Rəşad Həsənov: Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir

21 Oktyabr, 2026 - 11:04
Rəşad Həsənov: Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir

Ölkənin texnoloji inkişafının sürətləndirilməsi, müasir çağırışlara uyğun mütəxəssislərin hazırlanması, gənclərin bu sahədə bilik və bacarıqlarının artırılması qarşıda duran əsas vəzifələrdəndir.

"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov “AI Academy”nin ilk Məzun Günü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı bildirib.

Nazir müavini bildirib ki, texnologiyalar həyatın bütün sahələrinə nüfuz edir və bu prosesdə Azərbaycanın rəqabətqabiliyyətliliyinin artırılması xüsusi əhəmiyyət daşıyır.

“Bu baxımdan, süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi, innovativ yanaşmaların təşviqi və ixtisaslı kadr potensialının gücləndirilməsi vacibdir. Gənclərin müasir texnologiyalara yiyələnməsi və əldə etdikləri bilikləri praktikada tətbiq etməsi ölkənin gələcək inkişafına töhfə verəcək. “AI Academy” kimi təşəbbüslər isə bu istiqamətdə yeni imkanlar yaradır”, - deyə nazir müavini qeyd edib.