Naxçıvanda beynəlxalq təhsil modeli: Beynəlxalq Kembric Məktəbində bir gün
Naxçıvanda son illər təhsil sahəsində həyata keçirilən yeniliklər arasında diqqət çəkən layihələrdən biri də Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Kembric Məktəbidir. Burada məqsəd yalnız şagirdlərə xarici proqram əsasında təhsil vermək deyil, eyni zamanda onları milli dəyərlərə bağlı, qlobal düşüncəli və gələcəyin çağırışlarına hazır fərdlər kimi yetişdirməkdir.
“Azərbaycan müəllimi” dərs ilinin ən son günlərində bu məktəbdə olub. Koridorlarda səs-küy, otaqlarda sakit dərs prosesi, həm bilgili, həm də azad ruhlu şagirdlərin məkanıdır bura.
Gəzdikcə həm rəhbərlik, həm müəllimlər, həm də şagirdlərlə söhbət edirik. Gördüyümüz mənzərə isə bir məktəbdən daha çox, yeni təhsil mühiti olur.
Bir ideyadan beynəlxalq məktəbə
Məlumat üçün bildirək ki, Kembric Məktəbi üçün hazırlıq işlərinə 2023-cü ildə başlanılıb. Təxminən bir il ərzində sənədləşmə prosesi aparılıb, tədris mühiti beynəlxalq standartlara uyğunlaşdırılıb, idarəetmə sistemi qurulub, müəllim heyəti formalaşdırılıb və şagird hazırlığı istiqamətində işlər görülüb.
2024-cü ilin iyul ayında məktəb Kembric lisenziyası əldə edib və həmin ilin sentyabrından rəsmi fəaliyyətə başlayıb.
Hazırda məktəbdə I, II, VI və VII siniflər fəaliyyət göstərir. Qəbul isə hər il I və VI siniflər üzrə aparılır və növbəti illərdə siniflərin mərhələli şəkildə genişləndirilməsi nəzərdə tutulur.
Beynəlxalq Kembric Məktəbinin direktoru Bayram Əliyev deyir ki, məktəbin yaradılmasının əsas səbəbi beynəlxalq təhsilə artan maraq və xarici universitetlərə qəbul prosesində yaranan ehtiyac olub: “Təhsil sistemi artıq beynəlxalq istiqamətdə inkişaf edir və bu proses son illərdə daha da sürətlənib. Naxçıvandan da çoxlu sayda şagird xarici universitetlərdə təhsil almaq istəyir. Lakin onlar müəyyən çətinliklərlə üzləşirdilər. Xarici universitetlərin bir çoxu beynəlxalq standartlarla təhsil almış, ingilis dilində akademik hazırlığa malik məzunlar gözləyir. Kembric proqramı məhz bu ehtiyacdan irəli gəldi. Məqsədimiz odur ki, şagirdlər Naxçıvandan ayrılmadan beynəlxalq səviyyəli təhsil ala və gələcəkdə dünyanın nüfuzlu universitetlərinə qəbul üçün daha hazır olsunlar”.
Bu məktəbin ənənəvi məktəblərdən əsas fərqi isə tədris proqramı və resurslardır. Direktor deyir ki, tədrisin böyük hissəsi Kembric proqramı əsasında qurulub və istifadə olunan dərsliklərin əksəriyyəti “Cambridge University Press” nəşrləridir: “Məktəbdə yalnız akademik nəticələr deyil, həm də şagirdlərin tənqidi düşüncə, yaradıcılıq, araşdırma və sosial bacarıqlarının inkişafı prioritet hesab olunur. Tədris prosesində “Global Perspectives” və “Well-being” kimi fənlər də yer alır. Bunu fənləri tədris edə bilən müəllimlərin seçimində isə ilk meyar ingilis dili biliyidir. İngilis dilində tədris aparan müəllimlərin yüksək səviyyədə dil bacarığına malik olması əsas şərtdir. Xüsusilə IELTS nəticələrinə diqqət yetirilir və adətən minimum 6.5–7 bal göstəricisi tələb olunur. Dil mərhələsindən sonra müəllimlərin fənn bilikləri və pedaqoji bacarıqları qiymətləndirilir. Namizədlər sınaq dərsləri keçir, onların sinif idarəetməsi və bilik ötürmə bacarıqları müşahidə olunur”.
Maraqlıdır ki, ilk ildən məktəbdə xarici müəllimlər də fəaliyyət göstərib və əsas məqsəd Kembric sisteminin qurulmasına akademik dəstək vermək olub. Hazırda da xarici müəllimlərlə əməkdaşlıq davam edir və növbəti illərdə riyaziyyat və elm (science) istiqamətləri üzrə yeni müəllimlərin cəlb olunması nəzərdə tutulur.
Burada eyni zamanda müəllimlərin inkişafına da xüsusi diqqət ayrılır. Yerli və xarici mütəxəssislərin iştirakı ilə davamlı təlimlər təşkil olunur. Kembric platforması vasitəsilə müəllimlər həm ödənişsiz, həm də ixtisasartırma məqsədli ödənişli təlimlərə qoşulurlar. Məktəb daxilində də akademik koordinator və rəhbərlik tərəfindən davamlı metodiki dəstək göstərilir.
Bayram Əliyev deyir ki, əsas məqsəd şagirdləri beynəlxalq arenaya çıxarmaqdır: “Bu səbəbdən beynəlxalq olimpiadalara və akademik yarışlara xüsusi önəm veririk. Bu istiqamətdə artıq ilk addımlar atılıb və məktəbdə beynəlxalq səviyyəli olimpiada layihələri həyata keçirilib. Məktəbdə HIPPO Olimpiadası və Almaniya mərkəzli beynəlxalq Eynşteyn Olimpiadası keçirildi və 18 şagirdimiz Enşteyn Olimpiadasının final mərhələsinə vəsiqə qazandı, digər olimpidada isə 6 şagird növbəti mərhələyə keçib. Məktəb olaraq valideynlərlə mütləq şəkildə koordinasiya içində oluruq. Həm də müasir idarəetmədə məlumat əsaslı idarə etmə əsasdır”.
Təbii ki, bu məktəbə daxil olmaq da o qədər asan deyil. Seçim imtahanla olur və dərslər ingilis dilində keçirildiyi üçün şagirdlərdən yüksək ingilis dili və riyazi bacarıqları tələb olunur. Adətən 55-60 bal toplayan şagirdlər məktəbə qəbul olunur.
Məktəbdə yerli kurikulumla Cambridge proqramı inteqrasiya olunub. Məqsəd odur ki, gələcəkdə şagirdlər həm yerli attestat, həm də Kembric diplomu əldə edə bilsinlər. Eyni zamanda məktəbdə Azərbaycan dili və riyaziyyat proqramı saxlanılır, ikinci xarici dil kimi isə alman dili tədris olunur.
Kembric diplomları dünyanın ən prestijli, yəni qlobal reytinqdə top-500-də olan bütün universitetlər tərəfindən tanınır, şagirdlər birbaşa diplomla bu universitetlərin hər birinə qəbul oluna bilərlər.
Məktəbin digər üstünlüklərindən biri rəqəmsal idarəetmə sistemidir. Elektron jurnal tətbiq olunur və qiymətləndirmələr daxil edilən kimi valideynlər nəticələri görə bilirlər.
“Burada sadəcə dərs keçmirik”
Söhbətləşdiyimiz ibtidai sinif şagirdləri ilə işləyən ingilis dili müəllimi Türkan Həsənzadə məktəbin ilk günlərindən bu layihənin iştirakçısıdır. Deyir ki, universitet auditoriyasından ibtidai siniflərə keçmək ilk vaxtlar fərqli təcrübə olub: “2014-cü ildən universitetdə çalışıram. Böyük yaş qrupu ilə işləməyə öyrəşmişdim. Amma burada tam fərqli yanaşmalar tətbiq etməli oldum. Bu proses məni də inkişaf etdirdi”.
Türkan müəllim deyir ki, burada əsas fərq dərs metodikasındadır: “Biz daha çox interaktiv üsullardan istifadə edirik. Uşaqlar yalnız dinləmir, müzakirə edir, tətbiq edir, nəticə çıxarır. İnteraktiv lövhələr, oyunlar və praktik fəaliyyətlər xüsusilə ibtidai siniflərdə böyük rol oynayır”.
Təbii ki, bu metod ilk dövrlərdə şagirdlər üçün də asan olmayıb: “Bu sistem onlar üçün yeni idi. Bəziləri hazırlıq qruplarından gəlmişdi, çoxu isə sıfırdan başlayırdı. Buna baxmayaraq, uşaqlar çox yaxşı nəticələr göstərdilər. Hazırda şagirdlərimizin böyük hissəsi ingilis dilindən sadəcə dərs kimi yox, ünsiyyət vasitəsi kimi istifadə edir. Onlar gündəlik söhbətlərdə, tənəffüsdə, layihə işlərində və birgə fəaliyyətlərdə ingilis dilində ünsiyyət qururlar. Artıq dili tərcümə etmədən düşünərək istifadə etməyə başlayırlar”.
Müəllim və şagirdlərlə söhbət zamanı anlaqdıq ki, məktəbdə milli dəyərlərin qorunmasına da xüsusi yanaşılır. Türkan müəllim də deyir ki, məktəbin fəaliyyətə başladığı ilk gündən əsas yanaşma ondan ibarət olub ki, şagirdlər qlobal təhsil alsalar da, milli-mənəvi dəyərlərinə bağlı böyüsünlər:
“Məktəbdə Novruz bayramı, milli adətlər, Azərbaycan mədəniyyəti və ənənələri ilə bağlı tədbirlər keçirilir. Məqsədimiz gələcəkdə dünyanın istənilən yerində təhsil alan, amma öz kimliyini və dəyərlərini qoruyan gənclər yetişdirməkdir”.
Qeyd edildiyi kimi, məktəbdə əsas fərq tədris metodlarındadır. Dərslər daha çox interaktiv üsullarla təşkil edilir. Ənənəvi məktəblərdə adətən müəllim mərkəzli tədris üstünlük təşkil edirsə, burda şagirdlərdən daha çox məlumatı yadda saxlamaq gözlənilir. Uşaqlar sadəcə nəzəri bilik almırlar, həmin bilikləri tətbiq edir, müzakirə edir və praktik fəaliyyətlərlə möhkəmləndirirlər.
Məktəbin maddi-texniki bazası da bu prosesə ciddi dəstək verir. İnteraktiv lövhələrdən, müxtəlif öyrədici oyunlardan və müasir resurslardan istifadə edirik. Xüsusilə ibtidai siniflərdə bu yanaşma uşaqların diqqətini dərsdə saxlamağa və öyrənməni daha maraqlı etməyə kömək edir.
“Burada özünəinam qazandım”
Məktəbin VII sinif şagirdi Asif Axunzadə deyir ki, bu məktəb onun həyatında yalnız akademik deyil, şəxsi dəyişikliklər də yaradıb: “Məktəbə gəlməzdən əvvəl böyük auditoriya qarşısında danışmaqda çətinlik çəkirdim. Daha çox utanırdım. Burada təhsil almağa başladıqdan sonra özünəinamım artdı, ictimai çıxışlar etmək və insanlarla ünsiyyət qurmaq mənim üçün daha rahat oldu.
Eyni zamanda, ingilis dili bacarıqlarım ciddi şəkildə inkişaf edib. Hazırda daha səlis danışıram, söz ehtiyatım genişlənib və məlumatları birbaşa ingilisdilli mənbələrdən əldə edə bilirəm”.
Asif ən çox riyaziyyat və elm fənlərini sevir. Məktəbdən kənarda da aktivdir, kiber təhlükəsizlik və texnologiya sahəsinə maraq göstərir. Stolüstü tennisi yaxşı oynayır, “Formula 1” ilə maraqlanır.
Bu il isə onun üçün xüsusi uğur ili olub. Çünki HIPPO olimpiadasının milli final mərhələsində qızıl medal qazanıb: “Daha əvvəl də beynəlxalq yarışlarda iştirak etmişdim, amma bu nəticə mənə əlavə motivasiya verdi. Qarşıdakı mərhələyə hazırlıq üçün olimpiadanın təqdim etdiyi resurslardan, sınaq tapşırıqlarından istifadə edirəm və əlavə məşğələlər edirəm. Məqsədim növbəti mərhələdə də uğurlu nəticə göstərməkdir. Düşünürəm ki, bu cür beynəlxalq mühit həm yeni dostluqlar qurmağa, həm də fərqli ölkələrin nümayəndələri ilə təcrübə mübadiləsi aparmağa imkan yaradır. Eyni zamanda, Azərbaycanı və Naxçıvanı tanıtmaq üçün də yaxşı fürsətdir”.
Asif gələcəkdə mühəndis olmaq, xaricdə təhsil almaq və nüfuzlu universitetlərə qəbul olmaq istəyir.
Rəsm, yaradıcılıq və axtarış dövrü
Məktəbin 7-ci sinif şagirdi Şəms İsayeva isə yaradıcılığı ilə seçilən şagirdlərdəndir. Uşaqlıqdan rəsm çəkir. Təbiət təsvirləri, portretlər və tarixi mövzular onun xüsusi maraq dairəsidir.
O həm də məktəbin “Art” dərnəyinin üzvüdür, Əcəmi Naxçıvaninin 900 illiyinə həsr elədiyi “Qədim Naxçıvan” əsəri beynəlxalq müsabiqəyə göndərilib. Şəms yaxında baş tutacaq III Qərbi Azərbaycan Festivalına da rəsm əsəri təqdim edəcək. Bunun üçün artıq o, Bəhruz Kəngərlinin “Qaçqınlar” silsiləsindən “İki qadın fiquru” əsərini yağlı boya ilə kətan üzərinə köçürüb: “Son aylarda məktəbdə incəsənət istiqamətində daha fəal iştirak edirəm. Məktəbdə bizi təkcə texniki baxımdan deyil, həm də mövzu seçimində düşündürməyə çalışırlar”.
Şəmsin musiqiyə də marağı var və bu istiqamətdə özünü inkişaf etdirməyə çalışır. Onun yaxında solo konserti də planlaşdırılır. O, həm də HIPPO olimpiadasında uğurlu nəticə əldə edib. Gələcəkdə hansı sahəni seçəcəyinə qərar verməsə də, kimya fənni ona maraqlı gəlir: “Kimyanın praktik tərəfi mənə maraqlı gəlir. Laboratoriya işləri, müşahidələr və müxtəlif təcrübələr dərsi daha maraqlı edir”.
“Dizayner olmaq istəyirəm”
VII sinif şagirdi Fatimə Əliyeva isə gələcəyini daha çox yaradıcılıq sahəsində görür. Ən çox sevdiyim fənn elmdir (science). Deyir ki, bu fənni öyrənməkdən həqiqətən zövq alır: “Dərslərimiz daha çox interaktiv formada keçirilir. Müəllimlərlə birlikdə müxtəlif fəaliyyətlər həyata keçiririk, sinif yoldaşlarımızla fikir mübadiləsi aparırıq və mövzular üzərində birlikdə işləyirik. İndiyə qədər müxtəlif olimpiadalarda iştirak etmişəm. Ən böyük uğurlarımdan biri elm olimpiadasında əldə etdiyim nəticə olub və həmin yarışda gümüş medal qazanmışam”.
Maraqlıdır, ən çox sevdiyi fənn elm olsa da, gələcək planları fərqlidir.
“Dizayner olmaq istəyirəm. Evdə otağımı fərqli şəkildə dizayn etməyi sevirəm. Ailəmin də bu sahəyə marağı məni həvəsləndirib və düşünürəm ki, bu istiqamətdə inkişaf edə bilərəm”.
O xaricdə təhsil almağı düşünür və ilkin seçim kimi İngiltərəni nəzərdən keçirir.
İki yaşından ingilis dilinə maraq yaranıb
Məktəbin 2-ci sinif şagirdi HIPPO Olimpiadasında gümüş medal qazanan İnci Bağırlı deyir ki, ingilis dilini kiçik yaşlarından öyrənməyə başlayıb: “Təxminən iki yaşım olandan bu dilə marağım yaranıb, sonradan isə kurslara gedərək biliklərimi inkişaf etdirmişəm. Burada təhsil almağa başladıqdan sonra ingilis dilində özümü daha rahat ifadə etməyə başlamışam. Yeni sözlər öyrənmişəm, danışıq bacarığım inkişaf edib və insanlarla daha sərbəst ünsiyyət qura bilirəm. Hətta özümün youtub kanalım da var ki, burada ingilis dilli məzmunlar paylaşıram”.
İnci deyir ki, ümumiyyətlə, bütün fənləri sevir, amma elm fənni ona daha yaxındır və bu sahəyə xüsusi marağı var. Gələcəkdə isə baytar olmaq istəyir: “Heyvanları çox sevirəm və onlarla işləmək mənə maraqlı gəlir. Ailəm seçimlərimə hörmətlə yanaşır və məni dəstəkləyir. Eyni zamanda fərqli sahələri də araşdırmağımı tövsiyə edirlər”.
Məktəbin üstünlüklərindən biri də odur ki, şagirdlər dərs başlayanda telefonlarını təhvil verir, dərs bitəndə götürürlər. Valideynlər də rahat olurlar, bilirlər ki, uşaqları güvənli yerdədir.
Kembric Məktəbində keçən bir neçə saat göstərdi ki, burada məqsəd yalnız yaxşı qiymət alan şagird yetişdirmək deyil. Burada uşaqların düşünməsi, sual verməsi, özünü ifadə etməsi, eyni zamanda milli kimliyini qoruması üzərində işlənir.
Beynəlxalq proqramla yerli dəyərlərin bir araya gəldiyi bu modelin necə nəticə verəcəyini zaman göstərəcək. Amma indidən görünən odur ki, məktəb şagirdlər üçün yalnız təhsil məkanı deyil, həm də inkişaf və özünü kəşf etmə mühiti olmağa çalışır.




