Nazir: SABAH ali təhsil sisteminin brendinə çevrilib

8 İyul, 2026 - 15:49
Nazir: SABAH ali təhsil sisteminin brendinə çevrilib

“SABAH qrupları Azərbaycan ali təhsil sisteminin bir brendinə çevrilib. Eyni zamanda da Azərbaycan ali təhsil sistemində keyfiyyətlə bağlı olan hədəflərimiz istiqamətində atılmış ən mühüm addımlardan biridir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev “SABAH-ın Məzunu 2026” tədbirində səsləndirib.

Nazir bildirib ki, bu gün məzun olan SABAH tələbələrinin bir çoxu bu layihə başlayarkən hələ orta məktəbdə oxuyan, yaxud da təhsilin digər səviyyələrində təhsil alan uşaqlar olublar:

“Həmin dövrdə Azərbaycan ali təhsili də elə fərqli yerdə, fərqli səviyyədə idi. SABAH Azərbaycan təhsilinin sabahıdır. Müəyyən bir zamandan sonra SABAH qrupları böyüyərək artıq Azərbaycan təhsilinin bu gününə çevriləcək”. 

Emin Əmrullayev SABAH layihəsinin yaradılmasında əməyi keçən rektor və mütəxəssislərə təşəkkür edərək bildirib ki, bu prosesdə Mikayıl Cabbarovun xüsusi rolu olub:

“Təkcə bu il məzun olanlar Ulu Öndər Heydər Əliyevin adını daşıyan bu zalı doldura bilib. Bəlkə də, indiyə qədər bütün məzunlarını toplasaq, bir neçə zal dolar. Hər birinizin bir fərd, bir mütəxəssis olaraq  Azərbaycanın gələcəyinə, Azərbaycanın davamlı inkişafına, Azərbaycanda sosial rifahın və insan xoşbəxtliyinin artmasına, ölkəmizin qüdrətli bir ölkəyə çevrilməsi istiqamətində rolu var”.

Nazirin sözlərinə görə, təhsilin bütün mənası insan yetişdirmək və bu insanları öz ölkəsinə layiq və dəyərli bir insana, yəni resursa çevirməkdən ibarətdir.