"Məni motivasiya edən hədəflərim idi” – hazırlığa getmədən 513 bal toplayan tələbə 

7 Sentyabr, 2026 - 16:23
"Məni motivasiya edən hədəflərim idi”

Yaxın günlərdə tələbə adını qazananların sevinclərinin şahidi olduq.

Sosial şəbəkələr həm tələbə adını qazananları , həm də valideynlərin sevinc dolu paylaşımları ilə rəngləndi. Təbii ki, bunların hər biri böyük əmək, əzm və çalışmağın nəticəsidir. Amma bunlar içərisində, bir gəncimiz  var ki, o heç bir hazırlığa getmədən arzuladığı ali təhsil müəssisəsində oxuyacaq. 

Kəngərli rayon Çalxanqala kənd tam orta məktəbinin məzunu Jalə Qasımova 513 balla Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olub. 

“Azərbaycan müəllimi” tələbə ilə həmsöhbət olaraq, onun duyğularını bölüşüb.

Jalə akademiyaya qəbul olduğunu biləndə sevinc və qürur hissi keçirdiyini deyir:

“Mən bu nəticəni gözləyirdim, çünki balımın bu universitetə yetərli olduğunu bilirdim.

O, deyir ki, ali məktəblərə qəbul imtahanlarına planlı şəkildə hazırlaşıb: “Demək olar ki, mənim hər gün üçün cədvəlim olurdu, çoxlu təkrarlar edirdim. Daha çox sosial şəbəkələrdə olan müəllimlərin dərs izahlarına baxırdım, keçirdikləri sınaqlarda özümü yoxlayırdım. Gün ərzində minimum 9-10 saat oxumağa  və onu məktəblə uyğunlaşdırmağa çalışırdım”.

Jalənin fikrincə uğurun əsas sirri ciddi intizam , əzm və uğurlu olmaq istəyidir:

“Çalxanqala kənd tam orta məktəbində müəllimlərin hər birinin mənim üzərimdə əziyyəti böyükdür. Hər fənn üzrə müəllimlərim həm mənimlə, həm də sinif yoldaşlarımla dərs müddətindən əlavə maraqlanıb, əlaqə saxlayırdılar.
Jalə  "Məqsədimdən vaz keçməməyimin əsas səbəbi, məni motivasiya edən xəyallarım və hədəflərim idi”, – deyir qürurla: “Bəli, hər bir abituriyentin hazırlaşma şəraiti eyni olmur. Amma mən düşünürəm ki, nə olursa olsun, xəyalınız sadəcə xəyal olaraq qalmamalıdır, onu gerçəyə çevirməlisiniz. Ailəmin bu uğurumda dəstəyi sonsuzdur. Onlar hər zaman tək maddi olaraq deyil, mənəvi cəhətdən də  dəstək olublar. Atam da, anam da nəticəmi eşidəndə çox sevindilər və qürur hissi keçirdilər”.

Həmsöhbətimiz deyir ki, Dövlət İdarəçilik Akademiyasını seçməyinin səbəbi ali təhsil ocağının onun inkişafına çox şey qatacağına olan əminliyidir:“Bu universitetdə həm təhsilin yüksək səviyyədə, həm də müəllim heyətinin çox peşəkar olduğunu düşünürəm. Gələcəkdə özümü iqtisadiyyat sahəsində savadlı və beynəlxalq dərəcəli bir iqtisadçı olaraq görürəm. Bunu reallaşdırmaq üçün isə təbii ki, çox çalışacağam”. 

Jalənin onun kimi hazırlığa  getməyən gənclərə  məsləhəti də var: “Onların da hazırlaşma şəraiti çətindirsə, çox şeylər əlçatmazdırsa, yenə də vaz keçməsinlər, davam etsinlər. Əllərində olan resurslardan səmərəli istifadə etsinlər. Vaxtlarını düzgün bölsələr və öz üzərilərində işləsələr, mənim kimi uğur qazana bilərlər”.

"Məni motivasiya edən hədəflərim idi”