Naxçıvanda beynəlxalq reytinqli şahmat turniri başlayıb
 
                                Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə Naxçıvan Şahmat Mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş beynəlxalq reytinqli şahmat turnirinin açılış mərasimi keçirilib.
"Azərbaycan müəllimi"nin məlumatına görə, açılış mərasimində Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev çıxış edərək bildiriblər ki, Zəfər Gününə həsr olunmuş bu turnir həm Vətən müharibəsində qazanılan tarixi Qələbənin rəmziddir, həm də gənclərin intellektual inkişafına dəstək verir. Turnir istedadlı şagirdlərin üzə çıxarılmasına və onların potensialının inkişafına xidmət edir.
Yarışın baş hakimi Tural Zeynalov iştirakçılara yarışın qaydaları barədə məlumat verdikdən sonra turnirə start verilib. 
Qeyd edək ki, turnirdə 87 şahmatçı iştirak edir: onların 51-i reytinqli, 36-sı reytinqsiz, 11-i qadın, 24-ü kişi iştirakçıdır. Yaş qrupları üzrə 6–16 yaş arasında 62 gənc şahmatçı, həmçinin 2 Türkiyə vətəndaşı və 5 veteran mübarizə aparır. Yarış  “İsveçrə” sistemi üzrə 9 turdan ibarət olacaq və 5 noyabra kimi davam edəcək.                        
 



 
                                                                                                                                                     
                                                                                                                                                     
                                                                                                                                                     
                                                                                                                                                     
                                                                                                                                                     
                                                                                                                                                    

 
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                            