Polşalı influenser 9 günlük canlı yayımda xərçəng tədqiqatları üçün 67 milyon dollar topladı
Polşalı influenserin təşkil etdiyi 9 günlük canlı yayım kampaniyası uşaqlarda xərçəng xəstəliyinə qarşı mübarizə üçün 67 milyon dollar vəsait toplayaraq “YouTube”un ən böyük ianə aksiyalarından birinə çevrilib.
“Azərbaycan müəllimi” xarici KİV-ə istinadən xəbər verir ki, 23 yaşlı “Łatwogang” adlı influenser Varşavadan yayımlanan marafon zamanı xərçəngə qarşı yazılmış xüsusi Polşa rep mahnısını fasiləsiz şəkildə səsləndirib.
Kampaniya ilkin nəzərdə tutulan məbləği 50 dəfədən çox üstələyib və qısa müddətdə ölkə miqyasında böyük dəstək qazanıb.
Mahnının müəllifi reper “Bedoes 2115”dir və mahnıda üçüncü dəfə xərçəng residivi yaşayan 11 yaşlı Maya da iştirak edib.
Aksiyaya futbolçu Robert Levandovski, qapıçı Voyçex Şensnı, tennisçi İqa Şvyontek və digər tanınmış şəxslər də qoşularaq ianələr ediblər.
“Coldplay” qrupunun solisti Kris Martin də kampaniyaya dəstək məqsədilə polyak dilində piano ifası təqdim edib.
Toplanan vəsait xüsusi fond vasitəsilə xərçəng xəstəsi uşaqların müalicəsi, tibbi avadanlıqların alınması və ailələrin tibbi xərclərinin qarşılanmasına yönəldilib.
Məlumata görə, artıq 84 uşağa yardım göstərilib.
Kampaniya təşkilatçıları əsas məqsədlərinin xərçənglə bağlı maarifləndirmə aparmaq və xəstəliyin ölüm hökmü olmadığını göstərmək olduğunu bildiriblər.



