Qurultayın təşkilatçılarından biri: Ali Pedaqoji İnstitutun direktoru Cəlil Məhəmmədzadə

17 Mart, 2026 - 11:02
Qurultayın təşkilatçılarından biri: Ali Pedaqoji İnstitutun direktoru Cəlil Məhəmmədzadə

XIX əsrin sonu - XX əsrin əvvəllərində Şuşa Azərbaycanın elm, təhsil, mədəniyyət və sənət həyatının əsas mərkəzlərindən biri olmuşdur. “Zaqafqaziyanın konservatoriyası” kimi tanınan Şuşada dini və dünyəvi məktəblər, kitabxanalar, mətbəələr, muğam evləri, xeyriyyə cəmiyyətləri, şeir və sənət məclisləri fəaliyyət göstərirdi. Açılan dünyəvi məktəblər Şuşanın maarifpərvər ziyalıları tərəfindən rəğbətlə qarşılanır, həm maddi, həm də mənəvi dəstək qazanırdı. Azərbaycanın təhsil və mədəniyyət tarixinə adını yazmış belə ziyalılardan biri də Kiyev Politexnik İnstitutunun məzunu Cəlil Məhəmmədzadədir.  

Şuşadan başlanan ömür yolu

Cəlil Məhəmməd oğlu Məhəmmədzadə (Sadıqov) 1888-ci ildə Şuşa şəhərində tacir ailəsində anadan olmuşdur. Yeddi yaşında məhəllə məktəbinə gedən Cəlil Məhəmmədzadə  iki il ərzində burada oxu-yazı və hesab vərdişlərinə yiyələnmiş, daha sonra təhsilini Şuşa realni məktəbində davam etdirmişdir. O, 1898-1904-cü illərdə Şuşa realni (edadi) məktəbində, 1904-1906-cı illərdə Gəncə gimnaziyasında, 1 oktyabr 1906-cı ildən 30 iyun 1909-cu ilədək isə Kiyev şəhərində Vyaçeslav Pyotrun özəl gimnaziyasında təhsil almışdır. Həmin dövrdə ailənin bütün maddi və mənəvi çətinlikləri əsasən Cəlilin üzərinə düşmüşdü. Həyat yoldaşının, kiçik qardaşının, eləcə də atasının Kiyevə - onun yanına göndərdiyi qohumlarının qayğısına qalmaq da məhz ona həvalə olunmuşdu. 

Doğma və uzaq Kiyev

Kiyev gimnaziyasını bitirən C.Məhəmmədzadə 1909-1910-cu illərdə Müqəddəs Vladimir Universitetinin Tibb fakültəsində təhsil almışdır. Sonra o, Kiyev Politexnik İnstitutunun Kimya fakültəsinə köçürülmüş və özünün də qeyd etdiyi kimi, burada mühəndis-texnoloq ixtisasına yiyələnmişdir.Kiyevdə yaşadığı illərdə C.Məhəmmədzadə ictimai-siyasi fəallığı ilə seçilmişdir. O, “Kiyev şəhəri müsəlman tələbələr təşkilatı”nın fəal üzvlərindən biri olmuşdur. Bu təşkilatda onunla birlikdə Möhsün İsrafilbəyov (Qədirli), Hüseyn bəy Axundov, Mustafa Quliyev kimi ziyalı gənclər də səmərəli fəaliyyət göstərmişlər. O, Y.V.Çəmənzəminlinin sədri olduğu Türk Ədəmi-Mərkəziyyət Firqəsi “Müsavat”ın fəal üzvlərindən biri olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Cəlil Məhəmmədzadə Azərbaycan hökumətinin Ukraynada rəsmi nümayəndəsi kimi fəaliyyət göstərmişdir. 1920-ci ildə isə Kiyev şəhərində Persiya konsulluğunda katib vəzifəsində çalışmışdır.

Ali Pedaqoji İnstitutun 5 illik yubileyinin təşkilatçısı

Ş.Ə.Manatovdan sonra Ali Pedaqoji İnstituta Cəlil Məhəmmədzadə rəhbərlik edib. Onun direktorluğu dövründə pedaqoji ictimaiyyətin iştirakı ilə Ali Pedaqoji İnstitutun ilk yubileyi keçirilmiş, bu münasibətlə “Azərbaycan Ali Pedaqoji İnstitutu (Beş illik və üçüncü buraxılış münasibətilə)” adlı kitab 1 nəşr olunmuşdur. Nəşr institutun direktoru Cəlil Məhəmmədzadənin “Tədris və tərbiyə - 5 il” məqaləsi ilə açılır. C.Məhəmmədzadənin Ali Pedaqoji İnstitutun fəaliyyətinə dair geniş məqaləsi “Mədəniyyət və maarif” jurnalının 1926-cı ilin 5-6-cı saylarında dərc olunmuş, burada institut əməkdaşlarının şəkilləri də verilmişdir. Çoxşaxəli ictimai-siyasi və pedaqoji fəaliyyəti ilə seçilən C.Məhəmmədzadə 1920-ci illərdə Azərbaycanda mədəni həyatın inkişafında mühüm rol oynamış, milli ziyalıların öncüllərindən biri olmuşdur. 1929-1932-ci illərdə O, Gəncə dairə partiya komitəsində təşkilat şöbəsinin müdiri kimi şəhərdə aparılan tikinti və yenidənqurma işlərinə rəhbərlik etmiş, sonralar isə Azərbaycan K(b)P MK-nın sosial-mədəni qrupunun rəhbəri olmuşdur.

Yeni hakimiyyətlə əməkdaşlıq

1920-ci ildə Moskvada tələbə yoldaşı M.İsrafilbəyov (Qədirli) ilə görüşü C.Məhəmmədzadənin bolşevizm ideyalarına meyil göstərməsində müəyyən rol oynamışdır. Həmin dövrdə M. Qədirli Azərbaycan Xalq Hərbi Dəniz İşləri Komissarlığının siyasi idarəsinin rəisi vəzifəsində çalışırdı. Cəlil Məhəmmədzadə bu ideyaları ürəkdən qəbul etməsə də, 1920-ci ilin iyulunda Bakıya gələrək yeni sovet hakimiyyəti ilə əməkdaşlığa başlamışdır. Müsavatçı keçmişini gizlətmək məqsədilə “Sadıqov” soyadından imtina edərək “Məhəmmədzadə” soyadını qəbul etmişdir.

O, 1920-ci ilin iyunundan dekabrınadək Azərbaycan SSR Siyasi İdarəsinin nəzdində fəaliyyət göstərən Mədəniyyət şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Eyni zamanda partiya kurslarında mühazirəçi kimi çıxış edərək 120 nəfərin siyasi hazırlıq keçməsində mühüm rol oynamışdır. Rus və ukrayna dillərini mükəmməl bilən C.Məhəmmədzadə partiya-siyasi kurslarda inqilabi hərəkatın tarixi və siyasi iqtisadın əsasları üzrə mühazirələr oxumuşdur.

İctimai-siyasi fəallığı ilə seçilən Cəlil Məhəmmədzadə 17 iyul 1920-ci ildə bolşevik partiyası sıralarına qəbul edilmişdir. O, 5 dekabr 1920-ci ildən 5 noyabr 1921-ci ilədək xalq ictimai təminat komissarının şəxsi katibi vəzifəsində çalışmışdır. 1921-ci ilin fevral ayında Rusiya ilə ictimai təminat sahəsində əlaqələri genişləndirmək məqsədilə Moskvaya, oradan isə ailəsini Bakıya gətirmək üçün Kiyevə ezam olunmuşdur. Anasının Kiyevdə xəstələnməsi səbəbindən üç ay müddətində orada qalmalı olmuşdur.

Kiyevdə olduğu müddətdə də siyasi fəaliyyətdən uzaq qalmamış, əksinə, bu istiqamətdəki fəaliyyətini daha da genişləndirmişdir. 1923-cü ildə Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin Bakı şöbəsi katibinin müavini vəzifəsinə təyin edilmiş, az sonra isə Xalq Komissarları Sovetinin İşlər İdarəsində fəaliyyətini davam etdirmişdir.

Nazir müavini, direktor və “Maarif və mədəniyyət” jurnalının redaktoru

1923-1928-ci illər C. Məhəmmədzadənin həyat və fəaliyyətinin ən məhsuldar dövrdür. 1923-cü ilin dekabrında o, Azərbaycan Xalq Maarif Komissarının müavini təyin olunub və 1928-ci ilədək bu vəzifəni icra edib. Həmin vaxt Xalq Maarif Komissarı onunla birlikdə Kiyevdə təhsil almış Mustafa Quliyev idi (o, Kiyev Müqəddəs Vladimir Universitetində oxumuşdu). XMK-nın müavini olarkən bir müddət incəsənət və məktəblər idarəsinə, daha sonra isə teatr idarəsinə rəhbərlik edib.

1924-1926-cı illərdə o, həmçinin ölkədə maarif və mədəniyyətin inkişafı, mədəni inqilabın həyata keçirilməsi, savadsızlığın ləğvi sahəsində mühüm rol oynayan “Maarif və mədəniyyət” jurnalının məsul katibi (redaktoru) kimi fəaliyyət göstərib. Onun redaktorluğu dövründə professor Fridolin və Ə.Pepinov redaksiya heyətinin üzvləri, Hacınski isə katib olub. Jurnalın 1924-cü ildə 12, 1925-ci ildə 8 və 1926-cı ildə 12 nömrəsi onun redaktorluğu ilə nəşr olunub.

Bu illərdə C.Məhəmmədzadə eyni zamanda “Azərnəşr”in direktoru, həmçinin Teatr idarəsinin sədri vəzifələrini də icra edib. 1926-cı ildə isə o, daha bir məsul vəzifəyə - Ali Pedaqoji İnstituta direktor (rektor) təyin olunub. İnstitut ADU-ya birləşdiriləndə 1928-ci ilə kimi yeni təşkil edilmiş  Pedaqoji fakültəyə rəhbərlik edib.

Latın əlifbası uğrunda mübarizə

1922-ci ildə Azərbaycan MİK-in  nəzdində Yeni Əlifba Komitəsi yaradılmışdır. Komitənin əsas məqsədi dilin, yazı və oxu sisteminin sadələşdirilməsi istiqamətində aparılan islahatları təşkil etmək, eləcə də ərəb qrafikasının latın əlifbası ilə əvəz olunması prosesini elmi-metodik əsaslara uyğun şəkildə tənzimləyib həyata keçirmək idi.
Azərbaycan əlifbasının latın qrafikasına keçirilməsi uğrunda mübarizə hərəkatının formalaşdığı ilk mərhələlərdən etibarən C.Məhəmmədzadə bu prosesin fəal iştirakçılarından biri olmuş, latın əlifbasının Azərbaycan dilinin fonetik xüsusiyyətlərinə, ahəng qanunlarına və tələffüz normalarına uyğunlaşdırılması ilə bağlı aparılan müzakirələrdə fəallıq göstərmişdir.
C.Məhəmmədzadə 1925-ci il mayın 25-də keçirilən Azərbaycan müəllimlərinin birinci qurultayında XMK-nın müavini kimi çıxış edərək məktəblərdə artıq yeni latın əlifbasına keçməyin zəruri olduğunu əsaslandırmış və qurultayın bütün nümayəndələrini bu mühüm islahatı həyata keçirmək üçün fəal əməkdaşlığa çağırmışdır.

I Türkoloji Qurultayın təşkilatçılarından biri

Azərbaycan Tədqiq və Tətöbbə Cəmiyyətinin Türkologiya bölməsinin 4 dekabr 1924-cü ildə keçirilən iclasında Türkoloji Qurultayı keçirmək üçün yaradılan Təşkilat Komissiyasının 9 nəfər üzvündən biri də C.Məhəmmədzadə olmuşdur. O,  qurultayın çağırılması ilə bağlı Azərbaycan K(b)P MK-da keçirilən iclasların hamısında Təşkilat Komissiyasının üzvü kimi iştirak və çıxış edib. 1925-ci il 16 noyabr tarixli iclasında Türkoloji Qurultayın keçirilməsinin  vaxtının dəqiq müəyyənləşdirilməsi ilə bağlı Azərbaycan K(b)P MK-nın katibi S.M.Kirovun təklifi ilə Moskvaya Zifeld və C.Məhəmmədzadə göndərilmişdi. O, Təşkilat Komissiyasının yerli komitə nümayəndələrinin I plenumunda və  partiya fraksiyasının iclasların hamısında  iştirak edib.Qurultayda mandat komissiyasına seçilib.   Xalq Maarif Komissarının müavini olan C. Məhəmmədzadə qurultayda həm də Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətini təmsil etmişdir.

Birinci Türkoloji Qurultayın Nəvainin 500 illik yubileyinin keçirilməsi üzrə yaradılan komissiyaya İnqamov, Baytursun, Rəhimov, Çobanzadə, Qabibov və Lemanov ilə yanaşı Cəlil Məhəmmədzadənin  adının daxil edilməsi, Özbəkistanın Xivə şəhərindən gələn türkoloq Ş.Rahimi tərəfindən ona  özbək milli xalatının təqdim olunması onun ictimai-siyasi fəaliyyətinin və türk respublikalarında yüksək nüfuza malik olmasının göstəricisi hesab edilə bilər.

Qurultayın işində fəal iştirak edən C.Məhəmmədzadə qəbul edilən qətnamələrin redaktəsi məqsədilə yaradılmış 26 nəfərlik komissiyanın üzvlərindən biri olmuşdur. O, latın əsaslı yeni türk əlifbasına keçid, ədəbi dilin formalaşması, çap-nəşriyyat işinin Avropa standartlarına uyğunlaşdırılması, terminologiyadan istifadə qaydaları və ortaq türkcənin yaradılması kimi mühüm məsələlərin müzakirəsində də fəal iştirak etmişdir. Bu məqsədlə yaradılmış 5 nəfərlik xüsusi komissiyanın da üzvü olmuşdur.
Türkoloji Qurultayın 3 mart səhər iclasında Cəlil Məhəmmədzadə yeni türk əlifbası məsələsi ilə bağlı geniş məruzə etmişdir.

I Türkoloji Qurultayda çıxış: əlifba məsələsi

C.Məhəmmədzadə qurultayda  məruzəsinin əsas hissəsini rus dilində də iştirakçıların diqqətinə çatdırmışdır. O, çıxışını əlifba məsələsi üzərində quraraq demişdir: “Qurultayımız qarşısında bir əsas məsələ - əlifba məsələsi durur. Terminologiya, orfoqrafiya və ibtidai məktəblərimizdə tədris üsullarının əsas əməli məsələlərinin həlli də bundan asılıdır”.

Sonra o, ərəb əlifbasının genezisindən, yayılmasından, türk- tatar xalqlarının bu əlifbanı qəbul etməsindən bəhs etmişdir. Əsaslandırmışdır ki, ərəb əlifbası türk-tatar xalqlarının tələblərinə cavab vermədiyindən onun təkmilləşdirilməsi ilə bağlı təşəbbüslər heç bir real nəticə verməyəcək. Ərəb hərflərinin sözün əvvəlində, ortasında, sonunda və ayrılıqda fərqli şəkildə yazılması, sağdan sola yazı qaydası tədrisdə və yazıda ciddi çətinliklər yaradır. Histologiya, riyaziyyat və tibb üzrə dərsliklərin nəşrində çoxsaylı edib problemlər ortaya çıxır. Türk-tatar dillərində mövcud olan “o”, “u”, “i” səslərinin ərəb əlifbasında qarşılığının olmaması xüsusilə çətindir. Misal kimi qeyd etmişdir ki, ərəb dilində “cümə axşamı” sözünü yazmaq üçün düz on nöqtə qoyulmalıdır və nöqtələrdən biri yanlış yerləşdirilsə, söz “çərşənbə” kimi oxunacaq.

C.Məhəmmədzadənin məruzəsində əlifba sadəcə yazı sistemi kimi deyil, türk xalqlarının kütləvi savadlanması, mədəni inkişafı, elmi tərəqqisi və sosial azadlığı üçün həlledici amil kimi təqdim olunur. Məruzədə tarixi baxımdan ərəb əlifbasının türk xalqlarına yad olduğu və tarixi-siyasi məcburiyyət nəticəsində qəbul edildiyi göstərilir, fonetik cəhətdən isə bu əlifbanın türk dillərinin səs sisteminə uyğun gəlmədiyi, xüsusilə saitlərin azlığı və sətirüstü-sətiraltı işarələrin oxunu çətinləşdirdiyi vurğulanır. Qeyd olunur ki, “islah olunmuş” ərəb əlifbası da bu problemləri aradan qaldırmır, ərəb qrafikası uşağın yaş və idrak səviyyəsinə uyğun olmayan, mexaniki əzbərləməyə əsaslanan mürəkkəb sistem yaradır, eyni zamanda müasir elmin, dəqiq fənlərin, musiqi və beynəlxalq terminologiyanın tələblərinə cavab vermədiyi üçün milli elmi mühitin formalaşmasına mane olur. Bütün bunların fonunda latın əsaslı yeni türk əlifbası dilin fonetik quruluşuna tam uyğun, sadə, aydın, geniş kütlələr üçün əlçatan, savadsızlığın aradan qaldırılmasında real nəticələr verən və xalqın gələcəyini müəyyən edən strateji və tarixi seçim kimi təqdim edilir.

Ə.Cavadın “Göygöl” şeiri və C.Məhəmmədzadənin həbs təhlükəsi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivində saxlanılan materiallardan məlum olur ki, AK(b)P Nəzarət Komissiyasının 24 mart 1926-cı il tarixli iclasında Cəlil Məhəmmədzadənin “Maarif və mədəniyyət” jurnalında Əhməd Cavadın “Göygöl” şeirinin dərcinə görə məsuliyyəti məsələsi müzakirə edilmişdir. İclasın 21 saylı protokoluna əsasən, bu məsələ əvvəlcə Azərbaycan K(b)P MK katibliyinin 13 dekabr 1925-ci il tarixli iclasında baxıldıqdan sonra müvafiq materiallar xüsusi şifrə ilə Nəzarət Komissiyasına göndərilmişdir. C.Məhəmmədzadə yoxlama komissiyasına təqdim etdiyi izahatda şeirin redaksiyada iki dəfə oxunaraq müzakirə edildiyini, Əhməd Cavadın əsəri Gəncə ətrafında yerləşən və təbiəti ilə seçilən Göygöl ərazisində istirahət zamanı yazdığını, mətnin yalnız Göygölün gözəlliyinə həsr olunduğunu və bu səbəbdən çapına razılıq verdiyini bildirmişdir. Nəzarət Komissiyası “Maarif və mədəniyyət” jurnalının 1925-ci il 2 (22)-ci sayında dərc olunmuş “Göygöl” şeirini diqqətlə araşdıraraq əsərdə antisovet məzmun aşkar etmədiyinə görə işin bağlanması və arxivə verilməsi barədə qərar qəbul etmiş, bununla da Cəlil Məhəmmədzadə həbs olunmaq təhlükəsindən xilas olmuşdur.

C.Məhəmmədzadəni repressiyadan xilas edən yeganə qüvvə: ölüm!

Cəlil Məhəmmədzadə 1932-ci ilin yanvarından ömrünün sonuna qədər Azərbaycan Mərkəzi Nəzarət Komissiyası və Fəhlə-Kəndli Müfəttişliyi sovet qurulucuğu şöbəsinin rəhbəri vəzifəsində çalışmışdır.  Geniş ictimai-siyasi və mədəni-maarifçilik fəaliyyəti ilə seçilən C.Məhəmmədzadə 1922-1924-cü illərdə Azərbaycan K(b)P Şəhər Komitəsinin üzvü, 1923-1928-ci illərdə Bakı Şurasının üzvü, 1932-ci ildən isə Azərbaycan K(b)P MK Plenumu və Prezidiumunun, Azərbaycan Sovet Şuralar Cəmiyyətinin Xalq Komissarları Şurasının, habelə Xalq Maarif Komissarlığı Kollegiyasının üzvü olmuşdur.
Onu repressiya və sürgün taleyindən yalnız vaxtsız ölüm xilas etmişdir: uzun sürən xəstəlikdən sonra o, 7 iyun 1934-cü ildə, 46 yaşında Bakı şəhərində vəfat etmişdir.

Fərrux Rüstəmov, 
ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi