Müəllimlərin məzuniyyət pulu necə hesablanır? – Qayda

6 İyul, 2026 - 10:16
Müəllimlərin məzuniyyət pulu necə hesablanır?

Yay tətilinin başlaması ilə birlikdə müəllimlər də əmək məzuniyyətinə çıxırlar. Ancaq hər il olduğu kimi, bu il də müəllimlərin məzuniyyət müddəti, məzuniyyət pulunun hesablanması və yeni işə başlayan müəllimlərin hansı hüquqlara malik olması ilə bağlı çoxsaylı suallar yaranır.

Mövzu ilə bağlı əmək qanunvericiliyinin tələblərini "Azərbaycan müəllimi"nə insan resursları üzrə ekspert Ramin Hacıyev şərh edib.

Müəllimə neçə gün məzuniyyət düşür: 56, yoxsa 42?

Ekspert bildirib ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 118-ci maddəsinin 1-ci hissəsinə əsasən illik normanın üçdə bir hissəsindən az olmamaqla pedaqoji iş aparan təhsil müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, təlimatçılarına, dərnək və musiqi rəhbərlərinə, konsertmeysterlərə, akkompaniatorlara, xormeysterlərə və digər musiqi işçilərinə, bütün ixtisas və adlardan olan müəllimlərə (məşqçi müəllimlərdən başqa), uşaq birliyi rəhbərlərinə, magistrlərə, praktik psixoloqlara, loqopedlərə, surdopedaqoqlara, həmçinin təhsil müəssisələrinin tərbiyəçilərinə, eşitmə kabinetlərinin təlimatçılarına, dərnək rəhbərlərinə, hərbi rəhbərlərə və bədən tərbiyəsi rəhbərlərinə 56 təqvim günü əmək məzuniyyəti verilməlidir. Bu müddət, həmçinin sosial müdafiə orqanlarının və tibb müəssisələrinin bilavasitə pedaqoji fəaliyyətlə məşğul olan işçilərinə, elmi müəssisə və təşkilatların, habelə ali təhsil müəssisələrinin elmi-tədqiqat bölmələrinin elmlər doktoru elmi dərəcəsi olan əməkdaşlarına, rəhbərlərinə, onların elmi işlər üzrə müavinlərinə, elmi katiblərinə və müvafiq elmi şuranın qərarı əsasında müstəqil elmi-tədqiqat işləri aparan elmi işçilərə də şamil edilir.

Əmək Məcəlləsinin 118-ci maddəsinin 2-ci hissəsinə əsasən isə uşaq evlərinin və məktəbəqədər təhsil müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, tərbiyəçi-müəllimlərinə, metodistlərinə, defektoloqlarına, loqopedlərinə, musiqi rəhbərlərinə və psixoloqlarına, metodika kabinetləri və mərkəzlərinin rəhbərlərinə, metodistlərinə və təlimatçılarına, ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərinin, internat tipli liseylərin, internat tipli gimnaziyaların, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərinin, xüsusi ümumtəhsil məktəblərinin, internat tipli xüsusi ümumtəhsil məktəblərinin və internat tipli sanator ümumtəhsil məktəblərinin tərbiyəçilərinə, məktəbdənkənar uşaq müəssisələrinin dərnək rəhbərlərinə və kütləvi işçilərinə, məşqçi müəllimlərə, eləcə də elmi müəssisə və təşkilatların, habelə ali təhsil müəssisələrinin elmi tədqiqat bölmələrinin fəlsəfə doktoru elmi dərəcəsi olan əməkdaşlarına, rəhbərlərinə, onların elmi işlər üzrə müavinlərinə və elmi katiblərinə 42 təqvim günü əmək məzuniyyəti verilir.

Əvəzçiliklə işləyən müəllimə neçə məzuniyyət günü düşür?

R.Hacıyev qeyd edib ki, Əmək Məcəlləsinin 110-cu maddəsinin 1-ci hissəsinin tələbinə əsasən işçilər vəzifəsindən, əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq bu məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Həmin maddənin 2-ci hissəsinə görə əlavə iş yerində əvəzçiliklə işləyən işçilərin də bu məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququ var. Maddənin 3-cü hissəsində isə qeyd olunur ki, Əmək Məcəlləsi ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz. Bu baxımdan, əvəzçiliklə işləyən müəllimlərin də 118.1-ci maddədə nəzərdə tutulan müddətdə məzuniyyət hüququ var.

Müəllimin məzuniyyət pulu necə hesablanır?

Əmək Məcəlləsinin 140-cı maddəsinin tələbinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq, məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqına əsasən müəyyən edilir. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etmək üçün məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləği 12-yə bölünməklə orta aylıq əmək haqqının məbləği tapılır. Daha sonra alınan məbləğ ayın təqvim günlərinin orta illik miqdarı olan 30,4-ə bölünərək bir günlük əmək haqqı müəyyən edilir. Bu qayda ilə hesablanmış bir günlük əmək haqqı məzuniyyət günlərinin sayına vurulur.

Nümunə:

Tutaq ki, işçinin hazırda əmək müqaviləsi üzrə əmək haqqı 1700 manatdır və o, 1 iyul 2026-cı il tarixindən etibarən 56 təqvim günü əmək məzuniyyətinə buraxılır. Əvvəlcə işçinin məzuniyyətdən əvvəlki son 12 aydakı əməkhaqqısı hesablanmalıdır:
-    İyul 2025 – 1500    
-    Avqust 2025 – 1500    
-    Sentyabr 2025 – 1500    
-    Oktyabr 2025 – 1500     
-    Noyabr 2025 – 1500     
-    Dekabr 2025 – 1500     
-    Yanvar 2026 – 1700     
-    Fevral 2026 – 1700    
-    Mart 2026 – 1700    
-    Aprel 2026 – 1700    
-    May 2026 – 1700    
-    İyun 2026 – 1700    

Son 12 ayın əmək haqqının cəmi – 19 200

Orta aylıq əməkhaqqı – 19200/12=1600

Bir günün əməkhaqqının məbləği – 1600/30.4 = 52.6

Bir günə düşən əməkhaqqı məzuniyyət günlərinin sayına vuruluraq məzuniyyət haqqı tapılır: 52.36*56=2947

Lakin qanunun tələbinə görə məzuniyyət haqqının məbləği həmin məzuniyyət günlərindəki iş günlərinin əməkhaqqı ilə müqayisə edilməlidir. Məzuniyyət dövrü fərqli aylara təsadüf etdikdə hər ay üzrə əmək haqqı ayrıca hesablanır.

Nümunəyə əsasən:

İyul ayı üzrə hesablama qaydası: İyul ayı tam məzuniyyətdə olduğu üçün iyul ayı üzrə əmək haqqı məbləği 1700 manatdır

Avqust ayı üzrə isə hesablama qaydası: 1700/21=80.95 (Avqust ayı üzrə bir iş gününə düşən əməkhaqqının məbləği)

Avqust ayında məzuniyyət dövrünə təsadüf edən iş günləriin sayı: 17 iş günü. 
80.95*17=1376.15 (avqust ayı üzrə hesablanan əməkhaqqı)

İyul və avqust ayının əməkhaqqının cəmi məbləği: 1376.15+1700=3076.15

Hesablanan məzuniyyət haqqı ilə məzuniyyət dövründəki əmək haqqının məbləğləri arasında fərq yarandıqda daha çox olan işçiyə ödənilir.

Son 12 ayda müəllimin maaşı artıbsa, məzuniyyət pulu necə hesablanır?

Ekspert bildirir ki, məzuniyyət haqqı məzuniyyətdən əvvəlki son 12 ayın əməkhaqqısı əsasında müəyyən edilir. Buna görə də sertifikasiya nəticəsində baş verən əməkhaqqı artımları da hesablamaya təsir göstərir. Əgər məzuniyyət haqqının məbləği ilə məzuniyyət dövrünə təsadüf edən iş günlərinin əməkhaqqısı arasında fərq yaranarsa, işçiyə daha çox olan məbləğ ödənilməlidir.

Yeni işə başlayan müəllim yayda tam 56 gün məzuniyyət alır?

Əmək Məcəlləsinin 131-ci maddəsinin 5-ci hissəsinə əsasən bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə işə girdikləri vaxtdan asılı olmayaraq əmək məzuniyyətləri məktəblərdə yay tətili dövründə və ya işəgötürənin razılığı ilə tədris ili ərzində verilir. Bu səbəbdən işçi yeni işə başlasa belə, ona 56 günlük məzuniyyət veriləcək. Lakin işçi iş ili bitməmiş işdən çıxarsa, Əmək Məcəlləsinin 175-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu işçidən tutula bilər.

Müəllim fəaliyyəti dövründə məzuniyyətə çıxmasa, işdən çıxanda ona kompensasiya ödənilirmi?

Əmək Məcəlləsinin 144-cü maddəsinin 3-cü hissəsinə və Konstitusiya Məhkəməsi Plenumunun 18 fevral 2026-cı il tarixli qərarına əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxdığı günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas və əlavə məzuniyyətlərinə görə kompensasiya ödənilməlidir.

Müəllim tədris ili ərzində məzuniyyətə çıxarsa, yayda nə olacaq?

Pedaqoji fəaliyyətlə məşğul olan işçilər tədris ili ərzində əmək məzuniyyətinə yalnız işəgötürənin razılığı ilə çıxa bilərlər. İşəgötürən razı olmadıqda həmin işçilər məzuniyyətə çıxa bilməzlər. Ekspert qeyd edir ki, əməkhaqqı işçinin faktiki işlədiyi dövrə görə verilir və işçi işləmədiyi müddət üçün ona əməkhaqqı ödənilməsi nəzərdə tutulmur. İşçi işəgötürənin razılığı ilə tədris ilində əmək məzuniyyətinə çıxarsa, yay tətilində həmin məzuniyyət günləri qədər ona ödənişsiz məzuniyyət verilə bilər. Bu halın qanunvericilikdə ayrıca tənzimlənməsi olmadığı üçün ödənişsiz məzuniyyətin verilməsi məqbul hesab oluna bilər.