Məzunların 79 faizi uğursuzluq qorxusu yaşayır: Səbəb nədir?
Bəzən imtahana hazırlaşan şagirdlər üçün ən böyük sınaq sualların çətinliyi deyil, uğursuz olmaq qorxusu, valideynlərinin ümidlərini doğrultmaq məsuliyyəti və başqaları ilə müqayisə edilməkdir.
Dövlət İmtahan Mərkəzinin (DİM) ötənilki buraxılış imtahanı ilə bağlı keçirdiyi anonim sorğunun nəticələri də məzunların üzləşdiyi belə psixoloji təzyiqin miqyasını ortaya qoyur.
Bu nəticələrə görə, respondentlərin təxminən 46 faizi valideyn gözləntilərinin onlarda stres yaratdığını, 52 faizi dostları ilə müqayisə olunmaqdan narahatlıq keçirdiyini, 79 faizi isə uğursuzluq qorxusunun onlara təsir etdiyini bildirib. Bəs bu qorxu haradan qaynaqlanır və şagirdlərin həyatına necə təsir edir?
Psixoloq Aytən Hüseynova “Azərbaycan müəllimi”nə bildirib ki, imtahanların şagirdlərdə bu qədər güclü uğursuzluq qorxusu yaratması müasir təhsil sistemində və cəmiyyətdə kompleks psixoloji, sosial və ailədaxili amillərin kəsişməsindən qaynaqlanır. Məzunların 79 faizinin bu qorxudan təsirlənməsi problemin nə qədər dərin və sistemli olduğunu göstərir.
“Şagirdlər imtahanı gələcək potensialının mütləq göstəricisi kimi qəbul edirlər”
Psixoloq vurğulayıb ki, bir çox şagirdlər imtahan nəticəsini öz şəxsi dəyərinin, zəkasının və gələcək potensialının mütləq göstəricisi kimi qəbul edir:
“İmtahandan kəsilməyi və ya istədikləri balı toplamamağı “həyatın sonu” kimi görən şagirdlər uğursuzluğu yalnız bir nəticə deyil, şəxsi məğlubiyyət və dəyərsizlik kimi yaşayırlar. Valideynlərin, müəllimlərin və ətrafdakıların yüksək gözləntiləri şagirdin üzərində nəhəng bir məsuliyyət yükü yaradır. Uşaqlar tez-tez valideynlərinin əməyini yerə vurmaqdan və ya onların ümidlərini doğrultmamaqdan qorxurlar. Yaşıdların uğurlarının qabardılması və daimi müqayisə mühiti şagirdlərdə “geridə qalmaq” və ya “başqalarını məyus etmək” qorxusunu gücləndirir”.
“Cəmiyyətdə “tək bir şans” və ya “imtahansız yol yoxdur” fikri gərginliyi maksimum həddə çatdırır”
Müsahibimiz qeyd edib ki, xüsusilə buraxılış və ya qəbul imtahanları zamanı şagirdlər bu imtahanı bütün gələcək həyatlarını - peşə seçimini, maliyyə müstəqilliyini və cəmiyyətdəki statuslarını müəyyən edən yeganə fürsət kimi görürlər:
“Cəmiyyətdə “tək bir şans” və ya “imtahansız yol yoxdur” fikrinin hakim olması gərginliyi maksimum həddə çatdırır. Təhsil sistemində və ya ailədə səhvlərə qarşı dözümsüz münasibət şagirdlərdə hər zaman “qüsursuz olmaq” məcburiyyəti yaradır. Perfeksionist şagirdlər üçün ən kiçik bir səhv belə fəlakət kimi görünür. İmtahan günü həyəcan, sualların çətinliyi və ya digər xarici amillər səbəbindən nəticəyə tam nəzarət edə bilməyəcəklərini düşünmək daxili narahatlığı artırır. Bu qorxu ilə mübarizə aparmaq üçün həm ailələr, həm də təhsil sistemi imtahanları “həyat-ölüm mübarizəsi” kimi deyil, sadəcə bilik və bacarıqların yoxlanıldığı müvəqqəti bir mərhələ kimi təqdim etməli, şagirdlərə dəyərlərinin nəticələrdən asılı olmadığını hiss etdirməlidirlər”.
Psixoloq qeyd edib ki, buraxılış imtahanı ərəfəsində yaranan sağlam həyəcan şagirdin diqqətini toplamasına kömək edə bilər:
“Stres həddi aşdıqda və xroniki xarakter aldıqda uşağın həm gündəlik həyatına, həm də fiziki və psixoloji sağlamlığına ciddi zərər vurur. Stresin şagirdin həyatına zərərli təsir göstərdiyi əsas hallar və onların əlamətləri müxtəlifdir.
Yuxu rejiminin və keyfiyyətinin pozulması halları bunlardan biridir. Stres beyində gərginliyi davam etdirdiyi üçün yuxu prosesi pozulur. Şagird yatağa uzandıqda beyni imtahan sualları, səhvlər və ya qorxularla məşğul olur, uzun müddət yuxuya gedə bilmir. Gecə tez-tez oyanmaq, səhərlər isə yorğun, halsız və dincəlməmiş şəkildə oyanmaq da bu əlamətlərə daxildir. Həmçinin imtahanla bağlı qorxuların və ya təqib olunma hissinin yuxularda təkrarlanması müşahidə edilə bilər. Bu hal uşağın səhər enerjisini tamamilə tükədir”.
“Heç nə bilmirəm” qorxusu nədən yaranır?
Həmsöhbətimiz qeyd edib ki, paradoksal olaraq, imtahan qorxusuna görə həddindən artıq çox oxumağa çalışmaq əks nəticə verə bilər.
Şagird kitabı açanda səhifələrə baxır, amma oxuduğunu dərk edə və məlumatı yadda saxlaya bilmir. Diqqəti daim yayınır. Eyni zamanda, yaddaşın zəifləməsi müşahidə oluna bilər. Əvvəllər rahat öyrəndiyi mövzuları belə unutmağa başladığını görən şagird daha çox təşvişə düşür. Bu isə “heç nə bilmirəm” hissini gücləndirir.
Belə hallarda qərar verməkdə çətinlik də ortaya çıxa bilər. Şagird hansı fəndən başlayacağını, nəyi təkrar edəcəyini seçə bilmədiyi üçün vaxtını boşuna sərf edir və çaşqınlıq yaşayır.
Stres şagirdin bütün həyatını məhdudlaşdıraraq onu təcrid vəziyyətinə sala bilər. Hobbilərdən və ünsiyyətdən tam imtina da bunun əlamətlərindəndir. “İmtahanım var, heç nəyə vaxtım yoxdur” deyərək dostlarla görüşməyi, idmanı, musiqini və ya sevdiyi fəaliyyətləri tamamilə dayandırmaq beynin dincəlmək imkanını əlindən alır.
Ortaya çıxan problemlərdən biri də daimi narahatlıq və təşviş hallarının yaşanmasıdır. Şagird hətta dərs oxumadığı vaxtlarda belə, məsələn, yemək yeyərkən və ya dincələrkən vicdan əzabı çəkə, “vaxt itirirəm” düşüncəsi ilə heç cür rahatlaşa bilməyə bilər.
Somatik şikayətlərə gəldikdə isə gündəlik həyatda səbəbsiz baş ağrıları, əzələ gərginliyi, mədədə sancılar və ya ürək döyüntülərinin artması müşahidə edilə bilər.Stres şagirdin gündəlik həyatında yuxusuzluğa, oxuduğunu anlamamağa, daimi yorğunluğa və sosial həyatdan təcrid olunmağa səbəb olmağa başladıqda, bu, artıq təhlükə siqnalıdır. Belə hallarda uşağa yalnız dərslə deyil, həm də istirahət, rejim və psixoloji dəstəklə kömək etmək həyati əhəmiyyət daşıyır.
A. Hüseynovanın sözlərinə görə, imtahan nəticəsi gözlənilən səviyyədə olmadıqda şagirdin dərindən sarsılması, özünü tamamilə “uğursuz” hesab etməsi və gələcəklə bağlı ümidsizliyə qapılması çox təhlükəli psixoloji mərhələdir:
“Bu böhran vəziyyətini sağlam şəkildə dəf etmək, uşağın özünəinamını qorumaq və onu gələcəyə hazırlamaq üçün valideynlər və müəllimlər müəyyən strategiyalara əməl etməlidirlər. Nəticəni görən kimi “Sənə demişdim”, “Yetərincə oxumadın”, “Bütün əziyyətlərimiz hədər getdi” kimi ittihamedici ifadələr işlətmək qətiyyən yolverilməzdir. Bu cür sözlər uşağın artıq mövcud olan vicdan əzabını və təşvişini daha da artırır.
İlk növbədə, uşağa onun dəyərinin topladığı baldan asılı olmadığını hiss etdirmək lazımdır. Məsələn, ona deyilə bilər ki, nəticə istədiyimiz kimi olmaya bilər, amma unutma, sən mənim üçün həmişə dəyərlisən və səni hər halda sevirəm. Uşağın məyusluğunu, kədərini və ya qəzəbini içində boğmasına deyil, rahat şəkildə ağlamasına və ya danışmasına şərait yaratmaq lazımdır. Emosiyaların basdırılması sonradan daha ağır psixoloji problemlərə yol aça bilər”.
Perspektiv dəyişikliyi: İmtahanı “son” deyil, “öyrənmə mərhələsi” kimi göstərmək
Psixoloqun fikrincə, uşağa bu imtahanın həyatın sonu olmadığını, sadəcə bir mərhələ olduğunu başa salmaq vacibdir:
“Tarix boyu bir çox uğurlu insanlar ilk cəhdlərində uğursuzluqla qarşılaşıblar. Uşağa anlatmaq lazımdır ki, zəif bal toplamaq onun axmaq və ya bacarıqsız olduğunu göstərmir; bu, sadəcə həmin günkü hazırlıq səviyyəsinin, strategiyanın və ya şəraitin nəticəsidir. İmtahandan dərhal sonra deyil, emosiyalar bir qədər sakitləşdikdən, bir neçə gün keçəndən sonra birlikdə əyləşib nəticəni təhlil etmək olar: “Harada çətinlik çəkdik? Sualı yanlış anladıq, yoxsa həyəcan idarəetməni ələ aldı?’”
Müsahibimiz qeyd edib ki, ümidsizliyi aradan qaldırmağın ən təsirli yolu hərəkətə keçməkdir:
“Uşağa alternativ yolları göstərmək lazımdır: Bu yol olmadısa, deməli, bizim üçün başqa və bəlkə də daha uyğun bir qapı açılacaq. Gəl birlikdə növbəti addımı düşünək.Sinifdə sosial təzyiqin qarşısını almaq lazımdır. Müəllimlər aşağı bal toplamış şagirdləri digər şagirdlərin yanında tənqid etməməli, sinifdə “uğursuzlar” siyahısı yaratmaqdan çəkinməlidirlər.
Fərdi yanaşma və ruhlandırıcı söhbətlər də vacibdir. Müəllim şagirdə fərdi şəkildə yaxınlaşaraq onun potensialına inandığını göstərməli, “Səndə bu potensial var, sadəcə imtahan strategiyamızı dəyişməliyik” mesajını verməlidir. Uğursuzluqla qarşılaşan şagird valideyn və müəllimlərindən tənqid deyil, dəstək görməlidir. Valideyn və müəllim uşaq üçün bir “tramplin” rolunu oynamalı, onun yıxıldıqdan sonra daha güclü şəkildə ayağa qalxmasına kömək etməlidir”.




