Bütün xəbərlər
14 iyul, 10:20

Bu gün Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişindən 56 il ötür. Müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən 14 iyul 1969-cu il Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcıdır. Ümummilli Lider tərəfindən əsası 56 il əvvəl qoyulmuş milli dirçəliş və tərəqqi yolu ölkəmiz üçün epoxal əhəmiyyət daşıyır.

Yarım əsrdən artıq müddəti əhatə edən bu tarixi inkişaf mərhələsində dahi şəxsiyyətin uzaqgörən və məqsədyönlü qərarları sayəsində respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayış baş verib. 

Heç şübhəsiz ki, Heydər Əliyevin xalqımız qarşısında ən böyük və tarixi xidmətlərindən biri müstəqil Azərbaycanın milli sərvəti olan zəngin intellektual potensialının təmin edilməsi idi. Elm və təhsili milli intibahın təminatında başlıca vasitə hesab edən Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə elmin, təhsilin hamisi olub. Daha lider çıxışlarında qeyd edirdi ki, XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyətlərindən biri elm və təhsilin sürətlə inkişaf etməsidir. 

Ötən əsrin 70-ci illərindən etibarən Azərbaycanda elm və təhsilin təşəkkülü və inkişafı bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Onun genişmiqyaslı fəaliyyətində təhsilin inkişafı prioritet sahə kimi mühüm yer tuturdu.

Ümummilli Liderin təşəbbüsü və rəhbərliyi ilə ötən əsrin 70-80-ci illərində ali təhsil müəssisələrinin zəngin şəbəkələri yaradılıb, onların maddi-texniki bazası qurulmuş, respublikadan kənarda Azərbaycan üçün yüksəkixtisaslı mütəxəssislərin, xüsusən milli hərbi kadrların hazırlanması, elmi-tədqiqat institutlarında fundamental elmin inkişafının təmin olunması, Azərbaycanın milli təhsil sisteminın əsasının qoyulması üçün fövqəladə işlər görülüb.

“Bizdə savadsız adam yoxdur”

Heydər Əliyev Azərbaycan təhsilinin tərəqqisinə mane olan bir sıra amilləri aradan qaldırıb, respublikanın mədəni-intellektual resurslarının gücləndirilməsinə, bir neçə on ildən sonra dövlət müstəqilliyini elan edəcək Azərbaycan üçün layiqli vətəndaşların yetişdirilməsi işinə səfərbər edə bilib.  Heydər Əliyev tərəfindən bu dövrdə uğurla həyata keçirilən yeni islahatlar aşağıdakı istiqamətləri özündə əks etdirir və gələcəyə hesablanmışdı: Azərbaycan maarif sisteminin ştat heyətini yerli kadrlar hesabına milliləşdirilir, respublikanın hər yerində, xüsusən kənd yerlərində məktəblər tikilir, müəllimlərə qayğı göstərilir, təyinat sistemini genişləndirilir, təyinatla kənd yerlərində işləyən müəllimlərə mənzil kirayə haqqı verilir və digər güzəştlər edilir, gənclərə ali təhsil almaq üçün şərait yaradılır, kənd yerlərini mütəxəssislərlə təmin etmək üçün gənclər ali məktəblərə müsabiqədənkənar qəbul edilir, ali məktəblərin sayını artırır, onların maddi texniki bazasını gücləndirir, Azərbaycan təhsilinin qabaqcıl dünya ölkələrinin təhsil sistemi ilə əlaqəsini qurmaq üçün səylər göstərilirdi.

Heydər Əliyevin Azərbaycan maarifinin inkişaf etdirilməsi sahəsindəki fəaliyyətinin başlıca istiqamətlərindən biri də yeni məktəb binalarının tikintisi, məktəbyaşlı uşaqların təhsilə cəlb olunması, təhsilin kütləviləşdirilməsindən ibarət idi. 1969-cu ildən 1982-ci ilə qədər olan dövrdə Azərbaycanda yeni məktəb binalarının tikilməsi və uşaqların məktəbə cəlb edilməsi daim yüksələn xətlə gedib. 1969-cu il sentyabrın 1-də respublikamızda 120 məktəbin açılışı olub. Onların bir qismi yeni tikilmiş, bir qismi isə 8 illik məktəbdən orta məktəbə çevrilib. Beləliklə, Heydər Əliyev hakimiyyətə gəldikdən az sonra Azərbaycanda olan orta məktəblərin ümumi sayı 1130-a çatdırılıb. Həmin il sentyabrın 1-də 1 milyon 130 min şagird dərsə başlayıb. 

Ulu Öndər tərəfindən qətiyyətlə həyata keçirilən təhsil islahatları öz bəhrəsini verdi və respublikamız savadlılar ölkəsinə çevrildi. Sonralar Heydər Əliyev bu xüsusda qeyd edirdi: “Azərbaycanda ən böyük nailiyyət ondan ibarətdir ki, bizdə savadsız adam yoxdur. Ölkəmizdə hansı bir kəndə, hansı bir dağ kəndinə getsəniz orada savadsız adam tapa bilməzsiniz”. 

Xalqın ümumi təhsil səviyyəsinin, mədəni səviyyəsinin yüksəlməsi heç şübhəsiz, Heydər Əliyevin tarixi xidməti idi.

Ali təhsilin inkişafına xüsusi diqqət

Heydər Əliyev Azərbaycanda ali təhsilin inkişafına xüsusi diqqət yetirir, onun şəbəkəsini genişləndirir, tələbələrin sayını artırır, müəllimlərə qayğı göstərirdi. Heydər Əliyev hakimiyyətə gələrkən respublikada cəmi 13 ali məktəb vardı. Ali məktəblərin sayı Azərbaycan əhalisinin artan tələbatını ödəmirdi. Ona görə də Ulu Öndər ali məktəblərin açılması işinə xüsusi diqqət yetirirdi. Məhz onun bu diqqəti sayəsində 1980-ci ildə Azərbaycanda mövcud olan ali məktəblərin sayı 17-yə çatdırıldı. Bakıda Rus dili və Ədəbiyyatı İnstitutu, İnşaat Mühəndisləri İnstitutu, Naxçıvanda və Xankəndidə institutlar açıldı, 1976-1980-ci illərdə ali məktəblərdə 23 yeni fakültə, 72 yeni kafedra yaradıldı. 1980-ci ildə respublikamızda 140-dan çox müxtəlif ixtisaslar üzrə mütəxəssislər hazırlayan 75 orta ixtisas məktəbi fəaliyyət göstərirdi. Əgər əvvəlki illərdə bu sahədə Azərbaycan qonşu respublikalardan geri qalırdısa, Heydər Əliyevin fəaliyyəti nəticəsində ali və orta ixtisas təhsilli kadrların hazırlanması səviyyəsinə və miqyasına görə Azərbaycan nəinki həmin respublikaları, hətta ümumilikdə Şərq respublikalarını da arxada qoydu. Heydər Əliyev yeni ali məktəblərin açılması işini davam etdirirdi. Bilavasitə onun səyləri nəticəsində Azərbaycanda 18-ci ali məktəb olan Gəncə Texnologiya İnstitutu yaradıldı. 

Ümumiyyətlə, Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə Azərbaycanda 5 yeni ali məktəb açılmış, bu ali təhsil ocaqlarının maddi-texniki bazası formalaşdırılıb, inkişaf etmiş xarici ölkələrdən cihazlar və digər texniki ləvazimatlar alınaraq ölkəyə gətirilib, tələbələr üçün yataqxanalar inşa edilib, bütün bu addımlar hesabına Azərbaycan Cənubi Qafqaz regionunda qabaqcıl təhsil mərkəzinə çevrilib.

Elmin inkişafına dəstək

Ölkəyə rəhbərlik fəaliyyətinin ilk günlərindən Ulu Öndər milli təhsilimizlə yanaşı Azərbaycan elmini də diqqətdən kənarda qoymamış, bu sahədə məqsədyönlü konsepsiya ilə çıxış edib. Heydər Əliyev Azərbaycanı ölkə elminin mərkəzlərindən birinə çevirmək məqsədilə elmi-tədqiqat institutlarının, elmi işçilərin sayının artırılmasına çalışır və onlara qayğı göstərirdi. Dahi şəxsiyyətin bu sahədə fəaliyyəti kifayət qədər uğurlu idi. 1969-cu ildə Azərbaycanda fəaliyyət göstərən 89 elmi-tədqiqat, layihə müəssisəsi, sahə institutu və ali məktəblərdəki problem laboratoriyalarında 12350 elmi işçi, o cümlədən Elmlər Akademiyasının 55 akademiki və müxbir üzvü, 329 elmlər doktoru və 300 elmlər namizədi var idi. Yaxın on il ərzində, 1978-ci ildə elmi-tədqiqat, layihə və sahə institutlarının sayı 118-ə, elmi işçilərin sayı 21407 nəfərə, akademik və müxbir üzvlərin sayı 100 nəfərə, elmlər doktorlarının sayı 853 nəfərə, elmlər namizədlərinin sayı 7594 nəfərə çatmışdı. 1980-ci ildə Elmlər Akademiyası sistemində 34 elmi və elm-istehsalat idarəsində 4000-dən çox şəxs, o cümlədən 245 elmlər doktoru və 1600 elmlər namizədi tədqiqat işi aparırdı. Respublika Elmlər Akademiyasının 56 həqiqi üzvü və 71 müxbir üzvü var idi. Həmin dövrdə Azərbaycan elmini 123 elmi idarə və 17 ali məktəbin kafedraları təmsil edirdi. Bu elmi qurumlarda təqribən 22 min elmi əməkdaş, o cümlədən 900-dən çox elmlər doktoru və 8 mindən çox elmlər namizədi çalışırdı. Beləliklə də ötən əsrin 80-ci illərində artıq Azərbaycan Heydər Əliyevin fəaliyyəti nəticəsində Cənubi Qafqazm qabaqcıl elm mərkəzinə çevrilmişdi.

“Azərbaycanın milli sərvəti”

Ulu Öndərin qarşıya qoyduğu strateji hədəflərdən biri də respublikada güclü kadr potensialı yaratmaq, iqtisadiyyatın çoxşaxəli inkişafını təmin etmək üçün yüksəkixtisaslı mütəxəssislər yetişdirmək idi. Azərbaycana rəhbərliyinin ilk illərində, xüsusən də ötən əsrin 80-ci illərində gənclərimizin keçmiş ittifaqın aparıcı ali məktəblərinə təhsil almağa göndərilməsi isə Ümummilli Liderin Azərbaycanın gələcəyi üçün üzərinə götürdüyü tarixi missiya ilə bağlı idi: “Mən 14 iyun 1969-cu ildə Azərbaycana rəhbər seçildikdən sonra, ilk növbədə, təhsillə məşğul olmağa başladım. O vaxt mən inanırdım: vaxt gələcək ki, bu kadrlar Azərbaycana lazım olacaqdır. Vaxt gələcəkdir ki, nəhayət, Azərbaycan müstəqil olacaqdır və bu kadrlar Azərbaycanın müstəqilliyini təmin edəcəklər. O vaxt gəlib çatdı”. 

Bu mənada Ulu Öndərin ötən əsrin 70-80-ci illərində böyük uzaqgörənliklə həyata keçirdiyi ali təhsil sahəsindəki uğurlu siyasətin bəhrələri ölçüyəgəlməzdir.

Heydər Əliyevin müdrik siyasəti və qətiyyətli iradəsi sayəsində bu dövrdə 15 mindən çox Azərbaycan gənci respublikamızdan kənarda - keçmiş SSRİ-nin 50-dən artıq şəhərinin 170 ali məktəbində 250-yə yaxın ixtisasa yiyələnmişdir.

Ümummilli Lider Azərbaycandan kənarda təhsil alan gəncləri diqqət mərkəzində saxlayır, hər cür qayğı göstərir, onları “Azərbaycanın milli sərvəti” adlandırırdı. Ulu Öndərin uzaqgörən siyasəti sayəsində bu illərdə Azərbaycanın gələcəyi üçün güclü kadr potensialı yaradılırdı. Məhz bu kadr potensialı hazırda ölkəmizin, müstəqil dövlətimizin uğurlu inkişafını təmin, Azərbaycanı ləyaqətlə təmsil edirlər. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş xaricdə təhsil siyasəti Azərbaycanın kadr potensialının təkmilləşdirilməsinə böyük zəmin yaratmışdır.
 

O, 1981-ci il avqustun 29-da tələbə gənclərin respublikanın partiya və sovet fəalları ilə görüşündəki nitqində demişdi: “Respublikadan gənclərin bir çox qruplarının Moskva, Leninqrad və digər şəhərlərin ali məktəblərində oxumağa göndərilməsi praktikası yüksəkixtisaslı kadrlar hazırlanmasında mühüm istiqamətdir. İndi bizim respublikada xalq təsərrüfatının daha kəskin ehtiyac hiss etdiyi ixtisaslar üzrə Sovet İttifaqının ən yaxşı tədris müəssisələrində hazırlanmış böyük kadr dəstəmiz vardır. Bu il başqa şəhərlərin ali məktəblərinə 853 nəfər, o cümlədən 1-ci kursa 720 nəfər göndərilir. Bundan əlavə 42 nəfər Kiyev Mülki Aviasiya İnstitutuna qəbul olunmuşdur. Bu il Azərbaycandan cəmi 3600 oğlan və qız Sovet İttifaqının müxtəlif ali məktəblərində 244 ixtisas üzrə təhsil alacaqlar”.

Azərbaycanlı tələbələrin respublikadan kənarda ali təhsil alacaqları tədris ocaqlarının coğrafiyası və kadr hazırlığı istiqaməti müxtəlif idi. Demək olar ki, keçmiş ittifaqın ən nüfuzlu universitet və institutları seçilmişdi. Milli məktəblərimizin məzunlarının ümumi şərtlər daxilində həmin ali təhsil ocaqlarına qəbulu çox çətin idi. Həmin ali təhsil müəssisələrinin içərisində M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Moskva Energetika İnstitutu, Moskva Kimya Maşınqayırma İnstitutu, Moskva Dəzgahqayırma İnstitutu, P.Lumumba adına Xalqlar Dostluğu Universiteti, Leninqrad Soyuducu Cihazlar Sənayesi İnstitutu, Aviasiya Cihazqayırma İnstitutu, Kiyev Politexnik İnstitutu, Belarusiya Kənd Təsərrüfatı Mexanikləşdirmə İnstitutu, Surikov adına Moskva Rəssamlıq İncəsənət İnstitutu, Muxina adına Leninqrad Ali Rəssamlıq Sənaye Məktəbi, Xarkov Rəssamlıq Sənaye İnstitutu, Dövlət Teatr Sənəti İnstitutu, Moskva Kənd Təsərrüfatı Mühəndisləri İnstitutu, Ryazan Radiotexnika İnstitutu, Leninqrad Toxuculuq və Yüngül Sənaye İnstitutu, Ukrayna Kənd Təsərrüfatı Akademiyası və s. mühüm yer tuturdu.

Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələnə qədər respublikamızdan kənara hər il 47 nəfər ali təhsil almağa göndərilirdi, baxmayraq ki, plan 60 nəfər idi. Qeyd etmək yerinə düşər ki, göndərilən 47 nəfərin az bir hissəsini azərbaycanlılar təşkil edirdi. SSRİ-nin tanınmış məktəblərində azərbaycanlılar üçün ayrılmış yerlərə respublikamızda yaşayan erməni və digər millətin nümayəndələri göndərilirdi. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində bu tendensiya qısa bir müddətdə dəyişdi. Əgər 1969-cu ildə SSRİ-nin tanınmış ali məktəblərinə cəmi 47 nəfər göndərilmişdisə, 1975-ci ildə onların sayı 700 nəfərə çatdı. 1975-ci ildən başlayaraq azərbaycanlı gənclərin respublikadan kənarda təhsil alması intensiv xarakter aldı. 1978-ci ildən başlayaraq hər il kənara 800-900 nəfər tələbənin göndərilməsinə nail olundu. Əvvəlki illərlə müqayisədə həm tələbələrin, həm ali məktəblərin və həm də ixtisasların sayı sürətlə artdı. 1977-ci ildə 1970-ci illə müqayisədə göndərilən tələbələrin sayı 14 dəfədən çox artaraq 818 nəfərə, ixtisasların sayı 5 dəfə artaraq 244-ə çatdı, ali məktəblərin sayı 140-a, ali məktəblərin yerləşdiyi şəhərlərin coğrafiyası genişlənərək 40-a yüksəldi. Bu proses sonrakı illərdə də (1978-1982) intensiv olaraq artmış, 1978-ci illə müqayisədə 1982-ci ildə tələbələrin sayı 11 faiz artmış, ali məktəblərin sayı 151-dən 170-ə yüksəlmiş, ixtisasların sayı 244-dən 250-yə qalxmış, ən zəruri istiqamətlərin sayı 80-ə çatmışdı. Azərbaycandan kənarda təhsil alanların milli tərkibində azərbaycanlıların xüsusi çəkisi 1970-ci ilədək 40 faiz təşkil edirdi. 1976-cı ildə bu rəqəm 85 faizə, 1977-ci ildə 92 faizə, 1980-ci illərin əvvəllərində isə 98 faizə yüksəlmişdi. Bu yüksək tarixi-mədəni nailiyyət Ulu Öndərin Azərbaycanın gələcəyinə istiqamətlənmiş qlobal tədbirlərin tərkib hissəsi idi.

Prezident Heydər Əliyev sonralar, 1998-ci il fevralın 27-də  Yaponiyada təhsil alan azərbaycanlı tələbələrlə görüşdə bildirirdi: “Mən Azərbaycana neçə illər rəhbərlik etmişəm. Mənim çox arzum olub ki, Azərbaycan gəncləri dünya ölkələrinə səpələnsinlər, orada təhsil alsınlar. O vaxt dünya ölkələrinə getmək mümkün deyildi, mən bunu SSRİ miqyasında edirdim. Amma indi dünya ölkələri bizim üçün açıqdır. İndi Amerikada da, Avstraliyada da, Meksikada da, Yaponiyada da gedib oxumaq olar”.

 1998-ci il avqustun 31-də Azərbaycandan kənarda ali təhsil almış mütəxəssislərin ümumrespublika toplantısında Ulu Öndər o illəri məmnunluqla xatırlayaraq demişdi: “Mən çox həyəcanlıyam və eyni zamanda, böyük sevinc hissi keçirirəm. Çünki bugünkü - 1998-ci ildəki toplantımız 1969-cu ildə Azərbaycanda ilk dəfə əsası qoyulmuş görüşlərin nəticəsidir. Mən həmin görüşlərin təşəbbüskarı, təşkilatçısı olmuşam. Bu görüşlər, o vaxt görülmüş həmin işlər barədə və bunların sizin hər birinizin taleyində oynadığı rol haqqında burada kifayət qədər deyildi. Mən ona görə sevinirəm ki, 29 il bundan əvvəl əsasını qoyduğum xeyirxah işin gözəl bəhrələrini görürəm.... Vaxtilə bu salona 16-17 yaşında daxil olmuş insanlar - siz ötən illərdə böyük həyat yolu keçmişsiniz, formalaşmısınız, püxtələşmisiniz, Azərbaycanın həyatının müxtəlif sahələrində fəaliyyət göstərirsiniz. Bunların hamısının əsası həmin illərdə qoyulubdur. Ona görə də mən sizin hər birinizin həyatında etdiyim xidmətin nəticəsini görərək bu gün sevinirəm, şadlanıram və iftixar hissi keçirirəm... Mən 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçiləndən sonra dərhal, birinci növbədə təhsil məsələləri ilə məşğul olmağa başladım... mən bu işi başladım, genişləndirdim. Özüm də təsəvvür etmədən gördüm ki, Azərbaycan üçün yeni bir ali məktəb yaratmışıq. Bu nədən ibarətdir? 1969-cu ildə biz respublikadan kənara oxumağa heç 50 nəfər də göndərmədik. 1970-ci ildə 60 nəfər göndərdik. Ondan sonra bunu ilbəil artırdıq. Nəhayət, biz 1975-ci ildə, gərək ki, 600 nəfər, 1977-1978-ci illərdə isə hər il 800-900 nəfər gənci respublikadan kənar ali məktəblərə göndərdik.

Ali təhsil sahəsində işləyənlər bilirlər hər il ali məktəbin illik qəbulu 700-800 nəfər olur. Beləliklə, əgər biz ildə 800-900 nəfər azərbaycanlı balasını o vaxtlar Sovetlər İttifaqının müxtəlif şəhərlərindəki ali məktəblərə göndərirdiksə, demək, biz Azərbaycan Dövlət Universitetinə olan qəbul qədər əlavə tələbə hazırlayırdıq. Sonralar bunu Moskvada hiss etmişdilər. Onlar görmüşdülər ki, beləliklə, biz Azərbaycanın ərazisində olmayan, ancaq respublikamız üçün kadr hazırlayan yeni bir ali məktəb yaratmışıq.... 1969-cu ildən 1982-ci ilin avqust ayına qədər bir il də olmayıb ki, mən tələbələrlə görüş keçirməyim... O vaxt mən inanırdım: vaxt gələcək ki, bu kadrlar Azərbaycana lazım olacaqlar. Vaxt gələcəkdir ki, nəhayət, Azərbaycan müstəqil olacaqdır və bu kadrlar Azərbaycanın müstəqilliyini təmin edəcəkdir”.
 Ulu Öndər sonralar etiraf edirdi: “Bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni mütəxəssislər hazırlamaq məqsədi daşımışdır. Bu işə biz hələ 1970-ci ildən başlamışıq. Mən də bu gün çox məmnuniyyət hissi ilə qeyd edirəm ki, bu, şəxsən mənim təşəbbüsümlə olmuşdur. Mən hələ o vaxtdan ölkəmizin gələcəyi barədə düşünmüşəm, həmin illərdən başlayaraq gələcəyimiz haqqında düşünürdüm. Zaman keçdi, artıq biz XX əsrin son illərini yaşayırıq. İndi isə sizinlə görüşərək və bu problemlərlə daim şəxsən məşğul olaraq Azərbaycanın gələcəyi haqqında düşünürəm”.

Qürurverici haldır ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan xaricdə təhsil siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Prezident İlham Əliyev ölkəmizin gələcək inkişaf perspektivlərini nəzərə alaraq müstəqil Azərbaycanın istedadlı gənclərinin dünyanın nüfuzlu universitetlərində təhsilinin təmin edilməsi üçün xaricdə təhsil proqramlarının əsasını qoyub. 

Dövlət başçısının müvafiq sərəncamları ilə təsdiq olunan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”, eləcə də “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-cı illər üçün Dövlət Proqramı” kimi mühüm dövlət sənədlərinin uğurlu icrası ölkənin sosial-iqtisadi həyatına, eləcə də insan kapitalının milli sərvətdə payının artmasına, ali təhsil müəssisələrinin akademik potensialının güclənməsinə, həmçinin ölkədə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsinə təkan verib.

Beləliklə də bu gün Ulu Öndərin 56 il əvvəl müəyyən etdiyi milli tərəqqi və inkişaf stratategiyası sayəsində elm və təhsil sahəsində əldə etdiyi uğurlarla Azərbaycan müasir dövrdə yeni yüksəliş dövrünü yaşayır.

Şərhlər

Xəbər lenti

14 iyul, 18:00

Uşağa kitab oxuyun

14 iyul, 17:20

“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb

14 iyul, 16:05

“Narkomaniyaya qarşı mübarizədə məktəbin rolu” mövzusunda seminar keçirilib

14 iyul, 16:02

BMU-da “Yay məktəbi”ndə tədris aparan koreyalı müəllimlərlə görüş olub

14 iyul, 15:45

Bu günədək 119 mindən çox uşağın birinci sinfə qəbulu tamamlanıb

14 iyul, 15:28

Azərbaycanda ötənilki qəbul və buraxılış imtahanlarının təhlilinin müzakirəsi keçirilir

14 iyul, 15:10

GDU-nun tələbəsi Avropa çempionu oldu

14 iyul, 13:59

Məleykə Abbaszadə: Texniki səhvlərlə bağlı müraciətlərə baxmamalıyıq

14 iyul, 13:56

Bağçada tərbiyəçi-müəllim işləmək istəyənlər üçün sənəd qəbulu başlayır

14 iyul, 13:44

Qiymətləndirmələrin süni intellektlə aparılması gündəmdə deyil – Məleykə Abbaszadə

14 iyul, 13:15

DİM sədri: 5 il sonra bəzi ixtisaslar ləğv olunacaq 

14 iyul, 12:55

Məktəblilərimiz 57-ci Beynəlxalq Kimya Olimpiadasında uğur qazanıblar

14 iyul, 12:37

Yüksək bal toplayan şagirdlərin çoxunun valideyni müəllimdir - Məleykə Abbaszadə

14 iyul, 12:19

Məleykə Abbaszadə: Abituriyentlərin nəticələri ürəkaçandır

14 iyul, 12:16

Şəmkirdə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

14 iyul, 11:58

ADA Universiteti dövlət sifarişi ilə tələbə qəbulu aparacaq

14 iyul, 11:52

Builki abituriyentlərin yarısı dövlət sifarişli yerlərə qəbul olacaq

14 iyul, 11:49

Bəzi ixtisasların V qrupa keçirilməsi layihəsi qəbul edilmədi – DİM sədri

14 iyul, 11:37

“İmtahan prosesinə özüm müdaxilə etmək istəsəm belə, bu, mümkün deyil” - Məleykə Abbaszadə

14 iyul, 11:00

Yeniyetməlik dövrü, özünüifadə ehtiyacı və azadlıq arzusu

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.