Özü balaca, uğurları böyük Səma
Bəzən böyük uğurlar məhz kiçik addımlarla başlayır. Ordubad rayonunun Dəstə kənd tam orta məktəbinin IV sinif şagirdi Səma Məmmədli yaşının kiçik olmasına baxmayaraq, qazandığı uğurları ilə seçilir.
“Azərbaycan müəllimi” şagirdin uğur yolunu təqdim edir.
Səma üç dəfə Kenquru Beynəlxalq Riyaziyyat olimpiadasında iştirak edib və hər dəfə final mərhələsinə vəsiqə qazanıb. “BilBacar” müsabiqəsində qazandığı III yer isə onun üçün xüsusi əhəmiyyət daşıyır. Səma deyir ki, bu çəkdiyi zəhmət hədər getməyib:
“Yarışmada 3-cü yeri qazanmaqla zəhmətimin qarşılığını aldım. Qalib olduğumu öyrənəndə isə çox sevindim”.
Bu nəticələri əldə etmək üçün o, müntəzəm hazırlaşıb: “Boş vaxtlarımda çoxlu testlər işlədim, nağıl kitabları oxudum, müəllimlərinin verdiyi tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirdim. Mənim informatika və məntiq sahəsinə marağım məktəbəqədər hazırlıq bölməsini bitirdikdən sonra başlayıb. Bu marağın formalaşmasında test həll etmək və mütaliəyə olan sevgim mühüm rol oynayıb”.
Məktəb dərsləri ilə yanaşı müsabiqələrə hazırlaşmaq bəzən çətin olsa da, Səma məqsədindən geri çəkilməyib. O, hər gün orta hesabla 4–5 saat çalışaraq uğuruna doğru inamla addımlayıb.
Qazandığı uğurlar Səmaya mühüm bir həqiqəti öyrədib:
“Mən bu uğurdan sonra anladım ki, çox çalışsam, dərslərimə ciddi yanaşsam və özümə güvənsəm hər şeyi bacararam”.
Səmanın ən böyük arzusu hüquqşünas olmaqdır.




