Nobel laureatının diqqətini çəkən layihə: Şagirdlərimiz necə fərqləndilər?

25 May, 2026 - 16:36
Nobel laureatının diqqətini çəkən layihə:

Dünyanın ən nüfuzlu elm və mühəndislik müsabiqəsi hesab olunan, bu il 9-15 may tarixlərində Amerika Birləşmiş Ştatlarının Arizona ştatının Feniks şəhərində keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində (ISEF) ölkəmizi təmsil edən şagirdlər tarixi nailiyyətə imza atıblar. Dünyanın dörd bir yanından gələn minlərlə yaşıdı arasından seçilərək zəkaları ilə fərqlənən dörd gəncimiz – Banu İbrahimova, Mikayıl Əhmədbəyli, Ömər Abdullayev və Səlman Sadıxzadə adlarını beynəlxalq elm arenasına xüsusi hərflərlə yazdırıblar.

Bu gənclərin bəziləri ilə ilk tanışlığımız deyil. Biz onlarla hələ bir müddət öncə, ölkəmizin ən nüfuzlu elm platformalarından olan “Sabahın alimləri” XV layihə müsabiqəsində həmsöhbət olmuşduq.


O zaman gözlərindəki kəşf etmək istəyini, layihələrinə olan sarsılmaz inanclarını və o saf həyəcanı yaxından müşahidə etmişdik. Bu gün isə o qığılcımın uzaq Amerikada böyük bir alova çevrilməsinin, ölkəmizə bürünc medallar və xüsusi mükafatlar qazandırmasının şahidi oluruq.

ABŞ-dən bürünc medalla dönən, Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyin X sinif şagirdi Banu İbrahimova elə ilk cümlələrindən bildirir ki, onun dünyası düsturların, elementlərin və təbiət qanunlarının ətrafında fırlanır. O, elmə olan sevgisini və bu yarışa aparan inadkar yolunu belə təsvir edir: “Ən çox təbiət elmlərinə və riyaziyyata marağım var. Bu yarışa getmək həvəsim isə keçən ildən başlamışdı. 2025-ci ildə “Sabahın alimləri” müsabiqəsinin gümüş medalçısı olmuşdum. Amma dayanmadım, 2026-cı ildə kimya kateqoriyası ilə yenidən iştirak edərək I yerə – qızıl medala layiq görüldüm və beləcə ISEF-ə getmək istəyim alındı. Məni bu sahəyə yönəldən elmi rəhbərim və mentorum Samir Kərimov olub. Biz artıq üç yıldır birlikdə işləyirik və bu layihə bizim dünya çərçivəsində ən böyük işlərimizdən biridir”.

“Heç bir halda digər ölkələrdən geri qalmayacağımıza əmin idik”

Banunun bəhs etdiyi və dünyaya təqdim etdiyi layihə planetimizin ən qlobal problemlərindən birinə – ekologiya və su ehtiyatlarının qorunmasına yönəlib. Söhbət sənaye tullantı sularında olan zəhərli maddələrin, xüsusilə də sianidin, ultrabənövşəyi (UV) şüalanma və fotokimyəvi proseslərlə parçalanmasından və bu prosesin süni intellektlə idarə olunan üzən sualtı bir robot vasitəsilə həyata keçirilməsindən gedir. Banu Amerikaya gedən yolda komanda olaraq keçirdikləri o həyəcanlı hazırlıq prosesindən bəhs edərək bildirir ki, yarışa bu layihə ilə gedəcəklərini biləndə laboratoriya işlərini daha da genişləndiriblər: “Bu layihə həyatımızda, həqiqətən, çox böyük rol oynayır və qlobal mənada böyük əhəmiyyət kəsb edir. Artıq bir ilə yaxındır ki, onun üzərində işləyirik və gələcəkdə bunu daha da inkişaf etdirməyə çalışırıq. Amerikada keçirilən yarışa bu layihə ilə gedəcəyimizi öyrənəndə çox həyəcanlandıq. Laboratoriya işlərimizi daha da genişləndirdik və münsiflərə real nəticələri göstərməyə çalışdıq. Özümüzə çox inanırdıq və heç bir halda digər ölkələrdən geri qalmayacağımıza əmin idik”.

Yarış Banu üçün unudulmaz xatirələrlə yaddaqalan olub. Dünyanın ən yaxşılarının toplandığı bu məkanda Azərbaycan gəncliyi öz sözünü deməyi bacarıb. Müsabiqənin kulisini və Nobel mükafatçısı ilə qarşılaşmasını təsvir edən Banu bildirir ki, münsiflər heyətinə layihəni təqdim etmək böyük məsuliyyət idi: “Feniksdə keçirilən müsabiqə möhtəşəm və çox həyəcanlı idi, çünki bura dünyanın ən yaxşıları gəlir və hamı qalib olmaq istəyirdi. Müxtəlif ölkələrdən gələn şagirdlərlə bir arada olmaq son dərəcə maraqlı idi, onlarla ulduz nişanlarımızı dəyişdik və hər kəs öz işini tərifləyirdi. Münsiflər heyəti də çox möhtəşəm idi, bizə tam 13 münsif yaxınlaşdı. Yarış zamanı ən yaddaqalan məqam isə Nobel mükafatçısı olan bir münsiflə aramızda keçən dialoq oldu. Fikirləşirəm ki, o da layihəmizi çox bəyəndi”.

“10 ildən gec olmayaraq öz ixtiramla Nobel mükafatına layiq görüləcəyəm”
Hekayənin sonunda isə gələcəyin alimi qarşısına elə bir hədəf qoyur ki, onun gələcəkdə bəşəriyyət üçün nələr edə biləcəyini indidən görmək olur. O bu uğurda əməyi olan elmi rəhbərinə və valideynlərinə təşəkkür edərək yaşıdlarına səslənir: “Ən böyük arzum elmlə məşğul olmaqdır, insanlığın və cəmiyyətin qorunması yolunda əhəmiyyətli kəşflər etmək istəyirəm. Ümid edirəm ki, 10 ildən gec olmayaraq öz ixtiramla Nobel mükafatına layiq görüləcəyəm. Digər şagirdlərə də uğurlar arzu edirəm və qoy inansınlar ki, əmək sərf edib elmlə məşğul olsalar, mütləq bunun bəhrəsini çox tezliklə görəcəklər”.

Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyin 9-cu sinif şagirdi Mikayıl Əhmədbəyli Banu ilə çiyin-çiyinə vuruşaraq Amerikadan bürünc medalla qayıdan komandanın digər üzvüdür. Yaşı hələ gənc olsa da, onun elmə və mühəndisliyə olan baxışı, formalaşdığı mühit heyranlıq doğurur. O öz maraq dünyası və gələcək hədəflərindən bəhs edərək söyləyir ki, elə uşaqlıqdan mühəndisliyə böyük marağı olub: “Ən böyük marağım elm, süni intellekt, tibb və xüsusilə biotibbi mühəndislik sahəsinədir. Xüsusilə tibb və tibbi texnologiyalar məni həmişə çox maraqlandırıb. Mən bir neçə nəsildir ki, həkim olan ailədə böyümüşəm və bu mənim üçün böyük qürur mənbəyidir. Böyük babam, böyük nənəm, babam və nənəm, həmçinin anam və atam həkimdirlər. Ailəmizdə tibb və insanlara xidmət hər zaman xüsusi yer tutub”.


“Gələcəkdə insanlara kömək edən tibbi texnologiyalar yaratmaq istəyirəm”

Mikayılın genetik kodlarındakı bu elm sevgisi təsadüfi deyil. Onun böyük babası Əhməd Rəştiyev ölkəmizdə tanınmış və hörmətli həkimlərdən biri olub, atası Ramiz Əhmədbəyli isə professordur və tibb elmləri doktorudur. Ailənin digər qanadında da elm fədailəri var: nənəsinin dayısı Saleh Qocayev uzun illər Azərbaycan Neft və Kimya İnstitutunun rektoru vəzifəsində çalışmış tanınmış alimlərimizdəndir. Mikayıl bu mühitin onun üzərindəki təsirini belə izah edir: “Belə bir mühitdə böyümək mənə böyük təsir göstərib və düşünürəm ki, tibbə və elmə marağımın formalaşmasında ailəmin çox böyük rolu olub. Buna görə gələcəkdə tibb və texnologiyanı birləşdirən biotibbi mühəndislik sahəsində inkişaf etmək və insanlara kömək edən tibbi texnologiyalar yaratmaq istəyirəm. Layihəmizin ideyası da məhz ətraf mühit problemlərindən, xüsusilə sənaye tullantıları və su çirklənməsindən yarandı. Məqsədimiz süni intellekt əsaslı avtonom robot vasitəsilə sianid tərkibli çirkli suların təmizlənməsinə kömək etmək idi”. 


Müsabiqənin seçim mərhələlərindən keçib ABŞ-də ölkəni təmsil etmək hüququ qazanmaq Mikayıl üçün həm böyük məsuliyyət, həm də unudulmaz bir həyəcan idi. O bildirir ki, dünyanın müxtəlif ölkələrindən gələn istedadlı gənclərlə tanış olmaq və fikir mübadiləsi aparmaq unudulmaz təcrübə olub: “Bizim üçün ən yaddaqalan məqamlardan biri layihəmizə göstərilən böyük maraq idi. Hətta stendimizə 2014-cü il kimya üzrə Nobel mükafatı laureatı Uilyam Moerner və süni intellekt sahəsində dünyaca tanınmış şəxs David Holz yaxınlaşaraq layihəmizlə maraqlandılar, suallar verdilər və bizi dinlədilər. Bu bizim üçün çox qürurverici və motivasiyaedici anlardan biri oldu. Əlbəttə, ilk anlar həyəcanlı idi. Amma layihəmiz üzərində çox çalışdığımız üçün təqdimat zamanı özümüzə tam inanırdıq”.


Qazanılan beynəlxalq bürünc medal Mikayıl üçün son deyil, sadəcə böyük başlanğıcdır. O bu uğurun pərdəarxasını və gələcəyə doğru cızdığı böyük yollar haqqında danışaraq bildirir ki, bu uğurun arxasında aylarla davam edən araşdırma, sınaqlar və böyük zəhmət dayanır: “Bu yol ərzində ailəmin, müəllimlərimin və xüsusilə elmi rəhbərimiz Samir Kərimovun böyük dəstəyini hiss etmişəm. Samir müəllim layihənin inkişafında, araşdırmaların aparılmasında və bizi daim motivasiya etməkdə çox böyük rol oynayıb. Onun rəhbərliyi və dəstəyi bizim üçün çox dəyərli olub. Gələcəkdə biotibbi mühəndislik sahəsində təhsil almaq və insan həyatını yaxşılaşdıracaq texnologiyalar yaratmaq istəyirəm.


Keçən il Con Hopkins Universitetinin kollec öncəsi (“pre-college”) proqramına qəbul oldum və onu uğurla tamamladım. Bu il isə Boston şəhərində Harvard “MEDscience” Klinik və Texnologiya proqramında iştirak edəcəyəm. Düşünürəm ki, bu təcrübələr gələcək hədəflərimə daha da yaxınlaşmağıma kömək edəcək. Azərbaycandakı digər şagirdlərə demək istərdim ki, böyük arzular qurmaqdan qorxmasınlar və özlərinə inansınlar”.

Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi Ömər Abdullayev Amerika səhnəsində xüsusi mükafata layiq görülərək ölkəmizi qürurlandıran növbəti gəncdir. Elm dünyasını bütöv bir okean kimi görən bütün elm sahələri ilə maraqlandığını söyləyir. Onların içərisində mühəndislik və süni intellekt isə hər zaman daha öndə olub.

İzlədiyi filmdən ilham alıb layihə hazırladı

Ömərin diqqətləri cəlb edən edən elmi layihəsinin yaranma hekayəsi isə xüsusilə maraqlıdır. Bəzilərinin sadəcə əyləncə üçün izlədiyi fantastik filmlər gənc alim üçün bir kəşf mənbəyinə çevrilib. O, layihəsinin ideyasını necə tapdıqlarını bizimlə bölüşüb: “Bu ideya bizdə “Wolverine” filmindən yarandı. Filmdə yaşlı bir xəstə var idi, onun yatağı bədəninin formasına uyğun olaraq avtomatik dəyişirdi. Biz bunu araşdırdıqda gördük ki, belə bir sistem tibdə yataq yaralarının qarşısını ala bilər. Ancaq mövcud texnologiyalardan daha effektiv və ucuz bir yol axtardıq. Uzun araşdırmalardan sonra “EquaLife” adını verdiyimiz layihəmizi hazırladıq.

Ömər və komanda yoldaşı Səlman “Sabahın alimləri” müsabiqəsində qızıl medala layiq görüldükdən və ciddi hazırlıqlardan sonra ISEF-ə seçilməyə layiq görülüblər.

“Qazanmaq üçün deyil, öyrənmək üçün yarışmaq lazımdır”

Dünyanın elm dühalarının toplandığı Feniks şəhərində Ömər özünü tamamilə öz mühitində hiss edib. Oradakı ab-havanı və təqdimat həyəcanını təsvir edən gənc vurğulayır ki, dünyanın ən böyük elm və təhsil sərgisində fərqli ölkələrdən gələn ən savadlı və böyük potensiala malik uşaqlarla gələcəyə, elm sahəsinə dair fikirləri bölüşmək onun üçün unudulmaz bir an olub: “Münsiflər qarşısında layihəni təqdim etmək isə çətin deyil, əksinə, çox maraqlı idi. Onlar bizi diqqətlə dinləyir, layihəmiz haqqında dəyərli fikirlər və suallar irəli sürür, onun bəşəri önəmi haqqında danışırdılar.

Uzunmüddətli hazırlıq, davamlılıq və layihənin hər bir kiçik detalına qarşı diqqətlə yanaşmaq bu yolda bizim əsas uğur faktorlarımız idi. Mənə bu çətin yolda ən böyük dəstəyi isə valideynlərim, eyni zamanda müəllimim və məktəb direktorum Nizami Rzayev verib”.

Yaşıdlarına da tövsiyə verməyi unutmayan Ömər söyləyir ki, qazanmaq üçün deyil, öyrənmək üçün yarışmaq lazımdır, çünki cəmi bir neçə yarışdan sonra öyrəndiklərinizə və gəldiyiniz nöqtəyə özünüz belə inana bilməyəcəksiniz.

“Hər şey yay tətili zamanı atamın məni onlayn veb-sayt hazırlanması kursuna yazdırması ilə başladı”

Gəncə şəhəri Əhməd Cavad adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi Səlman Sadıxzadə layihə yoldaşı Ömərlə birlikdə Amerikada xüsusi mükafata layiq görülərək böyük uğura imza atıb. İnformatika olimpiadasının finalçısı və fəal könüllü olan Səlman rəqəmsal dünyaya uşaq yaşlarından bağlandığını deyir: “Ən çox maraq göstərdiyim istiqamət kompüter elmləridir. 13 yaşımdan bu sahə ilə məşğul olur, proqramlaşdırma və texnologiya üzrə biliklərimi inkişaf etdirirəm. Hər şey yay tətili zamanı atamın məni onlayn veb-sayt hazırlanması kursuna yazdırması ilə başladı. Orada ilk dəfə kompüter arxasında oturaraq sayt yaratmağı öyrəndim və proqramlaşdırmaya olan marağım elə həmin dövrdə formalaşdı. Bu sahədə ilk addımlarımı atmağıma kömək edən Zaur müəllimim olub”.

Ömərin bəhs etdiyi o yataq yaralarının qarşısını alan sistemin proqram təminatı və texnoloji arxitekturası məhz Səlmanın rəqəmsal toxunuşları ilə ərsəyə gəlib. Gənc proqramçı bu aşağı maliyyətli, geyilə bilən sistemin işləmə prinsipini peşəkar dillə belə izah edir: “Biz aşağı maliyyətli, geyilə bilən bir sistem hazırladıq ki, bu sistem sensorlar vasitəsilə bədən mövqeyini və təzyiq paylanmasını izləyir. Toplanan məlumatlar maşın öyrənməsi ilə analiz olunaraq real vaxtda risk səviyyəsi müəyyən edilir. Risk artdıqda istifadəçiyə dərhal xəbərdarlıq göndərilir ki, mövqeyini dəyişsin. Layihənin əsas ideyası, texnologiyanı istifadə edərək bu problemi daha əlçatan və effektiv şəkildə həll etməkdir”.

Səlman üçün ISEF 2026 sadəcə elmi təqdimat deyil, həm də dünyanın dörd bir yanından gələn həmyaşları ilə unudulmaz bir şəbəkələşmə platforması olub. İstedadlı gəncimizin sözlərinə görə, orada müxtəlif ölkələrdən gələn şagirdlərlə birgə yarışmaq həm çox maraqlı, həm də çox çətin olub: “Orada amerikalı, çinli, keniyalı və türk şagirdlərlə çoxlu yeni dostluqlar qurdum. Yarışmada xüsusi şəbəkələşmə günü var idi. O gün başqa yarışmaçılarla komanda qurub, çoxmərhələli “otaqdan çıxış” tapmacasını həll etməyə çalışdıq. Sonra müxtəlif əyləncələr, tələbə tanışlıq gecələri keçirilirdi. Müxtəlif ölkələrin milli nişanlarını Azərbaycan sancaqları ilə dəyişirdik.

Münsiflərlə görüş mərhələsi isə çox ciddi nizamlanmışdı. Bizə amerikalı, pakistanlı, hindistanlı, nigeriyalı və ərəb olmaqla ümumilikdə 13 münsif yaxınlaşdı. Hər münsif maksimum 15 dəqiqə müsahibə edə bilərdi və hər 15 dəqiqədən bir zalda xəbərdarlıq səslənirdi. Onlar əvvəlcədən saytda layihəmizi araşdırıb suallar hazırlamışdılar, biz isə bütün sualları tam cavablandıra bildik”.

“Uğur qazanmaq heç də asan olmadı”

Səlman bu qlobal uğurun arxasında duran gecə-gündüz fədakarlığını xatırladır. O, uğurunu ailəsinə və ona dəstək olan müəllimlərinə borclu olduğunu vurğulayaraq, gələcək hədəflərini və yaşıdlarına tövsiyələrini bölüşür: “Uğur qazanmaq heç də asan olmadı. Gecə-gündüz demədən, hər yeni ideya gəldikdə onu dərhal tətbiq edərək layihəni təkmilləşdirirdik. Düşünürəm ki, bizi uğura aparan əsas səbəb davamlılıq və heç vaxt dayanmamağımız oldu. Gələcək üçün əsas məqsədim öz startapımı qurmaq və zamanla onu beynəlxalq səviyyədə tanınan bir texnologiya şirkətinə çevirməkdir.

Digər şagirdlərə tövsiyəm odur ki, vaxtın az və ya çox olmasına baxmayaraq, öz maraqlarının arxasınca getsinlər. Vacib olan başlamaq və davamlı şəkildə çalışmaqdır. Əgər insan başladığı işə sona qədər sadiq qalarsa, mütləq zəhmətinin nəticəsini görəcək”, – deyə o bildirib.

Bu dörd gənc ölkəmizin elmi gələcəyinin hansı etibarlı əllərdə olduğunun ən gözəl sübutudur.