“Roblox”da yeni qayda: Yaş üz tanıma ilə müəyyən ediləcək

14 Aprel, 2026 - 10:40
“Roblox”da yeni qayda: Yaş üz tanıma ilə müəyyən ediləcək

Populyar oyun platforması "Roblox" 16 yaşadək istifadəçilər üçün təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədilə yaşa əsaslanan yeni hesab növləri və genişləndirilmiş valideyn nəzarəti funksiyalarını istifadəyə verəcəyini açıqlayıb. 

"Azərbaycan müəllimi" xəbər verir ki, yeniliklərin 2026-cı ilin iyun ayının əvvəlindən mərhələli şəkildə tətbiqi planlaşdırılır.

Şirkət 5-8 yaşlı uşaqlar üçün “Roblox Kids”, 9-15 yaşlı yeniyetmələr üçün isə “Roblox Select” adlı iki yeni hesab modeli təqdim edir. Bu sistem istifadəçilərin yaşına uyğun məzmun, ünsiyyət imkanları və təhlükəsizlik məsələlərini avtomatik tənzimləyəcək.

Yeni qaydalara əsasən, “Roblox Kids” hesablarında yalnız aşağı risk daşıyan məzmunlu oyunlara icazə veriləcək və bütün ünsiyyət funksiyaları standart olaraq deaktiv ediləcək. “Roblox Select” hesablarında isə daha geniş, lakin yenə də məhdudlaşdırılmış oyunlar təqdim olunacaq və ünsiyyət imkanları nəzarətli şəkildə açıq qalacaq.

Platforma istifadəçilərin yaşını xüsusi yoxlama texnologiyaları, o cümlədən üz tanıma sistemi vasitəsilə müəyyən edəcək. Yaş təsdiqi olmayan istifadəçilər yalnız uşaq məzmununa çıxış əldə edəcək və mesajlaşma funksiyalarından istifadə edə bilməyəcək.

Bununla yanaşı, valideynlər üçün nəzarət imkanları da genişləndirilir. Valideynlər artıq 15 yaşa qədər övladlarının oynadığı konkret oyunları bloklaya, mesajlaşma tənzimləmələrini idarə edə və bəzi oyunlara fərdi icazə verə biləcəklər. Həmçinin platforma uşağın hansı oyunlara vaxt ayırdığını və kimlərlə əlaqədə olduğunu izləməyə imkan yaradacaq.

Şirkət bildirir ki, 16 yaşdan aşağı istifadəçilər üçün təqdim edilən oyunlar əlavə yoxlama prosesindən keçəcək. Bu prosesə oyun yaradıcısının təsdiqi, məzmunun qiymətləndirilməsi və real vaxtda istifadəçi davranışlarının təhlili daxildir.

Qeyd edək ki, dəyişikliklər uşaqların onlayn təhlükəsizliyi ilə bağlı artan narahatlıqlar fonunda həyata keçirilir. Hazırda gündəlik yüz milyonlarla istifadəçisi olan platforma bu addımların uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit yaratmağa yönəldiyini vurğulayır.

“Roblox”da yeni qayda: Yaş üz tanıma ilə müəyyən ediləcək
“Roblox”da yeni qayda: Yaş üz tanıma ilə müəyyən ediləcək