Reza Deqati: “Bir foto bəzən min sözün deyə bilmədiyini çatdırır”
IDEA İctimai Birliyi və “Reza Visual Academy”nin təşəbbüsü ilə keçirilən “FotoBax” milli fotomüsabiqəsi çərçivəsində Bakı şəhəri 3 nömrəli Uşaq– Gənclər İnkişaf Mərkəzində dünyaşöhrətli fotojurnalist Reza Deqati ilə görüş təşkil olunub.
Görüşdən sonra Reza Deqati “Azərbaycan müəllimi”nə müsahibəsində görüşlə, Azərbaycanla bağlı təəssüratlarını və peşə təcrübəsini bölüşüb.
“Azərbaycan mənim üçün xüsusi əhəmiyyət daşıyan ölkədir. Qarabağın, Xocalının və bu torpaqlarda yaşanan hadisələrin həqiqətlərini dünyaya çatdırmaq mənim mənəvi borcum olub. Fotoqrafiya yalnız görüntü yaratmaq deyil, həm də yaddaşı qorumaq, həqiqəti göstərmək və insanları bir-birinə yaxınlaşdırmaq vasitəsidir”, – deyə fotojurnalist bildirib.
Reza Deqati Azərbaycanlı uşaqlar və yeniyetmələrlə görüşməyin onun üçün böyük sevinc və qürur mənbəyi olduğunu vurğulayıb. O qeyd edib ki, gələcəyin ən böyük gücü gənclərin düşüncəsində, yaradıcılığında və dünyaya baxışındadır:
“45 il ərzində dünyanın müxtəlif bölgələrində müharibələrin, humanitar böhranların və insan talelərinin şahidi olmuşam. Bu gün isə həmin təcrübələri gələcək nəslin nümayəndələri ilə bölüşmək imkanım oldu. Ümid edirəm ki, görüşdə iştirak edən gənclər öz arzularının ardınca inamla gedəcək və dünyaya öz baxışlarını cəsarətlə təqdim edəcəklər”, – deyə o bildirib.
Qarabağ yalnız Azərbaycanın deyil, həm də bəşəriyyətin ortaq mədəni irsinin bir hissəsidir
Peza Deqati deyir ki,fotoqrafın əsas vəzifəsi həqiqəti göstərməkdir:
“Mənim Qarabağla, Xocalı ilə bağlı çəkdiyim fotolar dünyanın müxtəlif ölkələrində sərgilənib, nəşrlərdə dərc olunub və minlərlə insanın diqqətini bu faciələrə yönəldib. Bir foto bəzən uzun hesabatların və çıxışların edə bilmədiyini edir, insanın qəlbinə toxunur. Əgər həmin fotolar insanların bu hadisələri daha yaxşı anlamasına kömək edibsə, bu mənim üçün ən böyük nəticədir”.
Qarabağın bərpası və mədəni irsinin qorunması məsələsinə toxunan Reza Deqati bildirib ki, bu bölgə yalnız Azərbaycanın deyil, həm də bəşəriyyətin ortaq mədəni irsinin bir hissəsidir. O, tarixi və mədəni abidələrin qorunmasının gələcək nəsillər qarşısında mühüm məsuliyyət olduğunu diqqətə çatdırıb.
Azərbaycanın keçdiyi tarixi yoldan danışan fotojurnalist ölkənin son onilliklər ərzində mürəkkəb, eyni zamanda qürurverici inkişaf mərhələsi yaşadığını qeyd edib. Reza Deqatinin sözlərinə görə,Azərbaycan bütün çətinliklərə baxmayaraq öz milli kimliyini, mədəniyyətini və gələcəyə inamını qoruyub saxlayıb.
“Kamera yalnız alətdir, fotoya dəyər qatan isə insanın baxışı və duyğularıdır”
Foto sənətinin mahiyyətinə toxunan Reza Deqati vurğulayıb ki, texniki biliklər vacib olsa da, uğurlu fotoqrafiyanın əsasını hadisələri və insan talelərini hiss etmək bacarığı təşkil edir.
Bir fotoqraf üçün texniki bilik daha vacibdir, yoxsa hadisəni hiss etmək bacarığı? - sualına cavab olaraq tanınmış fotojurnalist deyir ki, texniki biliklər vacib olsa da, uğurlu fotoqrafiyanın əsasını hadisələri və insan talelərini hiss etmək bacarığı təşkil edir.
“Fotoqrafiyanı sənətə çevirən hiss etmək bacarığıdır. Əgər siz insanın ağrısını, sevincini, ümidini və ya yaşadığı anın mahiyyətini hiss edə bilmirsinizsə, ən mükəmməl texnika belə güclü foto yaratmayacaq. Kamera yalnız alətdir, fotoya dəyər qatan isə insanın baxışı və duyğularıdır.Bir foto bəzən min sözün deyə bilmədiyini çatdırır”.
Özünüz olun…
Gənclərə öz tövsiyələrini verən Reza Deqati onları daim öyrənməyə, çox oxumağa, müşahidə etməyə və dünyaya açıq olmağa çağırıb. O qeyd edib ki, uğurun əsasında təkcə istedad deyil, həm də zəhmət, səbir və öz məqsədinə sadiqlik dayanır. Fotojurnalistin sözlərinə görə, hər bir gənc dünyaya öz baxışını təqdim etməyə və cəmiyyət üçün faydalı işlər görməyə çalışmalıdır:
“Hər şeydən əvvəl çox müşahidə edin, oxuyun və öyrənin.Dünyaya açıq olun, fərqli insanları dinləyin və onların hekayələrini anlamağa çalışın. Uğur qazanmaq üçün yalnız istedad kifayət deyil, zəhmət və davamlı inkişaf da lazımdır. Ən əsası isə özünüz olun. Başqalarını təkrarlamağa çalışmayın, dünyaya öz baxışınızı təqdim edin. İnsanları birləşdirən, həqiqəti göstərən və ümid yaradan işlər görün”.




