Naxçıvanda narkotikin zərərləri ilə bağlı məktəblilərlə profilaktik söhbətlər aparılıb

3 Mart, 2026 - 14:02
Naxçıvanda narkotikin zərərləri ilə bağlı məktəblilərlə profilaktik söhbətlər aparılıb

Naxçıvan şəhərində və muxtar respublikanın bir sıra rayonlarında fəaliyyət göstərən ümumtəhsil müəssisələrində şagirdlərlə profilaktik xarakterli tədbirlər keçirilib. Görüşlər “Narkotiklərə yox deyək!”, “Təhlükəsiz yol hərəkəti – təhlükəsiz gələcək” və “Rəqəmsal mühitdə təhlükəsizlik qaydaları” mövzularına həsr olunub.

"Azərbaycan müəllimi " xəbər verir ki, tədbirlərdə çıxış edən polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirlərindən, bu maddələrin insan sağlamlığına və cəmiyyətə vurduğu zərərdən, xüsusilə də gənc nəslin fiziki və mənəvi inkişafına göstərdiyi mənfi təsirlərdən danışıblar. Qeyd olunub ki, sağlam həyat tərzi seçimi hər bir gəncin gələcəyinin əsas təminatıdır.

Şagirdlərə yol hərəkəti qaydalarına düzgün əməl etməyin vacibliyi izah edilib, yol nişanları, işıqforların tələbləri və piyada keçidlərindən təhlükəsiz istifadə ilə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, qaydalara riayət etmək həm özlərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin edir.

Eyni zamanda sosial şəbəkələr və digər internet platformalarında rast gəlinən kiberdələduzluq halları barədə məlumat verilib, naməlum şəxslərlə ünsiyyət zamanı diqqətli olmağın, şəxsi məlumatları paylaşmamağın vacibliyi vurğulanıb. Polis əməkdaşları tərəfindən bu kimi hüquqazidd əməllərə qarşı həyata keçirilən qabaqlayıcı tədbirlər barədə də şagirdlər məlumatlandırılıb.

Görüş çərçivəsində mövzulara dair maarifləndirici videoçarxlar nümayiş etdirilib, real hadisələr əsasında müzakirələr aparılıb və şagirdlərin fəal iştirakı təmin olunub.

Həmçinin Polis Akademiyasında təhsil imkanları, qəbul şərtləri və daxili işlər orqanlarında xidmətin üstünlükləri barədə də geniş məlumat verilib.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.