Naxçıvanda 30 illik axtarışdan sonra tapılan yazıda nə yazılıb?

2 İyun, 2026 - 13:09
Naxçıvanda 30 illik axtarışdan sonra tapılan yazıda nə yazılıb?

Arxeologiya və Antropologiya İnstitutu Naxçıvanda fəaliyyət göstərən Xaraba-Gilan arxeoloji ekspedisiyasının İlandağ ərazisində aşkarladığı e.ə. VIII əsrə aid qayaüstü Urartu mixi yazısı ilə bağlı açıqlama yayıb. 

İnstitutdan "Azərbaycan müəllimi"nə verilən məlumata görə, AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev, ekspedisiya rəhbəri dosent Bəhlul İbrahimli və tədqiqatçı Hüseyn Cəfərovun iştirakı ilə aparılan araşdırma nəticəsində uzun illər itmiş hesab edilən abidənin yeri dəqiqləşdirilib. Yazı ilk dəfə 1980-ci illərin sonunda aşkar edilsə də, sonradan onun dəqiq koordinatları müəyyən olunmayıb. 

Qeyd edək ki, İlandağ ərazisindəki qaya üzərində mixi yazılı mətndə Urartu çarı I Sardurinin oğlu İşpuini (e.ə.820-810 cu illər) və onun oğlu Menua (e.ə.786-764 illər) mədh olunub. Mövcud tərcümə versiyasına görə, mətndə bu sözlər əks olunub:

“Haldi tanrısının himayəsi altında Sardurinin oğlu İşpuini (və) İşpuininin oğlu Minua Arşini şəhərini fəth etdilər. Onlar (və ya o) Arşini şəhərinin torpağını fəth etdilər, onlar (və ya o) Aniani şəhərinin torpağını fəth etdilər və (və ya o) onu dağıtdılar.... o, Haldi tanrısı üçün bir stela ucaltdı. Puluadi torpağında bir ritual tətbiq etdi: O (ritualda iştirak edən) Puluadi torpağından Haldi tanrısına [bir öküz] və Haldi tanrısının arvadına bir inək qurban verə bilərmi?”.