Naxçıvanda məktəblərə 4300 kompüter veriləcək - Nazir
“Naxçıvanda təhsil sahəsində rəqəmsallaşmanın genişləndirilməsi və maddi-texniki bazanın gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir".
Bu barədə “Azərbaycan müəllimi”nə açıqlamasında Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov deyib.
Nazir bildirib ki, qarşıdakı dövrdə əsas hədəflərdən biri təhsil müəssisələrinin maddi-texniki bazasının daha da gücləndirilməsi, müasir texnologiyalarla təminatın genişləndirilməsi və rəqəmsal transformasiyanın sürətləndirilməsidir. Şagird-kompüter nisbətinin ölkə məktəblərinin səviyyəsinə (6:1 nisbəti) çatdırılması üçün ümumilikdə 4300 yeni kompüterin alınması planlaşdırılır. Artıq 2290 noutbuk alınıb və 2026–2027-ci tədris ilinin əvvəlində məktəblərə paylanacaq. İlkin mərhələdə kompüterlər şagird kontingenti çox olan Naxçıvan şəhərində və rayon mərkəzlərində fəaliyyət göstərən böyük məktəblərə veriləcək.
Elxan Nəcəfov əlavə edib ki, proses mərhələli şəkildə davam etdiriləcək və növbəti mərhələdə daha 2100 noutbukun da təhsil müəssisələrinə çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, həyata keçirilən layihələr nəticəsində məktəblərdə tədrisin keyfiyyətinin yüksəldilməsi, innovativ yanaşmaların tətbiqi və rəqəmsal təhsilin imkanlarının genişləndirilməsi əsas prioritetlər sırasındadır.



