Problemlərimizi qarşıdurma ilə deyil, birlik və məsuliyyətlə həll etməliyik — Şəhid anası

13 Oktyabr, 2026 - 18:03
Problemlərimizi qarşıdurma ilə deyil, birlik və məsuliyyətlə həll etməliyik — Şəhid anası

"Bu gün baş verən hadisələr, hicab məsələsi ətrafında yaranan gərginlik, məktəblərə hücumlar, avtomobillərin yandırılması məni dərindən sarsıdır və ciddi narahatlıq doğurur". 

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Ali Məclisin deputatı, şəhid anası Gülşad Rüstəmli deyib. 

O bildirib ki, bir şəhid anası kimi bir ananın göz yaşının, övlad itkisi ağrısının, bir ailənin dağılan dünyasının nə demək olduğunu çox yaxşı bilir:

"Mən Vətənə övlad vermiş, bu torpağın ağrısını öz ürəyində daşıyan bir ana kimi hər bir hadisəyə, ilk növbədə, insan taleyi və gələcəyimiz baxımından yanaşıram.

Hicab məsələsi cəmiyyətimizin həssas mövzularından biridir. Hər bir insanın dini etiqadına, mənəvi dəyərlərinə və şəxsi ləyaqətinə hörmətlə yanaşılmalıdır. Heç bir qadın inancına və geyiminə görə alçaldılmamalı, təhqirə məruz qalmamalıdır. Eyni zamanda, təhsil müəssisələrində qanunvericiliyin tələbləri və məktəblərin qaydaları da hüquqi çərçivədə, qarşılıqlı hörmət və sağlam dialoq əsasında müzakirə olunmalıdır.

Ancaq bir həqiqət var: heç bir fikir ayrılığı zorakılığa, məktəblərə hücuma, avtomobillərin yandırılmasına və ictimai asayişin pozulmasına haqq qazandıra bilməz! Narazılıqların həlli qarşıdurmada deyil, qanunun aliliyində, dialoqda və qarşılıqlı anlaşmadadır".

Deputat kimi hesab edir ki, hər bir məsələ qanun çərçivəsində həll edilməli, insanların təhlükəsizliyi və uşaqlarımızın gələcəyi hər şeydən üstün tutulmalıdır:

"Bir qadın kimi istəyirəm ki, heç bir ana övladının təhlükəsizliyindən narahat olmasın, heç bir uşaq məktəbə qorxu ilə getməsin, heç bir ailə sabahından nigaran qalmasın.

Bir azərbaycanlı kimi isə məni ən çox düşündürən dövlətimizin sabitliyi, xalqımızın birliyi və Vətənimizin gələcəyidir.

Xarici düşmənlərimizin ölkəmizə qarşı apardığı mübarizəni unutmamalı, daxildə də milli birliyimizi zəiflətməyə, cəmiyyətimizdə nifaq və qarşıdurma yaratmağa yönələn cəhdlərə qarşı ayıq-sayıq olmalıyıq. Həssas məsələlərdən istifadə edərək insanları bir-birinə qarşı qoymaq heç bir halda xalqımızın maraqlarına xidmət etmir. Biz bir-birimizə düşmən kəsilməməli, problemlərimizi birlik və məsuliyyətlə həll etməliyik. Bizim birliyimiz gücümüz, həmrəyliyimiz dayağımız, dövlətimiz isə ən böyük dəyərimizdir".