Niyə təxirə salırıq?

10 Dekabr, 2025 - 13:49
Niyə təxirə salırıq?

Müasir dövrdə insanların qarşılaşdığı ən səssiz, amma ən geniş yayılmış problemlərdən biri təxirəsalma (prokrastinasiya), yəni işləri son ana qədər uzadaraq yerinə yetirməmək vərdişidir. Psixoloqlar bunu sadəcə “tənbəllik” kimi deyil, həm emosional, həm davranış, həm də idrak prosesləri ilə sıx bağlı olan kompleks bir fenomen kimi dəyərləndirirlər. Prokrastinasiya gündəlik həyat, şəxsi inkişafla yanaşı, təhsil prosesində də özünü göstərir. Xüsusilə tələbələr arasında daha çox rast gəlinən bu davranış təhsil uğurlarına ciddi təsir edir.

Son illərdə aparılan yüzlərlə tədqiqat göstərir ki, prokrastinasiya yalnız vaxt itkisi deyil: gərginlik, stres, özünəinamın azalması, öyrənməyə marağın zəifləməsi və akademik nəticələrin pisləşməsi kimi zəncirvari proseslərə səbəb olur.

Psixologiyada prokrastinasiya “zərərli olduğunu bilə-bilə bir işi son ana qədər gecikdirmək” kimi izah olunur. Psixoloqlar insanın nəyisə etməməsini onun emosional vəziyyəti, motivasiyası, özünüidarəetmə bacarığı, qorxuları və stresslə mübarizə strategiyaları ilə bağlıyırlar.

Araşdırmalar göstərir ki, təxirəsalma əksər hallarda aşağıdakı psixoloji mexanizmlərlə bağlıdır:

– Mükəmməlçilik: işə yüksək gözlənti ilə başlamaq, səhv etmək qorxusu.

– Özünəinamın aşağı olması: “bacarmaram” düşüncəsi.

– Emosional çəkingənlik: çətin və ya darıxdırıcı işi etmək əvəzinə daha rahat fəaliyyətlərə qaçmaq.

– Vaxtı idarəetmənin zəif olması: planlaşdırma bacarığının formalaşmaması.

– Motivasiya çatışmazlığı: dəyər, məqsəd və daxili motivasiya olmayan zaman.

– Gecikmiş mükafat sindromu: dərhal zövq verən işlərə üstünlük verib uzunmüddətli məqsədləri təxirə salmaq.

Elmi araşdırmalar göstərir ki, prokrastinasiya, əsasən, emosiyaların tənzimlənməsi probleminin nəticəsidir. Yəni insan işi gecikdirəndə məqsədi o işi görməmək deyil, həmin işin yaratdığı narahatlıq hissindən qaçmaqdır.

Təhsil mühiti prokrastinasiyanın ən çox müşahidə edildiyi sahələrdən biridir. Universitet tələbələri ilə aparılan geniş tədqiqatlar göstərir ki, onların 70 faizindən çoxunda mütəmadi olaraq müxtəlif səviyyələrdə təxirəsalma davranışı müşahidə edilir.

Meta-analiz sübut edir ki, işlərini tez-tez təxirəsalan tələbələrin orta ballıq (Grade Point Average) göstəricisi, imtahanlardakı nəticələri aşağı olur. Tapşırıqların gecikməsi artdığı üçün qiymətləndirmə də pis olur.

Bunun səbəbi təkcə işin gecikdirilməsi deyil. Tədqiqatlara görə, təxirəsalma zamanı tələbənin diqqəti dağılır, biliyin uzunmüddətli yaddaşa ötürülməsi zəifləyir, öyrənmək prosesi səthi olur. İşləri son ana saxlayan tələbə tez-tez “yığcam öyrənmə”yə, yəni az vaxtda yüksək yük götürməyə məcbur qalır. Bu isə biliyin keyfiyyətini ciddi şəkildə aşağı salır.

Təhsil həyatında prokrastinasiya akademik stresi bir neçə dəfə artırır, imtahan narahatlığı güclənir və özünəinam azalır.

Tələbə stresdən qaçmaq üçün işi gecikdirir, amma məhz təxirəsalma daha böyük stres yaradır. Bu, elmi ədəbiyyatda “prokrastinasiya paradoksu” adlanır.

Springer.com saytı son illər aparılan tədqiqatlara istinad edərək hazırladığı məqalədə prokrastinasiyanın özünüidarəetmə bacarıqlarını da zəiflətdiyini vurğulayıb.

Özünütənzimləmə (self-regulation) zəif olduqda tələbə prioritetlər müəyyənləşdirməkdə, vaxtını bölməkdə, işləri planlaşdırmaqda çətinlik çəkir. Prokrastinasiya bu bacarıqları daha da zəiflədir və tələbə uzunmüddətli perspektivdə özünüidarəetmədə problemlərlə üzləşir.

Son illər aparılan araşdırmalar göstərir ki, onlayn təhsil alan tələbələrdə prokrastinasiya səviyyəsi ənənəvi təhsillə müqayisədə 2-3 dəfə yüksəkdir. Bu, dərslərin struktur zəifliyi, nəzarətin aşağı olması ilə bağlıdır. Ev mühitində diqqət yayındırıcı faktorların daha çox olması tələbələrin öyrənmə ritmini pozur və nəticələri aşağı salır.

Prokrastinasiya yalnız təhsildə deyil, ümumi həyatda da insanın inkişafını zəiflədən mühüm faktordur.

Şəxsi inkişaf istər yeni bacarıq öyrənməkdə, kitab oxumaqda, istərsə də peşəkar təkmilləşmədə ardıcıl fəaliyyət tələb edir. Təxirəsalma isə bu ardıcıllığı pozur.

İnsanın özü üçün qoyduğu hədəflər yarımçıq qalır, planlar həyata keçmir, özünüqiymətləndirmə zəifləyir.

Elmi araşdırmalara görə, prokrastinasiya uzunmüddətli dövrdə insanın öz potensialını reallaşdırmasını 40-60 faiz azalda bilər.

Təxirəsalma nəticəsində “mən bunu edə bilmirəm” düşüncəsi yaranır, uğursuzluq hissi güclənir, motivasiya azalır. Bu, təkrarlanan dairə yaradır: insan gecikdirdikcə özünəinamı azalır, özünəinam azaldıqca daha çox gecikdirir.

Araşdırmalar göstərir ki, prokrastinasiya günahkarlıq hissi, utanc, narahatlıq, gərginlik kimi mənfi emosiyaları gücləndirir.

Bu da insanın ruh halına və münasibətlərinə təsir edir.

Təxirəsalma layihələrin gecikməsinə, performansın düşməsinə, yeni bacarıqların öyrənilməsinin yubanmasına, peşəkar imicə zərər yetirir.

Uzunmüddətli perspektivdə karyera artımını ləngidir.

Araşdırmalar göstərir ki, təxirəsalma öyrənilə bilən bir davranışdır və onu azaltmaq mümkündür. Ən təsirli metodlar bunlardır:

Koqnitiv-Davranış Terapiyası (CBT)

CBT müdaxilələri prokrastinasiyanı 30-40 faiz azaltmağa kömək edir. Bu yanaşma düşüncə tərzini dəyişir, qorxuları azaldır, planlaşdırmanı gücləndirir.

Təhsildə xüsusi təlim proqramları (Pomodoro, prioritetləşdirmə, həftəlik planlama) tələbələrin prokrastinasiya səviyyəsini əhəmiyyətli dərəcədə azaldır.

Spesifik, ölçülə bilən, real və vaxtı dəqiq müəyyənləşdirilmiş hədəfləri olan tələbələr tapşırıqları daha az gecikdirir.

Kiçik addımlarla başlamaq (micro-tasking), “böyük hədəflər” əvəzinə “5 dəqiqəlik iş”ə fokuslanmaq beyində maneəni azaldır, öyrənilənləri daha asan yadda saxlamağa imkan verir.

Mütəxəssislər narahatlıqla mübarizə üsullarını öyrənən tələbələrdə prokrastinasiyanın xeyli azaldığını müşahidə ediblər.

Prokrastinasiya həm təhsil, həm də şəxsi inkişaf üçün ciddi maneədir. Bu davranış sadə vaxt itkisi deyil; onun arxasında emosional çətinliklər, stress, motivasiya çatışmazlığı və özünüidarəetmə problemləri dayanır. Tələbələr üçün bu, aşağı akademik nəticələrə, özünəinamın azalmasına və stressin artmasına gətirib çıxarır. Şəxsi inkişaf sahəsində isə insanın potensialını reallaşdırmasını ləngidir, hədəflərin yarımçıq qalmasına səbəb olur.

Bununla belə, prokrastinasiya dəyişdirilə bilən davranışdır. Düzgün strategiyalar, planlaşdırma, emosional tənzimləmə və zehni model dəyişikliyi ilə insan həm öyrənmədə, həm də şəxsi inkişafda daha ardıcıl və məhsuldar ola bilər.

Mənbə: "Azərbaycan məktəbi" jurnalı