Nazir: STEAM təhsili 5 ildə böyük inkişaf yolu keçib

17 Noyabr, 2025 - 11:55
Nazir: STEAM təhsili 5 ildə böyük inkişaf yolu keçib

“Azərbaycanda STEAM təhsilinin 5 il ərzində böyük inkişaf yolu keçməsi, minlərlə şagirdin bu prosesə qoşulması və innovativ düşüncənin təhsil sistemində genişlənməsi festivalın əhəmiyyətini daha da artırır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev bu gün Bakı Ekspo Mərkəzində Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalının (SAF 2025) açılış mərasimində deyib.

O qeyd edib ki, xüsusilə bu dəyişimin əsas hissəsini azyaşlı uşaqlar, məktəblilər və müəllimlər təşkil edirlər. Müəllimlərimizin də bu sahədə bilik və bacarıqlarının artması böyük əhəmiyyət daşıyır:

“Bu təşəbbüs ilk dəfə 2018–2019-cu illərdə ortaya qoyulanda, açığı, onun bu qədər geniş vüsət alacağı və böyük miqyasda inkişaf edəcəyi tam gözlənilmirdi. Amma elə həmin dövrdə göstərilən dəstək növbəti illərdə bizə imkan verdi ki, həm tərəfdaşların sayını artıraq, həm də layihəni ölkə üzrə genişləndirək”.

O qeyd edib ki, artıq ilk illərlə müqayisədə 50 dəfədən çox tədris resursu, metodologiya və sistem modeli hazırlanıb tətbiq olunur. Hazırda ölkənin 21 bölgəsində STEAM mərkəzi fəaliyyət göstərir.