Qərbi Azərbaycan mövzusu artıq strateji fəaliyyət istiqamətinə çevrilib - Nazir

18 İyun, 2026 - 11:32
Qərbi Azərbaycan mövzusu artıq strateji fəaliyyət istiqamətinə çevrilib

"Ordubad Azərbaycan elminə, mədəniyyətinə və xalqımıza çoxsaylı görkəmli şəxsiyyətlər bəxş etmiş bölgələrimizdən biridir. Eyni zamanda Azərbaycan mədəniyyət tarixində özünəməxsus memarlığını və tarixi simasını qoruyub saxlamış nadir məkanlardan hesab olunur. Bu mənada bu gün Ordubadda olmaq və Qərbi Azərbaycan festivalında iştirak etmək mənim üçün böyük qürur hissidir". 

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Ordubadda keçirilən III “Qərbi Azərbaycana qayıdış” konqresində çıxışı zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib. 

Nazir bu tədbirin üçüncü dəfə keçirilməsinin sevindirici hal olduğunu söyləyib: 

“Adətən bir işi bir dəfə həyata keçirmək mümkündür, lakin onu davamlı ənənəyə çevirmək, hər dəfə yeni məzmun və yeni məna əlavə etmək daha böyük zəhmət və məsuliyyət tələb edir. Hesab edirəm ki, bu baxımdan görülən işlər xüsusi təqdirəlayiqdir.
Mövzunun mahiyyəti və onun bu gün Azərbaycanın milli kimliyinin formalaşmasında, gəncliyimizin yetişməsində, təhsil və elm həyatımızda mərkəzi mövzulardan birinə çevrilməsi mühüm əhəmiyyət daşıyır.

Xüsusilə qeyd etmək istərdim ki, bu istiqamətdə həm Qərbi Azərbaycan İcmasının, həm ölkəmizin ali təhsil və elm müəssisələrinin, eləcə də Naxçıvan Dövlət Universitetinin xüsusi rolu var. Ötən dövrə nəzər saldıqda görürük ki, Qərbi Azərbaycan mövzusu artıq strateji fəaliyyət istiqamətinə çevrilib”. 

Emin Əmrullayev əlavə edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Qərbi Azərbaycana qayıdışla bağlı sistemli təşkilatlanma, maarifləndirmə və araşdırma işləri aparılıb. Bu mövzu artıq ictimai düşüncəmizin, təşəbbüslərimizin və beynəlxalq ictimai diplomatiyamızın ayrılmaz hissəsinə çevrilib:

“Bu gün həmçinin Böyük Qayıdış prosesini xüsusi qeyd etmək istərdim. Şərqi Zəngəzur və Qarabağa qayıdış onu göstərir ki, tarixi ədalət gec də olsa, öz yerini tapır. Bu gün Azərbaycan vətəndaşlarının doğma torpaqlarına dönüşü bir daha sübut edir ki, məqsədyönlü və ardıcıl fəaliyyət nəticəsində qarşıya qoyulan hədəflərə çatmaq mümkündür". 

Nazir Naxçıvan Dövlət Universitetinin bu istiqamətdə gördüyü işləri də xüsusi vurğulayıb:

"Universitet ölkənin ali təhsil sistemində özünəməxsus yer tutur. Xüsusilə müstəqilliyimizin ən çətin dövrlərində Naxçıvanda güclü və universal ali təhsil müəssisəsi kimi formalaşması böyük əhəmiyyət daşıyır.

Son illərdə tələbə sayının artması, tədrisin keyfiyyətinin yüksəlməsi və ideoloji baxımdan mühüm mövzularda həyata keçirilən layihələr universitetin fəaliyyətinin göstəricisidir. Qərbi Azərbaycan mövzusunun elmi, ideoloji və ictimai-siyasi müstəvidə yüksək səviyyədə təqdim olunmasında göstərdiyi səylərə görə universitetin rəhbərliyi və kollektivinə təşəkkürümü bildirirəm”.

Emin Əmrullayev qeyd edib ki, Qərbi Azərbaycan mövzusunun araşdırılması üzrə qısa müddətdə mühüm nəticələr əldə olunub. Məktəblərdə bu mövzunun tədrisə inteqrasiyası, müxtəlif müsabiqələrin və layihələrin keçirilməsi mühüm addımlardandır.
Ötən il Qərbi Azərbaycan mövzusunda keçirilən müsabiqədə 20 mindən artıq şagird iştirak edib. Bu rəqəm göstərir ki, gənclərimizin mövzuya marağı böyükdür:

“Sonda bir çağırış etmək istərdim: Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanan resurslar və tədris vəsaitləri ictimai müzakirəyə açıqdır. İstərdim ki, elmi ictimaiyyət, ali təhsil müəssisələri və alimlər bu prosesdə daha fəal iştirak etsin və öz töhfələrini versinlər".