Qəbələdə növbəti əmək yarmarkası: 120-dən çox vakansiya təqdim edilib
Dövlət Məşğulluq Agentliyinin Regional Məşğulluq filialının təşkilatçılığı ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində əmək yarmarkası keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə 20 müəssisə tərəfindən 120-dən artıq vakansiya iştirakçılara təqdim olunub. İşəgötürən müəssisələrin nümayəndələri tərəfindən müraciət edən şəxslərin CV-ləri qəbul edilərək dəyərləndirilib, vakansiyalar barədə ətraflı məlumat verilib.
Əmək yarmarkasında Mərkəzin sonuncu kurs tələbələri də fəal iştirak edərək müxtəlif vakansiyalar üzrə müraciətlər ediblər.
Tədbir zamanı gənclərin məşğulluğunun artırılması, peşə təhsilinin əmək bazarının tələblərinə uyğun inkişaf etdirilməsi və tələbələrin iş həyatına hazırlanmasının əhəmiyyəti vurğulanıb.
Həmçinin tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində keçirilmiş qısamüddətli “Traktorçu-maşinist - 3” və “Traktorçu-maşinist (HT kateqoriyası)” ixtisasları üzrə kursları uğurla başa vuran müdavimlərə sertifikatlar təqdim olunub.
Yarmarkanın keçirilməsində əsas məqsəd işsiz və işaxtaran şəxslərin məşğulluq imkanlarının artırılması, eləcə də gənclərin əmək bazarına inteqrasiyasına dəstək göstərilməsi olub.



