Mətanət Abbasova: Emosional çağırışlar vəziyyətin obyektiv qiymətləndirilməsinə mane olur

14 Oktyabr, 2026 - 10:37
Mətanət Abbasova: Emosional çağırışlar vəziyyətin obyektiv qiymətləndirilməsinə mane olur

Qloballaşma və informasiya mühitinin genişləndiyi müasir dövrdə dini, siyasi və ideoloji yanaşmaların ictimai münasibətlərə təsiri qaçılmazdır. Belə bir şəraitdə təhsil müəssisələrinin qarşısında yalnız şagirdlərə bilik və bacarıqlar aşılamaq deyil, həm də onların vətəndaşlıq şüurunu, hüquqi düşüncəsini və ictimai məsuliyyətini formalaşdırmaq vəzifəsi dayanır.

"Azərbaycan müəllimi" Publika.az-a istinadən xəbər verir ki, AMEA Folklor İnstitutunun Cənubi Azərbaycan folkloru şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Mətanət Abbasova vahid məktəbli forması ilə bağlı qərara edilən dəyişiklik ətrafında yaranan müzakirələrə münasibət bildirərkən bu məsələlərə diqqət çəkib.

Onun sözlərinə görə, məktəb mühitinin özünəməxsus tələbləri, daxili nizam-intizam qaydaları var və bu qaydaların qorunması vacibdir. Mətanət Abbasova hesab edir ki, məktəb nizam-intizamının təmin edilməsi məqsədilə qəbul olunan inzibati qərarlara emosional yanaşmaq, zorakılığa çağırışlar etmək düzgün deyil.

Folklorşünas vurğulayıb ki, Azərbaycan Konstitusiyasında dinin dövlətdən ayrı olması, vicdan azadlığı və vətəndaşların qanun qarşısında bərabərliyi təsbit edilib.

Mətanət Abbasovanın fikrincə, dini etiqad azadlığının, tolerantlığın, dünyəvi dövlətçilik prinsiplərinin və milli-mənəvi dəyərlərin mahiyyətini və məzmununu düzgün dərk etməyən şəxslərin emosional çağırışları cəmiyyətdə müzakirələrə səbəb olur və mövcud vəziyyətin obyektiv qiymətləndirilməsinə maneə yaradır.