Övladınızda bu dəyişiklikləri görsəniz, diqqətli olun – ATU dosentindən xəbərdarlıq
"Uşaqlarda narkotik və psixotrop maddə istifadəsi ehtimalı fiziki, psixoloji və davranış dəyişiklikləri ilə özünü göstərə bilər. Lakin bu əlamətlərin hər biri ayrı-ayrılıqda narkotik istifadəsinin sübutu deyil".
Bu fikirləri “Azərbaycan müəllimi”nə müsahibəsində Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Zöhrə İsmayılova bildirib.
Onun sözlərinə görə, valideynlər hər hansı bir əlamətə əsaslanaraq övladlarını dərhal ittiham etməməlidirlər:
“Əsas diqqət uşağın fiziki vəziyyətində, psixologiyasında və davranışında eyni vaxtda baş verən qeyri-adi dəyişikliklərə yönəldilməlidir.
Narkotik və psixotrop maddələr mərkəzi sinir sisteminə spesifik təsir göstərən, asılılıq yarada bilən bitki və ya sintetik mənşəli maddələrdir. Onların toksik təsiri uşağın orqanizminə, psixi vəziyyətinə, düşüncə tərzinə və davranışına təsir edir. Nəticədə əvvəlki sağlam vərdişlər itə, xarakter və həyat tərzi dəyişə bilər.
Əhvalın, yuxu və qidalanma rejiminin, dostluq münasibətlərinin, fiziki görünüşün, hərəkət koordinasiyasının və məktəb göstəricilərinin qəfil və ya ciddi şəkildə dəyişməsi maddə istifadəsi ehtimalı ilə bağlı ola bilər. Əlbəttə, yeniyetməlik dövrünün özünəməxsus psixoloji və davranış dəyişiklikləri də mövcuddur. Buna görə də ayrı-ayrı əlamətlərə deyil, onların kompleks şəkildə özünü göstərməsinə diqqət yetirmək lazımdır”.
Z.İsmayılova qeyd edib ki, ilkin fiziki əlamətlərdən biri gözlərdə yaranan dəyişikliklərdir:
“Göz bəbəklərinin həddindən artıq böyüməsi və ya daralması, işığa reaksiyasının zəifləməsi, gözlərin qızarması və baxışların dumanlı olması diqqət çəkə bilər.
Bundan başqa, günlərlə yuxusuz qalmaq və ya əksinə, günün böyük hissəsini yatmaq, davamlı halsızlıq, kəskin arıqlama, iştahsızlıq, bəzi hallarda şirniyyata tələbatın həddindən artıq artması müşahidə oluna bilər. Yeriyərkən səndələmə, nitqin ləngiməsi və ya qeyri-səlis olması, əllərin əsməsi, şəxsi gigiyenaya, geyimə və xarici görünüşə qarşı marağın qəfil itməsi də mümkün əlamətlər sırasındadır”.
Dosent bildirib ki, bəzi hallar dərhal tibbi müdaxilə tələb edir:
“İlk növbədə, hallüsinasiyalar və sayıqlamalar ciddi təhlükə əlamətləridir. Uşağın mövcud olmayan səsləri eşitməsi, görüntülər görməsi, reallıqla əlaqəsinin pozulması, “qulağıma səs gəlir”, “məni öldürmək istəyirlər” kimi ifadələr işlətməsi diqqətdən kənarda qalmamalıdır.
Daha təhlükəli vəziyyətlərdən biri doza həddinin aşılması ehtimalıdır. Şüurun dumanlanması və ya tam itməsi, çağırışlara reaksiya verilməməsi, dərinin kəskin solması, dodaqların və dırnaqların göyərməsi, tənəffüsün zəifləməsi, xırıltılı olması və ya dayanması, ürək döyüntüsünün kəskin azalması həyati təhlükə yaradır. Belə vəziyyətlərdə vaxt itirmədən 103 nömrəsinə zəng edərək təcili tibbi yardım çağırılmalıdır”.
Z.İsmayılova vurğulayıb ki, valideynlər belə vəziyyətlərdə övladları ilə qışqıraraq danışmamalı, onları təhdid etməməli və cəzalandırmağa çalışmamalıdırlar:
“Bu cür münasibət uşağın daha da qapanmasına səbəb ola bilər. Əsas məsələ problemi qəbul etmək, sakit, dəstəkləyici, eyni zamanda qətiyyətli mövqe nümayiş etdirməkdir. Şübhə yarandıqda məxfilik və anonimlik prinsiplərinin qorunduğu ixtisaslaşmış tibb müəssisələrinə, təcili hallarda isə təcili tibbi yardım xidmətinə müraciət olunmalıdır”.




