Onlar məktəbə niyə velosipedlə gedirlər? - 221 nömrəli məktəbdən REPORTAJ

30 Sentyabr, 2026 - 11:58
Onlar məktəbə niyə velosipedlə gedirlər?

Zaman dəyişir, yanacaqla çalışan, güclü mühərrikləri olan avtomobilləri artıq ekoloji təmiz nəqliyyat vasitələri əvəz edir. Ancaq dünyanın sürətini azaldan tıxaclara qalib gəlməyin yolu elektrikli, tam ekoloji təmiz avtomobillər olmadığını da hər kəs dərk edir. Çıxış yolları arasında velosiped də var.
Biri “ayağımı yerdən götürsün”, biri “gecikməyim” niyyəti ilə, o birisinin “tıxacda qalmayım” deyə üstünlük verdiyi velosipedlər artıq Azərbaycanda da əsas nəqliyyat vasitələrindən birinə çevrilir.

Məktəbli velosipedçilər
 
Prosesə məktəblilər də qoşulub. Bəlkə də velosipedi “trendə çevirən”, gündəmimizə, hətta velosipedin də bir nəqliyyat növü olduğunu ağlımıza gətirən, velosipeddən istifadəni kütləviləşdirən elə məktəblilərdir. 

Bakının Xətai rayonunda yerləşən 221 nömrəli tam orta məktəbin şagirləri  bu yolu  çoxdan “kəşf” ediblər. Əvvəl bir nəfər, sonra iki, üç,... Beləcə, sayları artıb, sıraları genişlənib. Hətta o qədər artıb ki, böyükləri məktəblərində velosiped dayanacağı – onların saxlanılması üçün konstruksiya belə quraşdırmağa məcbur ediblər. Onlarla söhbətləşərkən öyrəndik ki, sadəcə velodayanacaq yox, hətta velosiped yolu da düzəltdiriblər. Artıq neçə illərdir məktəbə velosipedlə gəlib-gedən şagirdlər bu yola niyə əl atdıqlarını “Azərbaycan müəllimi”nə belə izah ediblər. 

“Sürücü maşını üstmə sürdü”

Məsələn, Yasin Həbibov VIII sinifdə oxuyur. Xətai rayonu Polad Həşimov küçəsində yaşayır və evləri o qədər də uzaq deyil məktəbdən. Artıq 7 ildir velosiped istifadəçisi olsa da, məktəbə 3 ildir sevimli nəqliyyatı ilə gəlir. Çünki 3 il əvvəl ağlına gəlib ki, ağır kitablarını velosipedlə daha yaxşı daşıya bilər: “Kitablarım ağırdır deyə məktəbə velosipedlə gəldim, düzü, həm də əyləncəlidir. Velosiped sürməyi çox sevirəm, ağır kitablarımı daşımağı da asanlaşdırdığı üçün əlverişlidir. Ancaq bəzi çətinlikləri də olur. Xüsusən axşam saatlarında maşınlar sıx olur və sürücülər arasında sərxoş olanlar çoxalır. Maşını üstümüzə sürürlər. Bir dəfə bir sürücü maşını üstmüə sürdü, velosipeddən yıxıldım, qolum sındı”.

Artıq dördüncü velosipedini sürdüyünü deyən Yasin deyir ki, velosipedə marağını dostları yaradıb. 
Bəs o, təhlükəsizlik qaydalarına əməl edirmi? Yasinin sözlərinə görə, indiyədək etməsə də, tezliklə bu istiqamətdə tədbir görəcək: “Kaska almaq istəyirəm, elə vaxt olur ki, qaranlıq olur, işıq da lazımdır. Planım var, bu iki şeyi alacağam”.
Xəyalları da böyükdür Yasinin velosipedlə səyahət planı var: “İstanbulu görmək istəyirəm. İstanbula gedib orda velosipedlə gəzəcəyəm”.


“Velosipedlə pilləkənlərdən enərkən bərk yıxıldım, ancaq bu məni velosipeddən uzaqlaşdırmadı”

Məktəbin VI sinif şagirdi Nadir Kazımov da fəal velosiped sürənlərdəndir. Artıq 1 ildir velosipedlə məktəbə gedib-gəlir: “Dəfələrlə yıxılmışam. Bir dəfə velosipedlə pilləkənlərdən enərkən bərk yıxıldım, ancaq bu məni velosipeddən uzaqlaşdırmadı. Velosiped sürməyi sevirəm”.

Nadir məktəblərində quraşdırılan və onların ixtiyarında olan parkinq konstruksiyasından da danışır: “Velosipedlərimizi məktəbin həyətində qoyurduq. Bəzən bir-birinin üstündə elə qalaqlanırdı ki, öz velosipedimizi tapıb götürə bilmirdik. Sonra bizim üçün dayanacaq quraşdırdılar. Düzdür, velosipedlilərin sayı artdığından artıq bu dayanacaq da kifayət etmir. Hamı məktəbə tez gəlməyə çalışır ki, dayanacaqda yer tapa bilsin”. 

“Ailəm velosiped sürməyimdən narahat deyil”

Xəyal Əlizadə VIII sinif şagirdidir. Əlaçıdır. Həm yaxşı oxuyur, həm də yaxşı velosipedçidir.

VII sinifdən velosipedlə gəlir məktəbə: “Məktəbimizdə velosipedlərimizi saxlamaq üçün dayanacağımız da var, hər gün gəlib maşınımı orada saxlayıram. Amma məktəbdə velosipedi olan şagirdlərin sayı daha çox olduğundan bəzən dayanacaqda yer tapa bilmirəm. Elə olanda velosipedimi bir kənara söykəyirəm”.


Xəyal deyir ki, ailədə də onun velosipedlə məktəbə gəlməyindən narahat deyillər: “Bəzi dostlarım ailəsinin narahatlıqlarına görə velosipedlə gələ bilmirlər. Amma mənim ailəm velosiped sürməyimdən narahat deyil”.

“Əvvəl anam icazə vermirdi”

Asim Əlizadə 221 nömrəli məktəbdə VI sinifdə oxuyur.

Velosiped sürməyi 5 il əvvəl öyrənsə də, məktəbə cəmi bir ildir ki, velosipedlə gəlir: “Əvvəl anam icazə vermirdi, sonra razılaşdı. Yollar boş da olur, dolu da. Səkidə həmişə adamlar çox olur deyə, adətən maşın yolunun qırağı ilə sürürəm. Rahat gedib-gəlirəm”. 

“Yarış olsa, gedərəm...”

Əli Allahverdiyev VII sinif şagirdidir. 2 ildir ki, velosiped sürür.

Riyaziyyatı, tarixi və idmanı sevir. Kikboksinqlə maraqlanır: “Velosiped sürməyi çox sevirəm. Hər yerə velosipedlə gedib-gəlirəm. Yarış olsa, gedərəm, düzdür, I-II ola bilməsəm də, fərqlənənlərdən biri olaram”.

“Gecikməmək üçün velosipedlə gəldim”

Əlidən fərqli olaraq Nur velosiped yarışına qatılıb. Nur Bakının "Dünyanın İdman Paytaxtı" seçilməsi ilə əlaqədar velosiped idman növü üzrə Xətai rayon məktəbliləri arasında sentyabrın 29-da keçirilən turnirdə də iştirak edib. 254 nömrəli tam orta məktəbdə təşkil edilən turnirdə 221 nömrəli məktəbin Nurla birlikdə 4 şagirdi - Yusıf Eyvazov, Taleh Arkişiyev, Altay Axundov da iştirak edib.

 İlk üçlükdə yer tutmasalar da, yarışın fəal iştirakçısı olublar. Nur Mustafayeva deyir ki, yarışda öz velosipedi ilə yarışa bilmədiyi üçün böyük uğur qazana bilməyib və buna görə çox ağlayıb: “Mən yer tutacağıma əmin idim. Amma öz velosipedimizlə yarışa bilmədik. Mənə verdikləri velosipedin isə sükanında problem vardı”.

Məktəbə velosipedi ilə gələn 5 qızdan biridir Nur. Özü də həm yaxşı oxuyur, həm də fərqli bacarıqlara yiyələnir: “Rəsm çəkməyi sevirəm, xalça toxumağı öyrənirəm. Sevdiyim məşğuliyyətlərdən biri də velosiped sürməkdir. Məktəbə bu ildən mən də velosipedlə gəlirəm. İlk dəfə velosipedlə gəlmək fikri məktəbə gecikməmək üçün ağlıma gəldi. Evimiz məktəbdən təqribən 20 dəqiqəlik məsafədədir. Dərsin vaxtına az qalmışdı. Gecikməmək üçün velosipedlə gəldim”.
Nur deyir ki, qardaşı ondan əvvəl sürməyə başlasa da, ona velosipedin üzərində dayanmağı, onu hərəkətə gətirməyi bibisi qızı öyrədib. 
Velosipeddən bir neçə dəfə yıxılıb, ona görə velosiped yarışına qatılmaq istəmir: “Yıxılmaqdan qorxmuram, heç ağrımır yıxılanda, ancaq yıxılmaqdan utanıram camaatın içində. Rolik də sürməyi bacarıram, ancaq 25 dəfə yıxılıb qolumu əzmişəm. 

Valideynlər narahatdır: “Qorxuram maşın vurar”

Məktəbin həyətində uşaqların velosipedlə məktəbə giriş-çıxışını diqqətlə izləyən böyüklər arasında Nigar nənə də var.

Nigar Abdullayevanın bu məktəbdə  iki nəvəsi təhsil alır: “Birinci sinifdə oxuyan nəvəmi götürüb gedəcəyəm, onu gözləyirəm”.
Digər nəvəsi Elvin Hüseynov nənəsinin narahatlığına məhəl qoymadan, onun qorxu və israrına baxmayaraq, velosipeddən əl çəkmək istəmir: “Qorxuram maşın vurar, o isə deyir ki, hamı velosipedlə gedir, mən də gedəcəyəm. Dərsini güclə oturdub oxutdururuq. 1 dəqiqə evdə oturmur, velosipedini götürüb çıxır. Yarışa hazırlaşır.

Müəllimlər də maşınını qoyub velosipedlə gəlirlər

Elə bilirsiniz məktəbin ancaq şagirdləri yaxşı velosipedçidirlər? Əsla. Müəllimlərdən də maşınından düşüb velosipedə minənlərin sayı günü-gündən artır. Fiziki tərbiyə müəllimi Günel Babaşova onlardan biridir.

O da deyir ki, məktəbdə velosipedə üstünlük verənlərin sayına dayanacağın quraşdırılması xüsusi təsir edib: “Xətai rayonu Polad Həşimov küçəsində yaşayıram. Məktəbimizə ən çox bizim küçədən velosipedlə gəlirlər. Mən də çox hallarda maşınla yox, velosipedlə gəlirəm. Qızlarımın velosipedindən istifadə edirəm. İlk istifadədən sonra velosipedin daha rahat olduğunu insan anlayır. Üstəlik, velosiped sağlamlıqdır. Həm ətraf mühiti çirklənmədən qoruyur, həm də öz orqanizmimizi sağlamlaşdırırıq”.

“Onların məktəbə gəlməsi üçün nəqliyyat vasitəsi yoxdur”

2 ildir məktəbin direktoru olan Cavid Əliyev “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, məktəbə direktor təyin olunandan sonra şagirdlərin velosiped sevgisi diqqətini çəkib:

“Dağınıq şəkildə atılan velosipedlər həm səliqəsiz görüntü yaradırdı, həm uşaqlar dərsdən kütləvi şəkildə çıxanda qarışıqlığa səbəb olurdu. Məktəbimiz adından rayon icra hakimiyyətinə velosiped dayanacağı üçün müraciət etdik. Dayanacağın quraşdırılması şagirdlərimizin velosipedə marağını daha da artırdı. Hazırda məktəbimizdə şagirdlərimizin 20 faizi velosipeddən istifadə edir. Suraxanı rayonundan da şagirdlərimiz var. Xüsusən “Qum adası” deyilən ərazidən məktəbimizə velosipedlə gələn xeyli sayda şagirdimiz var. Onların məktəbə gəlməsi üçün, ümumiyyətlə, hər hansı nəqliyyat vasitəsi yoxdur. Onlar da dərsə vaxtında çatmaq üçün velosipeddən istifadə edirlər. Əvvəl magistral yolla gəlirdilər və bu, onların həyatı üçün təhlükə yaradırdı. Uşaqlarımızın artan marağını və Suraxanıdan gələnlərin yol çətinliklərini nəzərə alaraq daxili imkanlarımızla, valideynlərin dəstəyi ilə velosiped yolu düzəltdik. Suraxanıdan məktəbə kəsə yol müəyyənləşdirib həmin yolu təmizlədik. Torpaq da olsa, bu yol həm məsafəni qısaltdı, həm şagirdlərimizin rahat və təhlükəsiz gəlməyinə şərait yaratdı”. 

Direktorun sözlərinə görə, velosiped yolu yağmursuz günlərdə məktəbə qədər olan məsafəni qısaldıb uşaqların təhlükəsizliklərini təmin etsə də, yağmurlu, qarlı havalarda uşaqlar ayaqları palçığa batmasın deyə məcburən magistral yola çıxmalı olurlar.

Təhsilə gedən yollarımız işıqlı, təhlükəsiz olsun

Direktorun sözləri ağla “Cırtdan”ın nağılını gətirir.  Cırtdanın qarşısına çıxan yolayrıcı 221 nömrəli tam orta məktəbin velosipedçi şagirdlərinin də qarşısına çıxır. Bu nümunədə də təhsilə iki yol aparır. Bir yol işıq gəlsə də, təhlükə saçır, digəri isə qaranlıqda da olsa, təhlükəsizdir. Uşaqlarımız - gələcəyimiz işıq gələn təhlükəli yola, yəni magistral yola girməsinlər deyə qaranlıqları aydınlatmalı, palçıq yolu asfaltlamalıyıq, elə deyilmi? Bunu etmək üçün də məktəblilərdən ilhamlana bilərik. Onlar öz seçimləri ilə bizə göstərdilər ki, velosipedlə keçilməz yollar asanlıqla keçilir, məsafələr qısalır. Odur ki, maşından düşüb velosipedə minməyin əsl vaxtıdır.

Foto: Kənan QAFAROV

Onlar məktəbə niyə velosipedlə gedirlər?
Onlar məktəbə niyə velosipedlə gedirlər?
Onlar məktəbə niyə velosipedlə gedirlər?
Onlar məktəbə niyə velosipedlə gedirlər?