Peşə təhsilinə qəbul olan sağlamlıq imkanları məhdud şəxslərin sayı 40%-dən çox artıb 

19 Oktyabr, 2026 - 20:52
Peşə təhsilinə qəbul olan sağlamlıq imkanları məhdud şəxslərin sayı 40%-dən çox artıb 

“İnklüziv təhsil yalnız bərabər təhsil imkanlarının yaradılması deyil. Bu, hər bir insanın potensialının müəyyən edilməsi, onun bacarıqlarının inkişafına şərait yaradılması və cəmiyyətin sosial-iqtisadi fəaliyyətində aktiv iştirakının təmin olunmasıdır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı “”Skillbridge” inklüziv məşğulluq üçün inklüziv təhsil” layihəsinin açılış tədbirində səsləndirib.

İ.Bayramlı bildirib ki, burada əsas məqsəd hər bir insanın, gəncin fərdi xüsusiyyətlərindən və imkanlarından asılı olmayaraq, onun keyfiyyətli peşə təhsilinə yiyələnməsini təmin etmək və əldə etdiyi bacarıqları real əmək fəaliyyətinə tətbiq edə bilməsinə şərait yaratmaqdır: “Ümumiyyətlə, son illərdə Azərbaycanda peşə təhsilinin əhatə dairəsinin artırılması istiqamətində dövlətimiz tərəfindən əhəmiyyətli addımlar atılır. 

Təkcə 2023-2026-cı illərdə əlilliyi olan və sağlamlıq imkanları məhdud 5000 şəxs peşə təhsili müəssisələrində təhsil almaq imkanı əldə edib. Bu rəqəmlər dinamik olaraq artır. 2023-cü ildə bu kateqoriyadan olan 1000-dən çox gənc peşə təhsili müəssisəsinə qəbul olmuşdusa, cari tədris ilində – 2026-cı ildə bu rəqəm 40%-dən artıq olaraq 1400 nəfərə çatıb”.

Direktor bildirib ki, peşə təhsili müəssisəsində təhsil əldə etmək istəyən gənclərin sayı bundan sonra da artacaq: “Qeyd etdiyim sayların təqribən yarısı regionların payına düşür. Yəni təkcə Bakı şəhəri ilə məhdudlaşmır. 

Həmçinin bu gənclər 130-a yaxın müxtəlif ixtisasları seçiblər. Bu, bir daha göstərir ki, gənclərimizin maraq və bacarığına uyğun peşə istiqamətlərinin olması çox əhəmiyyətlidir”.

İ.Bayramlının sözlərinə görə, dövlətin təhsilə, o cümlədən peşə təhsilinə çıxışın təmin olunmasında dəstəyi böyükdür: “Qeyd edim ki, bu period ərzində peşə təhsili müəssisəsinə qəbul olunmuş əlilliyi olan tələbələrin 82%-i məhz dövlət sifarişli yerlərə qəbul olunub. Ödənişli əsaslarla müəyyən olunmuş yerə qəbul olunmuş tələbələrin vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına ödənilib. Beləliklə, bu kateqoriyaya aid olan şəxslərin təhsili tam şəkildə dövlətimiz tərəfindən qarşılanıb”.

Onun sözlərinə görə, qanunvericiliyə əsasən, əlilliyi olan şəxslərin peşə təhsili müəssisələrinə müsabiqədənkənar qəbulu həyata keçirilir: “Bütün bu göstəricilər inklüziv peşə təhsilinə çıxış imkanlarının genişləndiyinin bariz nümunəsidir. Lakin bizim qarşımızda duran daha növbəti mühüm vəzifə ondan ibarətdir ki, biz bu təhsilə əlçatanlığı real məşğulluq imkanlarına çevirə bilək”.