskursiyaya daha çox çıxırıq. Yaz fəslində bizim dərslərimiz demək olar ki, təbiət qoynunda keçir. Oradan maraqlı bitkiləri qoparırıq, dəririk, uşaqlara ətraflı məlumat veririk”.

Müəllim burada yaxşı dostluqlar qazanıb, kollektiv ilə çox yaxşı münasibətdədir: “Məktəblə mənim aramda elə bağ qurulub ki, buradan qopmağım çox uzun müddət çəkər. Övladlarımı da təbiət qoynuna gətirməyi çox sevirəm. Yaxşı, səfalı havası, gözəl mənzərəsi, dağları, bitkiləri, axan gözəl çayı var. 

İlk məktəbə gələndə yolun uzaqlığına görə tərəddüd etsəm də, zaman keçdikcə o məsafələr mənim üçün daha da qısaldı, burada mənim üçün böyük bir bağlılıq yarandı. Həm kollektiv, həm şagirdlər tərəfindən sevilməyim məni daha da buraya bağladı”.

MİQ imtihanı verən gənclərə də tövsiyə edir ki, ucqar rayonlarda işləməkdən çəkinməsinlər: “Bu məktəblərdə dərs demələri daha yaxşı olar. Buranın ab-havası bir başqadır, uşaqları safdır, gözəldir, insanları mehribandır. Uşaqların səmimiyyəti məni bu məktəbdən kənallaşdırmağa qoymur. Məni bir qüvvə bu məktəbə bağlayıb, nə vaxtsa, belə ayrılsam, bu mənim üçün çox çətin olacaq”. 

Müəllim olmaq sadəcə dərs demək deyil, müəllim olmaq məsuliyyət, sevgi, ən əsası da fədakarlıqdır. Ona görə də hər gün gedib-gəldiyi yollar onu bu dəfə onu zirvəyə aparır. Müəllimlik zirvəsinə... 

Ərəfsə kənd məktəbinin müəllimi Gülşən Bayramovanın hekayəsini https://youtu.be/JpBcj52CZy8?si=wyk-aIuxBY0jnWQ1 linkində də izləyə  bilərsiniz.

Foto: Şahin Məmmədov