Naxçıvanda 20 məktəbin rəhbər və müəllim heyətinə təlim keçirilib
“Rəqəmsal məktəb” layihəsi çərçivəsində Naxçıvanda elektron jurnala keçidlə əlaqədar təlimlər keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Naxçıvanda keçirilən təhsil işçilərinin sentyabr konfransında MR Təhsil Nazirliyi Aparatının Strateji planlaşdırma və daxili nəzarət şöbəsinin Analitik təhlil və statistika sektorunun müdiri Məmməd Bayramov deyib.
Sektor müdiri bildirib ki, təlimlərə ümumilikdə 20 məktəbdən 173 müəllim və rəhbər heyət cəlb olunub. Onlardan 133-ü müəllim, 19-u direktor, 21-i isə direktor müavinidir.
Məktəblərin 17-si Naxçıvan Şəhər Təhsil Şöbəsinin, 3-ü isə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan müəssisələrdir.
Qeyd edək ki, Naxçıvanın ümumi təhsil müəssisələrində yeni tədris ilindən “Rəqəmsal məktəb” platformasının tətbiqinə başlanılması nəzərdə tutulur. İlkin mərhələdə platformadan 20 ümumi təhsil müəssisəsinin 1200-dən artıq müəllimi və 14 mindən çox şagirdi istifadə edə biləcək.




