Müəllimindən ilham aldı, tarixçi olmağa qərar verdi – İkiqat RFO qalibinin hekayəsi 

19 May, 2026 - 14:26
Müəllimindən ilham aldı, tarixçi olmağa qərar verdi

Bəzən gələcəkdə kim olacağımıza, hansı peşəni seçəcəyimizə asanlıqla qərar verə bilmirik. Lakin XI sinif şagirdi Zəhra çox erkən yaşlarda, sıradan bir dərs günündə gələcək peşə seçimini etmişdi.

Bakı şəhəri Xətai rayonu 165 nömrəli tam orta məktəbin XI sinfində təhsil alan Zəhra Süleymanova məktəb illəri ərzində bütün fənlərə eyni məsuliyyətlə yanaşsa da, 5-ci sinifdə qarşısına çıxan bir müəllim onun əsl potensialını üzə çıxarıb. Tarix fənni üzrə ikiqat RFO qalibi olan Zəhrada tarixə sevgi fənn müəllimi Ülviyyə Mikayılovanın dərsləri mükəmməl və dəqiq izah etməsi ilə başlayıb.

Zəhranın Respublika fənn olimpiadaları (RFO) macərası hələ 8-ci sinifdə oxuyarkən başlayıb. İlk sınaqlar, ilk həyəcanlar onu qorxutmayıb, əksinə, daha da həvəsləndirib. Elə bu əzmin nəticəsi olaraq 9-cu sinifdə RFO-da tarix fənni üzrə bürünc medal qazanıb. Paralel olaraq, fəal şagird kimi “Ən yaxşı təqdimat” müsabiqəsində və “Qərbi Azərbaycana Qayıdış Olimpiadası”nda da qüvvəsini sınayıb.

Zirvə isə 11-ci sinifdə gəlib. Buraxılış imtahanlarının gərginliyinə baxmayaraq, Zəhra vaxtını elə nizamlayıb ki, həm dərslərini çatdırıb, həm də RFO-ya hazırlaşıb. Bu gərgin əməyin mükafatı isə builki olimpiadada qazanılan gümüş medal olub. Zəhra RFO suallarının mahiyyətini və o dövrdəki hisslərini belə ifadə edir:

“RFO-ya hazırlaşdığım vaxtlar çətin, zəhmətli və həyəcanlı olmaqla bərabər, həm də mənim üçün çox qürurverici idi. Bilirdim ki, olimpiada sualları təkcə quru bilik yox, eyni zamanda dərin məntiq, bacarıq tələb edir, düşündürücü olur. Amma mənim ən böyük arzum elə ilk günlərdən bəri RFO qalibi olmaq idi və mən bu məqsədimə iki dəfə nail oldum”.

Zəhra üçün tarix həm də gələcək peşə seçimidir. O, ali təhsilini Bakı Dövlət Universitetinin “Tarix müəllimliyi” ixtisası üzrə davam etdirmək niyyətindədir. Görünür, vaxtilə öz müəllimindən aldığı o gözəl enerjini və savadı gələcəkdə o da öz şagirdlərinə ötürmək istəyir.

Bu gənc qız yaşıdlarına və arxasınca gələn şagirdlərə tövsiyələrini verməyi də unutmur: “Uğurlu olmaq və məqsədinizə çatmaq üçün çətinliklərdən qorxmayın, əksinə, əzmlə yolunuza davam edin”.
Zəhranın hekayəsi göstərir ki, düzgün istiqamət, müəllim əməyi və əzm birləşəndə heç bir hədəf əlçatmaz qalmır.