Robotlardan canlı rəsmlərə, açıq dərslərdən ustad yanaşmasına – “Açıq qapı” günü
“Azərbaycan müəllimi” olaraq Mingəçevir Texniki və humanitar liseyində keçirilən “Açıq qapı” günündə iştirak etdik. Gün boyu müşahidə etdiyimiz mənzərə göstərdi ki, bu tədbir sadəcə təqdimat xarakteri daşımır, əksinə, məktəbin real həyatını – dərs prosesini, şagird bacarıqlarını və pedaqoji yanaşmaları birbaşa nümayiş etdirən platformadır.
Tədbirin rəsmi hissəsində şəhər təhsil ictimaiyyətinin nümayəndələri, məktəb rəhbərləri, yerli qurumların təmsilçiləri və valideynlər iştirak edirdi.
Liseyin həyətində açıq havada təşkil olunan sərgi isə tədbirə gələn qonaqların xüsusi marağına səbəb oldu. Burada Mingəçevir STEAM Mərkəzində şagirdlərin hazırladıqları robotlar nümayiş etdirilirdi. Eyni zamanda açıq havada təşkil olunan yaradıcılıq guşəsində şagirdlər təbiət mövzusunda canlı rəsmlər çəkir, sərbəst yanaşma ilə öz dünyagörüşlərini ifadə edirdilər. İnklüziv sinifdə təhsil alan ibtidai sinif şagirdlərinin ilkin bacarıqlarının nümayişi isə tədbirə ayrı bir humanist çalar qatırdı – burada hər bir uşağın potensialına verilən dəyər aydın hiss olunurdu.
Günün əsas xətti açıq dərslər üzərində qurulmuşdu. Müxtəlif siniflərdə iştirak etdik, müəllim və şagirdlərlə birbaşa ünsiyyətdə olduq. Biologiya fənnindən keçirilən ustad dərsi xüsusilə diqqətimizi çəkdi. 8-ci sinifdə təşkil olunan dərsdə fotosintez mövzusu ənənəvi izahdan kənara çıxaraq interaktiv və analitik müstəviyə daşınmışdı. Dərs zamanı şagirdlər yalnız dinləyici deyil, eyni zamanda prosesin aktiv iştirakçısı idi. Müəllim Mehriban Çələbiyeva ilə söhbətimiz zamanı o bildirdi ki, məqsəd sadəcə mövzunu çatdırmaq deyil, şagirdin onu dərk etməsinə şərait yaratmaqdır. Onun sözlərinə görə, fotosintezin həm daxili, həm də xarici amillərlə bağlılığını qrafiklər və praktik tapşırıqlar üzərində işləməklə izah etmək şagirdlərin mövzunu daha dərindən mənimsəməsinə kömək edir.
Digər bir maraqlı dərs isə fizika fənnindən təşkil olunmuşdu. “Səs” mövzusuna həsr edilən bu dərsdə müəllim Ruhiyyə xanımın tətbiq etdiyi yanaşma diqqət çəkirdi. Dərs klassik formada deyil, musiqi alətləri üzərində qurulan praktik fəaliyyətlərlə aparılırdı. Şagirdlər səsin yaranması, yayılması və tezliyi kimi anlayışları yalnız nəzəri deyil, real müşahidə və təcrübə əsasında öyrənirdilər. Ruhiyyə müəllimə ilə söhbət zamanı o qeyd etdi ki, bu cür praktiki yanaşma səs və səs dalğalarının necə formalaşdığını, mühitdən asılı olaraq necə dəyişdiyini şagirdlərə daha aydın və yadda qalan formada çatdırmağa imkan verir.
Açıq dərslər sırasında tarix müəllimi Zaur Kərimlinin dərsi də diqqətçəkən məqamlardan biri oldu. Dərsdə tarixi hadisələrə yalnız faktların təqdimatı kimi deyil, səbəb-nəticə əlaqələri üzərindən yanaşılırdı. Şagirdlər müzakirələrə cəlb olunur, müxtəlif dövrlər arasında paralellər apararaq öz fikirlərini əsaslandırmağa çalışırdılar. Zaur müəllimlə söhbətimiz zamanı o vurğuladı ki, əsas məqsəd şagirdlərə tarixi əzbərlətmək deyil, onları düşünməyə və hadisələri təhlil etməyə yönəltməkdir. Onun sözlərinə görə, bu yanaşma şagirdlərdə tənqidi düşüncə və analitik təhlil bacarıqlarının formalaşmasına xidmət edir.
Tədbirin təşkilində və ümumi atmosferin formalaşmasında liseyin könüllü şagirdlərdən ibarət komandası da xüsusi rol oynayırdı. Gün ərzində müşahidə etdik ki, könüllülər qonaqları böyük nəzakətlə qarşılayır, onları siniflərə yönləndirir və keçirilən dərslər haqqında ətraflı məlumat verirdilər. Onların ünsiyyət bacarıqları və məsuliyyətli yanaşması liseydə formalaşmış müsbət dəyərlərin bariz nümunəsi idi. Könüllülərə rəhbərlik edən Elmina Əliyeva müəllim bizimlə söhbətdə qeyd etdi ki, bu fəaliyyət şagirdlərin yalnız akademik deyil, sosial inkişafına da mühüm töhfə verir: “Biz çalışırıq ki, şagirdlər özlərini cəmiyyətin fəal üzvü kimi hiss etsinlər, təşəbbüskar olsunlar və məsuliyyət daşımağı öyrənsinlər”.
Fiziki tərbiyə dərsində isə tamam fərqli bir mühit vardı. “Şən startlar” adlı yarışlar bu dəfə valideynlərin də iştirakı ilə təşkil olunmuşdu. İdman müəllimləri Xəyalə Məmmədova və Şamil İsmayılzadənin rəhbərliyi ilə keçirilən oyunlarda valideyn və şagirdlərin eyni komandada mübarizə aparması maraqlı anlarla yadda qaldı. 7”c” sinfinin rəhbəri Nərgiz Tağıyeva bildirdi ki, valideynlərin bu cür fəallığı uşaqlarda həm motivasiya yaradır, həm də məktəbə bağlılığı artırır. Onun fikrincə, bu əməkdaşlıq təhsilin keyfiyyətinə birbaşa təsir edən əsas amillərdəndir.
Valideynlərdən Xuraman Məlikova dedi ki, “Açıq qapı” gününə hazırlıq prosesi valideynlər tərəfindən böyük həvəslə qarşılanıb. Onun sözlərinə görə, valideynlər bu cür tədbirləri yalnız izləyici kimi deyil, məktəb həyatının bir parçası kimi qəbul edirlər: “Biz bu günə xüsusi həvəslə hazırlaşdıq. Çünki bu, övladlarımızın təhsil aldığı mühiti daha yaxından görmək, onların uğurlarına birbaşa şahid olmaq imkanı yaradır. Məktəbdə valideynlərin fikirləri hər zaman nəzərə alınır, maraqlarımız yüksək səviyyədə qiymətləndirilir. Bu da bizi məktəblə daha sıx əməkdaşlığa sövq edir”.
Tədbir çərçivəsində keçirilən intellektual yarışlardan sonra təşkil olunan "dəyirmi masa" müzakirələrində də iştirak etdik. Mingəçevir şəhər təhsil sektorunun müdiri Rüstəm Aslanov bizimlə söhbətində qeyd etdi ki, bu cür açıq formatlı tədbirlər məktəblərin fəaliyyətinə ictimai nəzarəti artırmaqla yanaşı, tədris keyfiyyətinin yüksəldilməsinə də ciddi təkan verir.
Liseyin direktoru Nailə Məmmədova isə tədbirin əsas ideyasını bizimlə bölüşərkən vurğuladı ki, məqsəd valideynləri və qonaqları məktəbin gündəlik həyatına daxil etməkdir: “Biz istəyirik ki, hər kəs məktəbin bir gününü bizimlə birlikdə yaşasın, dərsləri, mühiti, müəllim əməyini yaxından görsün”.
Ümumilikdə, Mingəçevir Texniki humanitar liseyində keçirilən “Açıq qapı” günü bir daha göstərdi ki, müasir məktəb modeli yalnız dərs demək deyil – öyrətmək, düşündürmək, əməkdaşlıq qurmaq və inkişaf etdirməkdir.



