Müraciət sayının artması “Maarifçi”nin nüfuzunun yüksəldiyini göstərir – Tünzalə Vəliyeva

2 Aprel, 2026 - 10:03
Müraciət sayının artması “Maarifçi”nin nüfuzunun yüksəldiyini göstərir

Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən IV “Maarifçi” tələbə-məzun təcrübə proqramı üzrə qeydiyyat prosesi başa çatıb. Proqramda iştirak üçün 5096 nəfər müraciət edib. Bu, indiyədək olan ən yüksək göstəricidir.

İştirakçıları nə gözləyir? Proqram nə vaxt başlayacaq? Elm və Təhsil Nazirliyinin əməkdaşı, "Maarifçi" tələbə-məzun təcrübə proqramının işçi qrupunun katibi Tünzalə Vəliyeva "Azərbaycan müəllimi"nə müsahibəsində prosesin bundan sonrakı mərhələlərindən də danışıb.

Fəallıq əvvəlki illərlə müqayisədə yüksək səviyyədə qiymətləndirilir

– “Maarifçi” tələbə-məzun təcrübə proqramına indiyədək ən yüksək sayda müraciətin qeydə alınması nə ilə əlaqədardır? Ötən müsahibənizdə qeydiyyat prosesini tətil dövrünə təsadüf etməsinin planlı olduğunu qeyd etmişdiniz. Maraqlıdır, ən yüksək müraciət sayı bununla əlaqədardır?

– Haqlısınız, fəallıq indiyə qədərki proqramlardan çox oldu. IV “Maarifçi” tələbə-məzun təcrübə proqramına bu il ümumilikdə 5096 nəfər müraciət edib. Bu göstərici proqrama gənclər arasında artan maraqla izah edilə bilər. Təbii ki, qeydiyyat mərhələsinin müəyyən hissəsinin tətil dövrünə təsadüf etməsinin də təsiri var. Belə ki, tətil dövründə tələbə və məzunların vaxt imkanlarının daha geniş olması onların proqram barədə məlumatlanmasına və müraciət etməsinə müsbət təsir edib. Ümumilikdə fəallıq əvvəlki illərlə müqayisədə yüksək səviyyədə qiymətləndirilir.

– Ümumiyyətlə, artım dinamikası hər proqramda müşahidə edilib…

– Elədir, “Maarifçi” tələbə-məzun təcrübə proqramına maraq ildən-ilə artmaqdadır. Proqramın ilk dəfə keçirildiyi vaxtdan etibarən qeydiyyat sayında davamlı artım müşahidə olunur. Belə ki, I “Maarifçi” tələbə-məzun təcrübə proqramı üzrə 1958 nəfər tələbə və məzun qeydiyyatdan keçmişdir. II “Maarifçi” proqramında bu göstərici 2741 nəfərə, III proqramda isə 3542 nəfərə yüksəlmişdir. Cari ildə keçirilən IV “Maarifçi” tələbə-məzun təcrübə proqramına isə 5096 nəfər müraciət edib. Bu statistika göstərir ki, proqram gənclər arasında getdikcə daha geniş maraq doğurur və hər il müraciət edənlərin sayında əhəmiyyətli artım qeydə alınır. Xüsusilə IV proqram üzrə müraciət sayının əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə artması proqramın nüfuzunun yüksəldiyini və gənclərin təhsil sahəsində praktiki təcrübə qazanmağa olan marağının gücləndiyini göstərir.

Müraciətçiləri hələ bir neçə seçim mərhələsi gözləyir
 
– İştirakçıları bundan sonra nə gözləyir?

– Qeydiyyat mərhələsi başa çatdıqdan sonra iştirakçıları bir neçə seçim mərhələsi gözləyir. Növbəti mərhələlərə müraciətlərin ilkin yoxlanılması, namizədlərin qiymətləndirilməsi və seçim prosesləri daxildir. Hər mərhələnin nəticələri ilə bağlı namizədlərə mərhələli şəkildə məlumat veriləcək.

– Konkret hansı mərhələlər olacaq?

– Namizədləri iki əsas seçim mərhələsi gözləyir. Əvvəlcə test imtahanında iştirak edəcəklər. Bu mərhələdə onların məntiqi düşünmə, analitik bacarıqları, davranış səriştələri, informasiya texnologiyaları, süni intellekt və ümumi dünyagörüşü üzrə bilikləri qiymətləndiriləcək. Bu mərhələni uğurla keçən namizədlər növbəti - müsahibə mərhələsinə dəvət olunacaqlar. Hər iki mərhələnin nəticələrinə əsasən ən yüksək nəticə göstərən namizədlər IV “Maarifçi” tələbə-məzun təcrübə proqramında iştirak etmək imkanı əldə edəcəklər.

– IV “Maarifçi” təcrübəyə nə vaxt başlayır?

– Seçim mərhələləri tamamlandıqdan sonra namizədlər qəbul nəticələri barədə məlumatlandırılacaqlar. IV “Maarifçi” tələbə-məzun təcrübə proqramının təcrübə mərhələsinin bu ilin yay aylarında başlanması planlaşdırılır. Dəqiq başlama tarixi və digər təşkilati məsələlər yekun seçim nəticələri elan olunduqdan sonra iştirakçılara təqdim ediləcək.

– Bu il proqramın şərtlərində və ya tətbiq prosesində hər hansı dəyişiklik nəzərdə tutulurmu?

– Cari ildə proqramın qəbul şərtlərində hər hansı dəyişiklik nəzərdə tutulmur. Əvvəlki illərdə olduğu kimi, ali təhsil müəssisələrinin IV kurs tələbələri, magistratura səviyyəsində təhsil alanlar və son üç il ərzində məzun olmuş şəxslər proqrama müraciət edə bilərlər.

“Maarifçi” işə qəbul proqramı deyil, təcrübə proqramıdır

– Təcrübə proqramına neçə nəfərin seçilməsi planlaşdırılır?

– Təcrübə proqramına seçiləcək namizədlərin sayı əvvəlcədən aparılmış sorğu əsasında müəyyən olunur. Belə ki, Elm və Təhsil Nazirliyində, tabeliyindəki qurumlarda və regional təhsil idarələrində, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində müvafiq sahələr üzrə təcrübəçi ehtiyacı müəyyən edilir və iştirakçıların sayı buna əsasən təsdiqlənir. “Təcrübəçi ehtiyacı” deyildikdə, sadəcə qurumda mentorluğun aparıla biləcəyi, tələbə və ya məzunun daha dərin biliklər əldə edəcəyi, nəzəri biliklərini düzgün tətbiq edə biləcəyi istiqamətlər müəyyənləşir. Bu il proqram çərçivəsində məhdud sayda iştirakçının təcrübəyə cəlb olunması nəzərdə tutulur. Seçim prosesi nəticəsində ən yüksək nəticə göstərən və proqramın tələblərinə uyğun namizədlərin iştirakına üstünlük veriləcək. İştirakçı sayı ilə bağlı dəqiq məlumat seçim mərhələləri tamamlandıqdan sonra açıqlanacaq. Əlavə olaraq qeyd etmək istəyirəm ki, “Maarifçi” işə qəbul proqramı deyil, təcrübə proqramıdır. Tələbə və ya məzunlar proqramda iştirak etməklə elm və təhsil sahasində bilik və bacarıqlarını artırırlar. Təcrübə müddətində bilik və bacarıqları ilə seçilən kadrlar qurumlarda müvafiq yardımçı vəzifələr üzrə vakansiya olduqda ehtiyat kadr kimi nəzərdən keçirilirlər. Ancaq burada qəti şəkildə proqramın işə qəbulla nəticələnəcəyi barədə vəd verilmir. Onu da əlavə edim ki, Elm və Təhsil Nazirliyində və strukturuna daxil olan qurumlarda işə qəbul “Dövlət qulluğu” haqqında müvafiq qanunvericiliyə əsasən aparılır. Sevindirici haldır ki, artıq “Maarifçi”lərimiz sırasında “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək” barədə sertifikat alanlar və müsabiqənin digər mərhələlərindən keçib “dövlət qulluqçusu” olanlar var.