Nazir: Məktəbəqədər təhsil PISA nəticələrində böyük fərq yaradır

8 Sentyabr, 2026 - 12:59
Nazir: Məktəbəqədər təhsil PISA nəticələrində böyük fərq yaradır

"Arzuolunandır ki, uşaqlar heç olmasa bir, iki il məktəbəqədər təhsilə getsinlər".

“Azərbaycan müəllimi xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025- Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramının nəticələrinin təqdimatı zamanı deyib.

Onun sözlərinə görə, məktəbəqədər təhsilin genişləndirilməsi ilə bağlı islahatlar hələ yeni başladığından bunun PISA nəticələrində tam təsirinin görünməsi üçün müəyyən vaxt tələb olunur: “İnanıram ki, qarşıdakı illərdə məktəbəqədər təhsilin nəticələrə təsirini daha aydın görəcəyik".

E.Əmrullayev qeyd edib ki, iri kəndlərdə şagirdlərin nəticələri böyük şəhərlərdəki göstəricilərə daha yaxın olsa da, kiçik kəndlərdə nəticələr nisbətən aşağı olur:

"Bunun səbəblərindən biri kiçik yaşayış məntəqələrində məktəblərin və siniflərin sayının azlığıdır. Böyük kəndlərdə də bu göstərici böyük şəhərlərdəki kimidir. Kiçik kəndlərdə isə nəticələrin daha aşağı olduğunu görürük. Burada söhbət regional məktəblərdən gedir. Bəzi kiçik kəndlərdə elə siniflər var ki, şagird sayı çox azdır. Məktəblərin rasionallaşdırılması, xüsusilə kiçik kəndlərdə şagirdlərin daha böyük məktəblərdə təhsil almasının təmin edilməsi nəticələrə müsbət təsir göstərə bilər".

Nazir əlavə edib ki, rasionallaşdırma kiçik kəndlərdə məktəblərin hansı formada təşkil olunması, böyük siniflərin formalaşdırılması məsələsidir:

"Bu amil də nəticələrin yüksəlməsinə təsir göstərir. Azərbaycanda məktəbəqədər təhsilə cəlb olunan uşaqların nəticələri daha az və ya heç yararlanmayanlarla müqayisədə fərqlənir. Məktəbəqədər təhsilə getməyən uşaqların 15 yaşındakı riyazi savadlılıq göstəricisi 373 bal olub. Ən azı bir il məktəbəqədər təhsil alan uşaqlarda isə bu göstərici daha yüksəkdir. Görürsünüz, böyük fərq var. İkinci ildən etibarən nəticələrdə fərq artıq görünür. Bu da göstərir ki, bizim qəbul etdiyimiz qərar doğrudur".