
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində oktyabrın 3-də ADA Universitetində “İqlim keçidində ali təhsilin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə giriş nitqi ilə çıxış edən ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə təhsil və iqlim dəyişikliyi məsələlərinin birgə müzakirəsinin aktual olduğunu söyləyib. Fariz İsmayılzadə bu mövzuda aparılan müzakirələr nəticəsində iqlim dəyişikliklərinə qarşı mübarizədə universitetlərin rolunun son dərəcə önəmli olduğunun bir daha təsdiqləndiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, təhsil, tədqiqat, gənclərin fəallığı olmadan bu prosesdə irəliləyişə nail olmaq çətindir.
Tədbirdə iştirak edən elm və təhsil nazirinin müavini Həsən Həsənli çıxışında gənclərin iqlim problemlərinə həssas yanaşmasının və yeni təşəbbüslərlə çıxış etməsinin əhəmiyyətini vurğulayıb. Nazir müavini bildirib ki, təhsil sistemi cəmiyyətin dayanıqlı inkişafı üçün mühüm alətdir. Məktəblərdə və universitetlərdə ekoloji mövzulara dair proqramların genişləndirilməsi, yeni alətlərin hazırlanması və gənclərin təşəbbüslərinin dəstəklənməsi gələcəkdə iqlimlə bağlı çağırışların həllinə töhfə verəcək. Bu sahədə təcrübə mübadiləsi və innovativ yanaşmalar xüsusi önəm daşıyır.
Nazir müavini həmçinin qeyd edib ki, ali təhsilin iqlim dəyişikliyi ilə mübarizədə rolu yalnız nəzəri biliklərlə məhdudlaşmır, praktiki bacarıqların və yeni texnologiyaların tətbiqini də tələb edir.
Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev öz növbəsində İqlim Fəaliyyəti Həftəsinin qlobal miqyasda formalaşmış uğurlu bir platforma olduğunu, burada dövlət strukturları ilə yanaşı qeyri-hökumət təşkilatları, özəl qurumlar, universitetlər və gənclərin bir araya gəldiyini qeyd edib.
COP29-un Prezidenti vurğulayıb ki, iqlim mövzusunda gənclərin iştirakı və onların biliklərinin artırılması gələcək nəsillərin dayanıqlı inkişafı üçün əsas şərtdir.
Çıxış edən Milli Məclisin deputatı, COP29-un iqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai gələcəyin əmək bazarının süni intellekt və rəqəmsallaşmanın təsiri altında sürətlə dəyişdiyini diqqətə çatdırıb. Bildirib ki, beş ildən sonra əmək bazarında hansı yeni peşələrin yaranacağını tam bilmirik. Lakin bir məsələ aydındır – yeni bacarıqlara böyük ehtiyac olacaq. Bu bacarıqları isə gənclərə aşılamaq üçün təhsil sistemi hazır olmalıdır. Təhsil müəssisələrimiz gənclərə gələcəyin vərdişlərini öyrətməlidir.
COP29-un iqlim üzrə gənclər çempionu Leyla Həsənova öz çıxışında əlavə edib ki, Bakı İqlim Fəaliyyəti Həftəsinin məqsədi həm gənclərin, həm də məktəblilərin iqlim dəyişikliyinin təsirlərini dərk etməsinə şərait yaratmaqdır. İqlim təhsili hər yaş qrupunu əhatə etməlidir. Bu gün artıq ibtidai sinif şagirdləri iqlim dəyişmələrinin mahiyyətini anlayırlar. Hətta uşaq bağçalarında da bu mövzular öyrədilməlidir. Ən böyük rol isə müəllimlərindir. Onlar yüzlərlə, minlərlə şagird və ailələrə təsir edə biləcək iqlim savadlılığının səfirləridir.
Tədbirdə iqlim dəyişikliklərinə qarşı mübarizədə təhsilin imkanları, gənclərin iştirakı və universitetlərarası əməkdaşlıq perspektivləri müzakirə olunub.
1 /10
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər