“Onun son dərsi Vətən oldu” - Tarix yazan tarix müəllimi 

27 Sentyabr, 2026 - 11:30
“Onun son dərsi Vətən oldu”

Müəllim yalnız bilik öyrətmir, həm də şagirdinin dünyagörüşünü formalaşdırır, ona həyat yolu göstərir, Vətən sevgisini aşılayır. Bəzən isə onun öz həyatı şagirdləri üçün ən böyük dərsə çevrilir. Müəllimlik missiyasını yerinə yetirərək şagirdlərinə nümunəvi tarix müəllimi oldu Rəşad Məmmədov.

44 günlük Vətən Müharibəsinin şəhid müəllimi Rəşad Məmmədov 4 sentyabr 1989-cu ildə Gəncə şəhərində anadan olub. 

Anası Rəfiqə Süleymanova deyir ki, oğlu adi uşaq olub: “Dərslərini yaxşı oxuyurdu. Hələ balaca olanda televiziyada məcburi köçkünləri, qaçqınları görəndə onların kim olduqlarını, vertolyotla hara getdiklərini soruşurdu. Ona torpaqlarımızdan didərgin düşən həmvətənlərimizin taleyini danışandan sonra “böyüyəndə düşmənlərin hamısını öldürəcəyəm, torpaqlarımızı azad edəcəyəm” deyərdi. Elə də oldu”. 

Rəfiqə ana deyir ki, Rəşad tarixi o dövrdən sevməyə başladı. Arxeoloq olmaq istəyirdi. yeni tarix kitabı yazmağı planlaşdırırdı. Xeyli material da toplamışdı. Araşdırmaları yarımçıq qaldı”,- deyir qəhrəmanın anası. Lakin onun yarımçıq qalan araşdırmaları kimi, həyatının da yarımçıq qalacağı heç kimin ağlına belə gəlməzdi.

Tarix müəllimi kimi şagirdlərinə yalnız keçmişi öyrətməyib

2006-cı ildə Gəncə şəhər 34 nömrəli tam orta məktəbdən məzun olan qəhrəman müəllimiz 2006- 2010-cu illərdə Gəncə Dövlət Universitetinin "Tarix" ixtisasını bitirib.Rəfiqə ananın sözlərinə görə, əvvəlcə müəllimlik onun əsas arzusu olmayıb. 2013-cü ildə Gədəbəy rayonunun Qoşabulaq kənd 1 nömrəli tam orta məktəbdə tarix müəllimi kimi fəaliyyətə başladıqdan sonra bu peşəyə münasibəti dəyişib. Kənd uşaqlarına dərs demək Rəşad müəllimin ürəyincə olub. Müəllimliyi sevib, şagirdləri ilə qurduğu münasibət isə onu bu peşəyə daha da bağlayıb.

Daha sonra pedaqoji fəaliyyətini 2018-ci ildə Gəncə şəhər M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbdə davam etdirib. Burada da tarix müəllimi kimi şagirdlərinə yalnız keçmişi öyrətməyib. Onlara Vətəni sevməyi, tariximizə sahib çıxmağı, milli yaddaşımızı, kimliyimizi qorumağı aşılayıb.

2020-ci ildə Gəncə Dövlət Universitetinin “Azərbaycanın yeni və ən yeni tarixi” ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. Aldığı bu diplom Rəşad müəllimin təhsil həyatında böyük uğurlarından biri olub.

“Qayıdacağam, narahat olma...”

44 günlük Vətən müharibəsi başlayanda minlərlə Azərbaycan gənci kimi Rəşad da bu çağırışa biganə qalmayır. Gənc müəllim olmasına, qarşıda hələ quracağı bir həyatın, yetişdirəcəyi şagirdlərin olmasına baxmayaraq, Vətənin müdafiəsini hər şeydən üstün tutur.2020-ci ildə könüllü olaraq cəbhəyə yazılır.

Rəşad ailənin tək övladı idi. Anası Rəfiqə xanım üçün bu qərarı qəbul etmək heç də asan deyildi. Ana oğlunun getməsindən narahat olsa da, onun vətənpərvərlik hissinə və verdiyi qərara hörmətlə yanaşırdı.O, oğlunun arxasınca narahatlıqla baxaraq soruşdu: “Rəşad, məni, şagirdlərini qoyub hara gedirsən?”

Rəşad isə anasını sakitləşdirmək üçün cəmi bir cümlə deyir: “Qayıdacağam, narahat olma!”

Bu qısa cümlənin arxasında onun Vətənə olan sonsuz sevgisi, məsuliyyət hissi və torpaqlarımızın azadlığına inamı dayanırdı. Rəşad yaxşı bilirdi ki, qarşıda onu çətin günlər, ölüm-dirim savaşı gözləyir. Lakin bütün bunlara baxmayaraq, o, Vətənin müdafiəsi üçün cəbhəyə yollanmaq qərarından dönmədi.Müəllim kimi şagirdlərinə Vətən sevgisini, torpağa bağlılığı və milli dəyərlərə hörməti aşılamaqla yanaşı, özü də bu dəyərlərə sadiq qalmağın nümunəsini göstərdi. Onun üçün Vətənin müdafiəsi müqəddəs borc idi.

Rəşadın bu addımı ailəsi üçün böyük qürur, eyni zamanda ağır bir sınaq oldu. Ana oğlunun Vətən uğrunda döyüşə getməsi ilə qürur duyur, bir tərəfdən də onun sağ-salamat geri qayıtmasını arzulayırdı. 

“Rəşadın məndən istədiyi bayrağımızı Cıdır düzündə dalğalandırdım…”

44 günlük Vətən müharibəsi zamanı Rəşad müəllimin anasından bir xahişi də olur:“Müharibənin qızğın günlərinin birində məndən bayrağımızı istədi. Dedi ki, Şuşanı azad edəndə ora aparacaq. Amma o, Şuşanın azad olunmasını görmədi”. Şuşanın azadlığı uğrunda gedən döyüş əməliyyatında iştirak edən igidimiz 8 noyabr 2020-ci ildə şəhid olur. Qəhrəman müəllim 17 noyabr 2020-ci ildə Gəncə Şəhidlər xiyabanında torpağa tapşırılıb.

“Mən sonra gedib bayrağımızı Cıdır düzündə dalğalandırdım”, – deyən anası oğlunun yarımçıq qalan arzusunu həyata keçirir.

Şagirdlərinə aşıladığı Vətən sevgisini öz qəhrəmanlığı ilə nümayiş etdirdi 

Rəşad Məmmədov şagirdlərinə tarix öyrədərkən qeyd etdiyimiz kimi onlara Vətənimizin keçmişini, qəhrəmanlarını və müqəddəs torpaqlarını tanımağı, qorumağı aşılayırdı. Lakin onun öz həyat hekayəsi də zamanla həmin tarixin bir parçasına çevrildi. O, müəllim kimi şagirdlərinə aşıladığı Vətən sevgisini öz qəhrəmanlığı ilə nümayiş etdirdi.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Rəşad Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Bu təltiflər onun Vətən qarşısındakı xidmətlərinin dövlət tərəfindən qiymətləndirilməsinin ifadəsidir.

Şagirdlərinə tarix öyrədən Rəşad müəllim özü tarix yazdı. Onun yazdığı bu tarix isə həm ailəsinin, şagirdlərinin, həm də onu tanıyanların yaddaşında daim yaşayacaq.

“Onun son dərsi Vətən oldu”
“Onun son dərsi Vətən oldu”