Müəllimlik ürək işidir – Tovuzlu gənc müəllim
Regionlarda çalışan gənc müəllimlər bu gün təhsilin keyfiyyətinə yeni nəfəs gətirirlər. Onlar müasir metodlarla dərs qurur, müasir çağırışlara müvafiq olaraq şagirdlərdə analitik düşüncə və rəqəmsal bacarıqların formalaşdırılmasına çalışırlar.
“Azərbaycan müəllimi” Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Tovuz şəhər Adil Qasımov adına tam orta məktəbdə 9 illik müəllimlik təcrübəsinə malik gənc və təşəbbüskar müəllim İlahə Yusifovanın fəaliyyəti ilə tanış olub.
“Əsas çağırışlardan biri şagirdlərdə riyaziyyata qarşı qorxu və stereotipləri aradan qaldırmaqdır”
2017-ci ildə MİQ imtahanında informatika fənni üzrə 50 bal toplayaraq müəllimlik fəaliyyətinə başlayan İlahə Yusifova 2018-ci ildə riyaziyyat fənni üzrə diaqnostik qiymətləndirmədə də 50 bal nəticə göstərib. 2025-ci ildə isə informatika üzrə sertifikasiya imtahanında 53 bal toplayaraq peşəkarlığını bir daha təsdiqləyib.
Söhbət zamanı gənc müəllim ilk olaraq uğur anlayışına aydınlıq gətirir. Onun üçün nəticə yalnız rəqəmlərlə ölçülmür: “Ən böyük uğurum şagirdlərimin riyaziyyata və rəqəmsal bacarıqlara marağını artırmağım olub. Xüsusilə əvvəllər çətinlik çəkən şagirdlərin özünəinam qazanması və dərslərdə aktiv iştirak etməsi mənim üçün ən böyük nailiyyətdir”.
O qeyd edir ki, riyaziyyata qarşı qorxu və stereotiplər hələ də mövcuddur: “Əsas çağırışlardan biri şagirdlərdə riyaziyyata qarşı qorxu və stereotipləri aradan qaldırmaqdır”.
“Diqqət dağınıqlığı problemi daha çox müşahidə olunur”
Müasir təhsil yanaşmaları barədə danışarkən İlahə müəllim rəqəmsal bacarıqların rolunu xüsusi vurğulayır: “Rəqəmsal bacarıqlar və STEAM müasir dövrdə şagirdlərə analitik düşünmə, problem həll etmə, yaradıcılıq və komanda ilə işləmə bacarığı qazandırır. Ölkəmizin təhsil sahəsində uğurla tətbiq olunan bu layihələr gələcəyin peşələrinə hazırlıq baxımından çox vacibdir və şagirdlərin texnologiyadan düzgün və səmərəli istifadə etməsinə kömək edir”.
Onun sözlərinə görə, müasir şagird artıq texnologiya ilə sıx əlaqədədir: “Müasir şagird daha məlumatlı və texnologiya ilə bağlıdır. Onlar daha sürətli düşünür, amma diqqət dağınıqlığı problemi də daha çox müşahidə olunur”.
Regionda çalışmağın müsbət tərəflərini müəllim belə izah edir: “Üstün tərəfi odur ki, şagirdlərlə daha yaxın münasibət qurmaq mümkündür və məktəb kollektivi daha səmimi olur”.
Lakin reallıqları da gizlətmir: “Çətin tərəfi isə texniki imkanların məhdud olması və resurs çatışmazlığıdır”.
“Ən əsası, bu ürək işidir”
İlahə Yusifova müəllimlik fəlsəfəsini bir neçə cümlədə ümumiləşdirir: “Məncə, müasir şagird üçün müəllim yalnız bilik verən deyil, həm də yol göstərən mentor və lazım gəldikdə psixoloji dəstəkdir”.
Sonda isə müəllimlik haqqında düşüncələrini səmimi şəkildə bölüşür: “Bu peşəni seçən hər kəs, ilk növbədə, səbirli və məsuliyyətli olmalıdır. Müəllimlik yalnız peşə deyil, həm də missiyadır. Şagirdlərin həyatına toxuna bilmək böyük şərəf və məsuliyyətdir. Və ən əsası bu ürək işidir”.



