Qrimçi-pastijor müəlliminin düşüncələri – Müəllimin pedaqoji gündəliyindən
Tədris prosesində hər müəllimin yazılmamış bir gündəliyi olur. Bu gündəlik kağız üzərində deyil, dərs zamanı edilən müşahidələrdə, tələbələrin reaksiyalarında və dərsdən sonra düşünülən suallarda formalaşır.
Qrimçi-pastijor ixtisası üzrə müəllim kimi mənim pedaqoji gündəliyim də məhz bu şəkildə yaranıb. Qrim çox vaxt yalnız texniki bacarıq kimi dəyərləndirilir. Lakin dərs prosesində aydın olur ki, bu sahə təkcə üz üzərində aparılan iş deyil. Qrim obrazın daxili aləmini, onun xarakterini və dövrünü anlamağı tələb edir.
Tələbələrlə işləyərkən ilk növbədə onları hazır sxemlərə yox, düşünməyə yönəltməyə çalışıram. Çünki düzgün düşüncə formalaşmadan texniki bacarıq da öz dəyərini itirir. Dərslər zamanı tez-tez rast gəldiyim hallardan biri tələbələrin özünə inamsızlığıdır. İlk işlərdə yaranan tərəddüd, səhv etmək qorxusu yaradıcılığa mane olur. Bu məqamda müəllimin rolu yalnız izah edən şəxs olmaqdan çıxır. Müəllim eyni zamanda tələbəyə güvən verən, onu cəsarətləndirən və səbir göstərən bir yol yoldaşı olmalıdır. Təcrübəmdə dəfələrlə şahidi olmuşam ki, müəllimin sadə bir dəstəyi tələbənin yanaşmasını köklü şəkildə dəyişir. Hər dərsdən sonra özümə verdiyim suallar pedaqoji gündəliyimin əsasını təşkil edir. Bu gün dərs nə dərəcədə səmərəli oldu? Tələbələr nələri çətin qavradı? Hansı yanaşma daha uğurlu nəticə verdi? Bu suallar məni öz metodlarımı daim yenidən nəzərdən keçirməyə vadar edir. Mənim üçün müəllimlik yalnız öyrətmək deyil, eyni zamanda davamlı şəkildə öyrənmək prosesidir.
Sənət yönümlü ixtisaslarda tədrisin məsuliyyəti daha dərindən hiss olunur. Bu gün sinif otağında qazanılan bacarıqlar sabah teatr səhnəsində, kino sahəsində və mədəniyyət mühitində öz əksini tapacaq. Bu düşüncə dərslərə daha məsuliyyətlə yanaşmağı tələb edir. Qrimçi-pastijor ixtisası üzrə tədris aparmaq təkcə peşə öyrətmək deyil, estetik zövqü formalaşdırmaq və sənətə hörmət hissi aşılamaq deməkdir.
Bu yazını qələmə almaqda məqsədim şəxsi pedaqoji təcrübəmi bölüşməklə yanaşı, sənət təhsili sahəsində çalışan müəllimlərin gündəlik, lakin çox zaman görünməyən əməyinə diqqət çəkməkdir. Müəllimlərin düşüncələri və təcrübələri paylaşdıqca, təhsil mühitində peşəkar dialoq güclənir və bu da ümumi inkişaf üçün möhkəm zəmin yaradır.
Məlahət Məmmədova
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin qrimçi-pastijor ixtisası üzrə istehsalat təlim ustası




