“Nazirliyin yerində olsaydım...” – “Maarifçi”lərin fərqli yanaşmaları 

23 Sentyabr, 2026 - 14:02
“Nazirliyin yerində olsaydım...”

Elm və Təhsil Nazirliyində növbəti görüş keçirilib. Təlim xarakterli görüşün əsas iştirakçıları bu dəfə də “Maarifçi”lər, qonaq isə onlara artıq tanış olan simalardan biri – Elm və Təhsil Nazirliyinin Strateji planlaşdırma və təhlil şöbəsinin müdiri Leyla Xəlilova Rzazadə idi.

Bu, sadəcə tapşırıqdır

Leyla Xəlilova Rzazadə IV “Maarifçi” proqramının iştirakçılarına “Elm və Təhsil Nazirliyinin strateji inkişaf yolu xəritəsi” mövzusunda təlim keçib.

Təlim zamanı əvvəlcə strateji planlaşdırmanın əsas sualları ətrafında fikir mübadiləsi aparılıb. Şöbə müdiri qeyd edib ki, planlaşdırma zamanı ilk növbədə “Biz indi haradayıq?” sualına cavab tapılmalıdır. Bunun üçün mövcud vəziyyəti əks etdirən məlumat bazasının olması vacibdir.

Növbəti sual “Hara getmək istəyirik?”dir. Bu isə qısa, orta və uzunmüddətli hədəflərin müəyyənləşdirilməsini tələb edir. “Hədəfimizə necə çatacağıq?” sualına cavab axtararkən maliyyə və insan resurslarından tutmuş, planın kim tərəfindən və necə icra olunacağına, məqsədə çatmaq üçün hansı addımların atılacağına qədər bir çox məsələnin nəzərə alınması zəruridir.

Daha sonra görülən işlərin hansı meyarlarla ölçüləcəyi müəyyənləşdirilməlidir. Monitorinq, qiymətləndirmə və hesabatlılıq da məhz bu mərhələnin əsas komponentlərindəndir. Sonuncu sual isə bütün bu prosesdə “Kim cavabdehdir?” məsələsinə aydınlıq gətirir.

Bu sualların cavabını “Maarifçi”lər elə həmin təlimdə praktik şəkildə axtarıblar. Tapşırıq verilən kimi gənclər komandalar şəklində işə başlayıb, heç bir əlavə göstəriş gözləmədən qarşıya qoyulan məsələyə uyğunlaşıblar. Hər komanda öz “cavabdeh”ini müəyyənləşdirib.

Ardınca “cavabdehlər” təqdimatlarla çıxış edərək komandalarının fəaliyyətini və gəldikləri nəticələri təqdim ediblər. Canlı müzakirələr, fikir mübadiləsi və tapşırığa yanaşmadakı həvəs o qədər yüksək olub ki, gəncləri bunun sadəcə təlim çərçivəsində verilmiş bir tapşırıq olduğuna inandırmaq heç də asan olmayıb.

"“Maarifçi” proqramı sayəsində gənclərlə birlikdə mən də öyrənirəm"

Təlimin sonunda məqsədə nail olunub. Gəncləri müxtəlif tapşırıqlar ətrafında düşündürən və müzakirələrə cəlb edən Leyla Xəlilova Rzazadə təlimdən razı qalıb.

O, “Azərbaycan müəllimi”nə “Maarifçi”lərin onda yaratdığı təəssüratlardan danışıb:

“İşlədiyim sahə – təhsildə strateji planlaşdırma və hesabatlılıq geniş bir sahədir. Biz bu gün “Maarifçi”lərlə gündəlik işlərimizdən deyil, strateji hədəflərimizdən, həmin hədəflərə çatmağın yolları və alətlərindən, gələcəyə dair planlarımızdan danışdıq, onların fikirlərini soruşdum. Çünki bu məsələlər – planlar, islahatlar məhz müzakirələrdən, ictimai iştirakçılıqdan yaranır”.

Şöbə müdiri qeyd edib ki, IV “Maarifçi”lər tələbə həyatını yenicə başa vurmuş gənclər olsalar da, gələcəyə dair düşüncələri var və bu onların müzakirələrdə fəal iştirakından, əsaslandırılmış fikirlər səsləndirməsindən aydın görünür.

“Təmsil olunduğum sahə elə bir sahədir ki, burada təcrübədən çox müzakirəyə ehtiyac var. Məhz müzakirə etmək, nəticə çıxarmaq bacarığı yüksək olan gənclərlə təlim keçdik. Ümumiyyətlə, düşünürəm ki, hər dəfə “Maarifçi” proqramına daha çox müzakirəyönümlü, fikrini bildirməkdən çəkinməyən gənclər müraciət edirlər”.


Gənclərin fəallığı təlimçinin gözləntilərini də doğruldub:

“Bu tip auditoriyalarda və bu yaş qruplarında işləyənlər nəinki müzakirəyə, hətta fikri özünə cəlb etməyə, cavab almağa belə çətinlik çəkirlər. Amma “Maarifçi” gənclər təlimin ilk anlarından maraqlı fikirlər səsləndirdilər, müzakirələrə qoşuldular. Nəticədə mənim üçün də maraqlı olan, özümün də öyrəndiyim, müzakirədən zövq aldığım bir platforma yarandı”.

Leyla Xəlilova Rzazadə regional idarələrdə təcrübə keçən və təlimə onlayn qoşulan gənclərlə bağlı təcrübədən də danışıb:

“Biz ötən il də bu təcrübəyə müraciət etmişdik. Sadəcə təlimə qatılanların deyil, iştirak edə bilməyənlərin də təqdimatlarını yazılı şəkildə alırıq. Onların nazirlikdə və tabe qurumlarda fəaliyyəti davam etdiyindən, təqdimatları üzərində müzakirəni bundan sonra da davam etdirə bilərik”.

Şöbə müdiri “Maarifçi” proqramının onun üçün də öyrənmə platformasına çevrildiyini vurğulayıb:
“Növbəti – IV “Maarifçi”lərə təlim keçirəm. “Maarifçi” proqramı sayəsində gənclərlə birlikdə mən də öyrənirəm, təlim təcrübəmi artırıram, daha yaxşı olmağa çalışıram”.

Gözləri verilən tapşırığı yerinə yetirməyin həyəcanı ilə parıldayan gənclər bu dəfə özlərini Elm və Təhsil Nazirliyinin yerinə qoyaraq qarşıya çıxan məsələlər üçün optimal həll yolları axtarıblar.
Bəs onların yanaşmaları necə olub?

“Uğurlu təhsil modeli üçün vahid formul yoxdur”

IV “Maarifçi” Aysun Hüseynova təlim çərçivəsində “Elm və Təhsil Nazirliyinin strateji inkişaf yolu xəritəsi” hazırladıqlarını deyib.

“Bu prosesdə təhsil sahəsində həyata keçirilən proseslərə daha sistemli yanaşmağı öyrəndim. Təlim zamanı təhsil siyasətində uzunmüddətli hədəflər müəyyənləşdirdik, müxtəlif təhsil pillələrini bir-biri ilə əlaqələndirdik, eləcə də təhsilin keyfiyyətinin və rəqabətqabiliyyətliliyinin artırılması istiqamətində öz yanaşmalarımızı irəli sürdük”.

Aysun Hüseynova üçün təlimin ən maraqlı hissələrindən biri beynəlxalq təcrübənin öyrənilməsi olub:
“Finlandiya, Estoniya və Sinqapur təcrübələrinin müqayisəsi mənim üçün çox maraqlı oldu”.
Gənc “Maarifçi” təlimdən özü üçün mühüm bir nəticə çıxarıb:

“Fərqli ölkələr eyni məqsədə – keyfiyyətli və gələcəyə uyğun təhsil sisteminin qurulmasına – müxtəlif yollarla çatmağa çalışır. Deməli, uğurlu təhsil modeli üçün vahid formul yoxdur. Finlandiya nümunəsində məktəb və müəllimlərin qərarvermə imkanlarının, Estoniya təcrübəsində rəqəmsallaşmanın və təhsil məlumatlarından sistemli istifadənin, Sinqapurda isə bacarıqların davamlı inkişafı və ömürboyu öyrənmə yanaşmasının ön plana çıxması bunu xüsusilə aydın göstərir.

Bir də anladım ki, başqa ölkələrin uğurlu təcrübəsini olduğu kimi tətbiq etmək deyil, həmin yanaşmaların hansı şəraitdə və hansı ehtiyaclara cavab verdiyini düzgün qiymətləndirmək daha vacibdir. Strateji planlaşdırmaya bu prizmadan yanaşmaq mənə həm Azərbaycanın təhsil sistemində müəyyən edilən prioritetləri daha yaxşı anlamağa, həm də beynəlxalq təcrübəyə daha analitik baxmağa imkan verdi”.

“Fikirlərimizin nazirliyin gündəmi ilə kəsişməsi xoş hiss idi”

IV “Maarifçi” Nigar Civişova da “Azərbaycan müəllimi” ilə təlimin yaddaqalan məqamlarını bölüşüb:
“Təlim zamanı təhsil sistemində həyata keçirilən islahatlar, Elm və Təhsil Nazirliyinin mövcud fəaliyyət istiqamətləri və qarşıdakı dövr üçün müəyyən etdiyi strateji hədəflər haqqında məlumat əldə etdik. Leyla xanım mövzunu interaktiv şəkildə təqdim edərək bizi müzakirələrə cəlb etdi və öz fikirlərimizi bölüşməyə imkan yaratdı”.

Onun üçün təlimin ən maraqlı məqamlarından biri “Mən Elm və Təhsil Nazirliyinin yerində olsaydım...” yanaşması olub:

“Ən önəmlisi, “Mən Elm və Təhsil Nazirliyinin yerində olsam...” fikrinin sonunu nazirlikdə tamamladım. Başqa şəraitlərdə hər birimiz bu sualı verib təhsil sisteminin inkişafı ilə bağlı öz təklif və yanaşmalarımızı səsləndirmişik. Amma biz bu barədə fikrimizi məhz nazirlikdə ifadə etdik. Ən maraqlısı isə o idi ki, düşüncələrimizin bir çoxu nazirliyin gündəmindədir. Bu, həqiqətən xoş bir hiss idi. İnsan öz fikirlərinin və baxışlarının daha geniş strateji yanaşmalarla kəsişdiyini görəndə özünü fərqli hiss edir. Bu hissi bu təlimdə yaşadım, maraqlı təcrübə oldu”.

Gənc “Maarifçi” üçün təlimin əsas nəticəsi isə daha geniş məna daşıyıb:

“Bu görüş mənə bir daha göstərdi ki, təhsil sisteminin gələcəyi haqqında düşünmək yalnız qərarverici şəxslərin deyil, bu sahənin bir parçası olan hər birimizin məsuliyyətidir”.